Milli.az saytına istinadən Icma.az xəbər verir. Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır.
Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Bu fəsildə daha çox rast gəlinən xəstəliklərə qrip (influenza), respirator virus infeksiyaları, bronxit, tonzillit kimi tənəffüs yolları infeksiyaları daxildir.
Xəstəliklərin artmasının əsas səbəbi havanın temperaturunun aşağı düşməsi, bu hava şəraitinə uyğun infeksiyaların üstünlük qazanması və insanların qapalı mühitlərdə daha çox vaxt keçirməsi ilə bağlıdır.
Viruslar qapalı məkanlarda daha sürətlə yayıldığı üçün yoluxma riski artır.
Hər mövsümdə qripə yoluxma halları olsa da payız-qış aylarında daha geniş formada yayılır.
Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə malik olduğuna görə, əsasən tənəffüs yolları infeksiyalarını törədirlər.
Hər mövsümdə isə xəstəliyin yeni mutasiya uğramış versiyası ilə tanış oluruq. Qrip insanlara hava damcı yolu ilə yoluxur.