Paşinyanın yeni mandatı: Vaşinqtondan başlanan sülh prosesi

05.08.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan həlledici seçimin astanasında

Avqustun 2-də Ermənistanın IX çağırış parlamentinin ilk iclasının baş tutması ilə ölkədə yeni siyasi mərhələnin əsası qoyuldu. Seçici Paşinyana yalnız hökumət qurmaq üçün deyil, son illərdə başladığı, lakin hələ yekunlaşmayan prosesləri başa çatdırmaq üçün də mandat verib.

Bu gün həmin proseslərin mərkəzində Azərbaycanla sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin imzalanması, Ermənistan Konstitusiyasında zəruri dəyişikliklərin edilməsi, sərhədlərin hüquqi əsaslarla müəyyənləşdirilməsi, regional kommunikasiyaların açılması və Türkiyə ilə münasibətlərin tam normallaşdırılması dayanır. Məhz bu məsələlərin həlli Ermənistanın yaxın illərdə hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək.

Vaşinqtondan başlayan yeni missiya

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş tarixi görüşün birinci ildönümü tamam olur. Həmin sammit təkcə iki ölkə rəhbərinin növbəti görüşü deyildi. O, Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə kimi yadda qaldı. Vaşinqtonda aparılan danışıqlar bir daha göstərdi ki, tərəflər arasında dialoq davam edir və bölgənin gələcəyini qarşıdurma deyil, əməkdaşlıq üzərində qurmaq mümkündür.

Bu baxımdan yeni parlamentin fəaliyyətə başlaması Vaşinqtonda başlanan proseslərin davamı kimi də qiymətləndirilə bilər. Çünki artıq seçkilər başa çatıb, yeni hökumət formalaşıb və İrəvanın qarşısında duran əsas vəzifə əldə olunmuş siyasi imkanları konkret qərarlara çevirməkdir.

Seçici Paşinyandan nə gözləyir?

Seçkilərin nəticələri göstərdi ki, cəmiyyətin əhəmiyyətli hissəsi yeni qarşıdurma deyil, sabitlik və inkişaf istəyir. Son 5 ildə Ermənistan iqtisadi göstəricilərini müəyyən qədər yaxşılaşdırsa da, regional təcrid və bağlı sərhədlər ölkənin imkanlarını ciddi şəkildə məhdudlaşdırmaqda davam edir. Məhz buna görə də Paşinyanın qazandığı qələbəni yalnız daxili siyasətlə izah etmək doğru olmazdı. Erməni seçici faktiki olaraq ona belə bir tapşırıq verib: ölkəni uzun illər davam edən geosiyasi dalandan çıxarmaq, qonşularla münasibətləri normallaşdırmaq və regionda formalaşan yeni əməkdaşlıq mühitinə qoşulmaq.

Bu gün Ermənistan üçün ən böyük təhlükə və risk sülh imkanının növbəti dəfə əldən verilməsi olardı. Çünki bölgədə gedən iqtisadi və nəqliyyat prosesləri heç kəsi gözləmir. Yeni marşrutlar formalaşır, yeni layihələr həyata keçirilir, dövlətlər əməkdaşlıq imkanlarını genişləndirirlər. Ermənistan isə bu proseslərin tamhüquqlu iştirakçısına çevrilmək istəyirsə, ilk növbədə, qonşuları ilə münasibətlərini hüquqi müstəviyə keçirməlidir.

Sülhün sonuncu aşırımı

Vaşinqtonda sülh sazişinin paraflanması, yəni 2 tərəfin yekun sənədi imzalamadan təsdiqləməsi göstərir ki, tərəflər bütün məsələlərdə razılığa gəliblər. Lakin yekun imzanın atılması üçün hələ də prinsipial əhəmiyyət daşıyan məsələ qalır. Bu da Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi zəmin yaradan müddəaların aradan qaldırılmasıdır.

Bakı uzun müddətdir bəyan edir ki, gələcəkdə yeni hüquqi ziddiyyətlərin yaranmaması üçün bu məsələ elə indi həll edilməlidir. Əslində, söhbət təkcə ölkəmizin mövqeyindən getmir. Ermənistanın özü üçün də hüquqi və siyasi baxımdan ziddiyyətli vəziyyətin aradan qaldırılması vacibdir. Bir tərəfdən sülh sazişi imzalamaq, digər tərəfdən isə əsas qanunda başqa dövlətə qarşı iddiaları saxlamaq davamlı münasibətlər qurmaq baxımından məntiqi görünmür. Bu məsələyə qarşı çıxan qisasçı dairələr konstitusiya dəyişikliyini güzəşt kimi təqdim etməyə çalışırlar. Halbuki məsələ tamamilə fərqlidir. Ermənistan bu addımı, ilk növbədə, öz gələcəyi üçün atmalıdır. Çünki sülh sazişi yalnız Azərbaycanla münasibətləri normallaşdırmayacaq. O, Ermənistanın iqtisadi inkişafı, regional layihələrdə iştirakı və təhlükəsizliyi üçün də yeni imkanlar açacaq.

Regional əməkdaşlıq zərurəti

Vaşinqton sammitindən ötən dövr ərzində Cənubi Qafqazda baş verən proseslər bir daha göstərdi ki, region yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünya artıq Cənubi Qafqaza münaqişəli bölgə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika məkanı kimi baxır. Bu isə bütün region ölkələri üçün yeni imkanlar yaradır. Məhz bu baxımdan ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılmış TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsi də diqqət mərkəzindədir. Layihənin əsas məqsədi regionda sülhü möhkəmləndirməklə yanaşı, yeni iqtisadi əlaqələrin formalaşdırılmasına, yükdaşımaların genişlənməsinə və Cənubi Qafqazın qlobal ticarət marşrutlarında rolunun artmasına töhfə verməkdir.

Ermənistanın bu prosesdən kənarda qalması onun maraqlarına uyğun deyil. Əksinə, regional kommunikasiyaların açılması ölkəyə uzun illərdir istifadə edə bilmədiyi tranzit üstünlüklərini yenidən qazandırmaq imkanı verə bilər. Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması Ermənistanın Qara, Aralıq dənizləri və Yaxın Şərq istiqamətlərinə çıxış imkanlarını da genişləndirə bilər. Bu isə yalnız siyasi deyil, həm də iqtisadi baxımdan yeni dövrün başlanğıcı deməkdir.

Sərhədlərin müəyyənləşməsi sülhün davamlılığı deməkdir

Yeni parlamentin diqqət yetirməli və dəstək verməli olduğu digər mühüm məsələ Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin ardıcıl davam etdirilməsidir. Son illərdə əldə olunmuş razılaşmalar göstərdi ki, tərəflər siyasi iradə nümayiş etdirdikdə nəticə əldə etmək mümkündür. Ayrı-ayrı sərhəd sahələri üzrə görülən işlər də bunun praktik nümunəsidir. Bu prosesin başa çatdırılması gələcəkdə sərhəd insidentlərinin qarşısının alınmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və regionda sabitliyin güclənməsinə xidmət edəcək.

Burada diqqətçəkən başqa bir məqam da var. Delimitasiya və demarkasiya yalnız təhlükəsizlik məsələsi deyil. Hüquqi baxımdan dəqiq müəyyən edilmiş sərhədlər iqtisadi əlaqələrin inkişafı, nəqliyyat xətlərinin təhlükəsiz fəaliyyəti və sərhədyanı bölgələrin normal inkişafı üçün də vacib şərtdir. Buna görə də bu prosesin ləngiməsi heç bir tərəfin maraqlarına cavab vermir.

Ankara ilə normallaşma yeni imkanlar vəd edir

Yeni hökumətin qarşısında duran əsas vəzifələrdən biri də Türkiyə ilə münasibətlərin tam normallaşdırılmasıdır. İllərdir bağlı qalan sərhəd Ermənistan iqtisadiyyatına əlavə yük yaradıb, ölkənin regional bazarlara çıxışını məhdudlaşdırıb. Azərbaycanla sülh sazişinin imzalanması Türkiyə–Ermənistan münasibətlərinin də yeni mərhələyə keçməsinə şərait yarada bilər. Bu halda sərhədlərin açılması, ticarət dövriyyəsinin artması, investisiya imkanlarının genişlənməsi və yeni nəqliyyat marşrutlarının formalaşması Ermənistan iqtisadiyyatı üçün ciddi üstünlüklər vəd edir. Bu gün Ermənistanın ən böyük problemlərindən biri regional təcriddir. Həmin təcriddən çıxmağın yolu isə qonşularla normal münasibətlərdən keçir. Bunu nə beynəlxalq təşkilatlar, nə də üçüncü ölkələr Ermənistanın əvəzinə edə bilər. Son qərarı yalnız İrəvan verməlidir.

