Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Cenevrə, 31 yanvar, AZƏRTAC
Xəzər dənizində suyun səviyyəsinin azalmasına səbəb olan amilləri anlamaq çox vacibdir. Bu sahədə yaxşı elmi anlayışımız var. Ən doğru addımları ata bilmək üçün məlumatları və informasiyanı paylaşmalıyıq ki, Xəzər dənizinin davamlı inkişafı üçün düzgün yol müəyyən edək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Ətraf Mühit Proqramının Qlobal Resurs İnformasiya Məlumat Bazasının (GRID Geneva) direktoru Paskal Peduççi deyib. BMT-nin Cenevrədə təşkil olunmuş “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələrinə qatılan ekspert bildirib ki, müzakirə olunan mövzular çox maraqlıdır, çünki artıq Xəzər dənizi ilə bağlı fəaliyyətə keçməyin vaxtıdır: “Artıq görürük ki, Xəzər dənizi kiçilir, su səviyyəsi aşağı düşür. Suyun səviyyəsi azalır və əgər bu azalma səkkiz metrə çatsa, Xəzər dənizinin üçdə birini itirəcəyik. Bu, əlbəttə ki, getmək istədiyimiz yol deyil”.
O, həmçinin qeyd edib ki, bu problem həm də plastiklərlə, çirklənmənin azaldılması ilə bağlıdır. Görülməli tədbirlər yaxşı məlumdur: harada olduğumuzu, hara getmək istədiyimizi bilməli və indi hərəkətə keçməliyik. Üstəlik, bu prosesləri dəstəkləyə biləcək alətlərimiz var. Biz bu alətlərdən Aralıq dənizi və Karib hövzəsində plastiklərin idarə olunması və iqlim dəyişikliyinin təsirlərinin idarə edilməsi üçün istifadə edirik. Eyni alətləri Xəzər dənizi üçün də tətbiq edə bilərik.”
P. Peduççi yekunda qeyd edib ki, rəhbərlik etdiyi qurum Xəzər dənizi hövzəsinin ətraf mühitinin yaxşılaşdırılması üçün dəstək göstərməyə və konkret addımlar atmağa məmnuniyyətlə hazırdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə