Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda yaranan böyük tıxaclara etiraz etmək üçün sürücüləri səs-küy salmağa çağırıb.
Modern.az xəbər verir ki, Anna Akopyan bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.
O bildirib ki, İrəvanda fəlakətli vəziyyət alan tıxaclarla bağlı əvvəlki açıqlamasından sonra yüzlərlə insan ona məktub yazaraq bu problemi gündəmə gətirdiyinə görə təşəkkür edib.
“İnsanlar deyirlər ki, nəhayət, kimsə cəsarət tapıb bu barədə danışdı. Deməli, hər gün yüz minlərlə insan İrəvanın tıxaclarında əziyyət çəkir və bu narazılığı ifadə etmək üçün cəsarət lazımdır?” – deyə o bildirib.
Anna Akopyan xüsusilə qadın sürücülərə müraciət edərək artıq susmamağın və narazılıqlarını açıq şəkildə ifadə etməyin vaxtı çatdığını vurğulayıb.
“Əziz qadın sürücülər, yadınızdadır ki, biz artıq dözmürük. Bu, təkcə evin dörd divarı arasında baş verənlərə aid deyil. Avtomobillərinizdə səs-küy yaratmaq üçün əşyalar saxlayın. Tıxacda saatlarla qaldığınız hər dəfə yüksək səslə səs-küy salın ki, bu vəziyyəti həll etmək üçün beynini işə salmalı olan şəxslər sizi eşitsinlər”, – deyə Paşinyanın həyat yoldaşı çağırış edib.
O, daha cəsarətli kişiləri də bu etirazlara qoşulmağa dəvət edib.
“Dövlət qurumları insanların dilə gətirməyə cəsarət etmədiyi narazılığı heç vaxt eşitmirlər. Buna görə də, narazılığınızı mümkün qədər ucadan bildirin”, – deyə Akopyan əlavə edib.
Anna Akopyan İrəvandakı tıxacların səbəbləri ilə bağlı mümkün müzakirələrdə məsuliyyətin əvvəlki hakimiyyətin üzərinə qoyula biləcəyini də istisna etməyib.
Onun sözlərinə görə, əgər son 30 ildə Ermənistan iqtisadiyyatı mütənasib şəkildə inkişaf etsəydi və avtomobillərin sayı həndəsi silsilə ilə deyil, tədricən artsaydı, bu gün ölkə paytaxtında belə vəziyyət yaranmazdı.