Qisasçılıq Ermənistanı yenə dalana dirəyir

Bütün bunların fonunda Ermənistanda hələ də köhnə düşüncə tərzindən əl çəkmək istəməyən qüvvələr mövcuddur. Parlamentdə təmsil olunan 2 müxalifət partiyası, keçmiş hakimiyyət nümayəndələri və müxtəlif qisasçı qruplar sülh prosesinə müxtəlif yollarla mane olmağa çalışırlar. Lakin son illərin təcrübəsi göstərir ki, qarşıdurma siyasəti Ermənistana nə təhlükəsizlik, nə də iqtisadi rifah gətirib. Əksinə, ölkə regional layihələrdən kənarda, sərhədlər bağlı qalıb, tranzit imkanlarından istifadə edə bilməyib. Bu gün də eyni yanaşmanın davam etdirilməsi Ermənistanı yenidən çıxılmaz vəziyyətə sala bilər. Qisas hissi ilə formalaşdırılan siyasət nə yeni sərmayə gətirəcək, nə də ölkənin inkişafını təmin edəcək. Əksinə, Ermənistanın dünya iqtisadiyyatına inteqrasiyasını daha da çətinləşdirəcək. Məhz buna görə yeni parlamentdə təmsil olunan müxalifət də məsuliyyət nümayiş etdirməlidir. Siyasi mübarizə demokratik prosesin ayrılmaz hissəsidir. Lakin dövlətin strateji maraqlarına aid məsələlərdə yalnız daxili siyasi rəqabəti düşünmək gələcək nəsillərin maraqlarına zidd ola bilər.

Tarixin seçim diktəsi

Bu gün Ermənistanın qarşısında bəlkə də son onilliklərin ən mühüm seçimi dayanır. Bu seçim təkcə Nikol Paşinyanın siyasi taleyi ilə bağlı deyil. Söhbət ölkənin gələcək inkişaf modelindən gedir. Əgər yeni hakimiyyət seçicinin verdiyi mandatı doğruldaraq konstitusiyada zəruri dəyişiklikləri həyata keçirsə, Azərbaycanla sülh sazişini imzalasa, delimitasiya və demarkasiya prosesini sürətləndirsə, TRIPP kimi regional təşəbbüslərdə fəal iştirak etsə və Türkiyə ilə münasibətləri normallaşdırsa, Ermənistan uzun illər davam edən regional təcriddən çıxa bilər. Bu halda ölkə yeni investisiyalar cəlb etmək, tranzit imkanlarını genişləndirmək, iqtisadi inkişafı sürətləndirmək və qonşuları ilə sabit münasibətlər qurmaq imkanı əldə edəcək. Əks halda isə bölgədə gedən proseslər yenə də davam edəcək.

Azərbaycan isə regionun əsas iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilmək istiqamətində ardıcıl addımlar atır və bu siyasəti davam etdirəcək. Kənarda qalmaq riski ilə üzləşən isə Ermənistan olacaq. Buna görə də bu gün İrəvanda veriləcək qərarlar təkcə növbəti 5 ilin deyil, bəlkə də növbəti onilliklərin taleyini müəyyən edəcək. Bu imkan düzgün dəyərləndirilərsə, Cənubi Qafqaz uzun illərdən sonra sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad məkanına çevrilə bilər. Əgər bu fürsət də əldən verilərsə, bundan ən çox zərər çəkən qeyd etdiyimiz kimi, yenə Ermənistan olacaq. Tarix bəzən dövlətlərə eyni imkanı 2 dəfə vermir. Görünən odur ki, İrəvan məhz belə bir məqamla üz-üzədir.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью