Payız gəldi, evlərdə bu problem başladı Səbəb heç də sadə deyil

16.09.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yay boyu görünməyən problem payızın ilk yağışları və sərin havaları ilə üzə çıxa bilər. Əvvəlcə pəncərənin kənarında kiçik qara ləkə, daha sonra divarın bir hissəsində qaralma, bir neçə həftə sonra isə otağa yayılan ağır qoxu... Söhbət mənzillərdə kif və rütubət problemindən gedir.

“Yeni Sabah” xəbər verir ki, xüsusilə köhnə binalarda, birinci mərtəbələrdə, zirzəmiyə yaxın mənzillərdə və havalandırması zəif olan evlərdə payız-qış aylarında bu problem daha çox özünü göstərir. Məsələ yalnız divarın görüntüsünün korlanması ilə bitmir. Kifin yaranması mənzildə rütubətin yüksək olduğunu və divarların, pəncərələrin və ya digər səthlərin uzun müddət nəm qaldığını göstərir.

Bəs niyə məhz payızda? Pepperoni pizza

Hava soyuduqca mənzildəki isti və nəmli hava soyuq səthlərlə təmasda olduqda su damcıları əmələ gələ bilər. Buna kondensasiya deyilir. Pəncərələrdə su yığılması, divarların künclərinin nəm qalması və mebelin divara həddindən artıq yaxın yerləşdirilməsi problemin artmasına şərait yarada bilər. Payızda pəncərələrin daha az açılması da havalandırmanı zəiflədir. Yemək bişirmək, duş qəbul etmək, paltar qurutmaq və hətta gündəlik nəfəsalma nəticəsində evdə yaranan rütubət kifayət qədər xaric olmadıqda havadakı nəmlik artır.

Bakıda külək və rütubətli hava şəraiti də məsələnin başqa tərəfidir. Abşeronun geoloji xüsusiyyətləri və yağış sularının torpağa hopması ilə bağlı problemlər bəzi ərazilərdə nəmlik məsələsini daha mürəkkəb edir.

Kirayə mənzillərdə isə vəziyyət daha maraqlıdır. Çünki divarda kif yarananda məsuliyyətin kimdə olduğu sualı ortaya çıxır. Ev sahibi bunu binanın problemindən, kirayəçi isə mənzilin havalandırılmamasından qaynaqlanan məsələ kimi qiymətləndirir.

Əslində kifin səbəbini müəyyənləşdirmədən divarı sadəcə rəngləmək problemi həll etmir. Əgər divarın içindən nəmlik gəlirsə, su borusunda sızma varsa, damdan və ya zirzəmidən nəmlik qalxırsa, yaxud divar daim soyuq qalırsa, səthi təmizləmək yalnız müvəqqəti nəticə verir.

Köhnə binalarda xüsusilə birinci və sonuncu mərtəbələr ayrıca araşdırılmalıdır. Birinci mərtəbədə zirzəmidən gələn nəmlik, sonuncu mərtəbədə isə dam örtüyünün vəziyyəti divarlarda rütubət yaranmasına səbəb olur. Xarici divarların istilik izolyasiyasının zəif olması da soyuq səthlərin yaranmasına gətirib çıxara bilər.

İstilik məsələsi də burada önə çıxır. “Azəristiliktəchizat” ASC-nin məlumatına görə, bəzi mənzillərdə otaqların lazımi səviyyədə isinməməsinin səbəbi mənzildaxili istilik xətlərində nasazlıq və ya hava tıxacları, həmçinin bina daxilində istilik şəbəkəsinin balanssızlığı ola bilər. Qurum bildirir ki, mənzildaxili istilik avadanlıqlarının texniki qulluq və təmiri mülkiyyətçinin məsuliyyətindədir.

Bu səbəbdən payızda evdə kif yaranırsa, ilk növbədə onun haradan gəldiyini, necə yarandığını müəyyənləşdirmək lazımdır. Divarın hansı hissəsində yarandığı, həmin divarın binanın xarici hissəsinə baxıb-baxmadığı, arxasında boruların olub-olmaması, zirzəmi və ya damla əlaqəsinin olub-olmaması araşdırılmalıdır.

Mütəxəssislər üçün daha bir vacib məqam isə havalandırmadır. Mənzildə havanın daim dəyişməsi rütubətin yığılmasının qarşısını almağa kömək edir. Xüsusilə hamam və mətbəxdə havalandırma sistemlərinin işlək olması vacibdir.

Sağlamlığa da təsir edir

Kif problemi yalnız evin görünüşünü korlayan məsələ deyil, sağlamlığa da təsir göstərir. Kifdən ayrılan sporlar havaya yayıldıqda xüsusilə allergiyası və tənəffüs yolları həssas olan insanlarda burun tutulması, asqırma, öskürək və gözlərdə qıcıqlanma yaradır. Uzun müddət nəmli və kifli mühitdə qalmaq astma əlamətlərinin güclənməsinə də səbəb olur.  Buna görə də divardakı kif sadəcə silinməməli, onun yaranmasına səbəb olan rütubət, su sızması, havalandırma və istilik problemi də müəyyənləşdirilərək aradan qaldırılmalıdır.

Payız aylarında mənzildə yaranan qara ləkələrə adi çirk kimi yanaşmaq düzgün deyil. Kifin qarşısını almaq üçün ev mütəmadi havalandırılmalı, yüksək rütubətin mənbəyi müəyyən edilməli və xüsusilə köhnə binalarda zirzəmi, dam, borular və istilik sistemi yoxlanılmalıdır. Kirayə mənzildə bu problem yaranarsa, təmirə başlamazdan əvvəl səbəbin bina ilə, yoxsa mənzildaxili şəraitlə bağlı olduğu dəqiqləşdirilməlidir.

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью