Payıza yazılan ömür: Şahin Allahyarov

22.09.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dos.Dr. Aqil ƏHMƏDOV

[email protected]

Payız – bu ifadə ilk andan insanı düşüncələrə qərq edir. Sərin meh əsdikcə, saralmış və bir qədər də qızarmış, qızılı yarpaqların ayaqlar altında qalan xışıltısı və ətrafa yayılan xoş rayihəsi insanı kövrək ovqata kökləyir. Yayın son çırpınışları olan payız – kimi üçün dirilik, kimi üçün hesabat, bizim üçün şəhidlərimizin anım fəslidir. Həm də 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlanmasından ötən altı illik hüzn və qürur günü.  

İndi əziz Şahinin Qubanın Zizik kəndində ziyarət olunan mübarək məzarı üzərində, Şah dağının gümrah və həzin nəğmə kimi əsən rüzgarının gətirdiyi payız yarpaqları şəhid ruhunun sanki yeniləndiyini əks etdirir. Şahinlər bütün fəsillərdə Şahindir – duruşu, aləmi seyr edişi, yüksək zirvələrdə qanad çalması onların Vətənin hər dağına, hər daşına bələd olduğunu, canından keçərək Azərbaycan boyda məmləkəti yaşatdıqlarını bizlərə bir daha xatırladır.

Döyüş yolu payızla başlayan şəhidimizin duyğuların dil açıb insana xitab etdiyi bu fəsildə, Vətənin müdafiəsinə qalxması, Qarabağın qaynar səngərlərində yazdığı payız qoxulu tarix şəhadətə ucaldığı 31 oktyabradək şərəfli yol keçmişdir. Həmin yol hazırda Şahinin qəhrəmanlıq məktəbi olub, onun aşıladığı milli və mənəvi dəyərlər ətrafında vətənpərvər gənclərin yetişməsində əhəmiyyətli rol oynayır.

Hüznün, kədərin, eləcə də Zəfərin carçısı olan 27 sentyabr tarixi bu baxımdan hər bir azərbaycanlının yaddaşına hopan mühüm tarix kimi hələ uzun illər, bəlkədə uzun əsrlər yaşayacaq, Şahinlərimizin ölmədiyini, cismani varlığının Vətən torpağında uyuduğunu, hər daim diri olduqlarını göstərəcək.

Bu yerdə, şair Sabir Abdinin şəhid analarının oğul həsrətini dilə gətirən və payız nəğməsitək ruhu oxşayan “Hardasan oğlum ?” şeiri, şəhid anası Nərgiz Allahyarovanın timsalında qəhrəman oğullar yetişdirmiş Azərbaycan analarının nəmli gözlərini, yorğun illərini bir anlıqda olsa canlandırır:

Yenə payız gəldi, yenə də yoxsan,

Sənsiz gözlərini açmır səhərim.

Yağır saçlarıma yarpaq yağışı,

Dönür buludlara qəmim, qəhərim

Yenə payız gəlib, hardasan, oğlum ?

Səni soraqlayır evim-eşiyim.

Şəklini asmışam ürəyim üstə,

İndi gözlərimdi sənin beşiyin.

İlahi bütün fəsilləri gözəl yaradıb, lakin payıza bir başqa ruh verib. İnsanı yeniləyən, özünə qaytaran və dərindən düşündürən payız şəhidlərimizi yad edir və kövrək addımları ilə həyatımıza rəng qatır. Bu fəsil şəhid ömrünə yazılan bir yazı kimi şair ruhunu həmin illərə qaytarır. Şahinin şəhdi ömrünə yazılan növbəti 2026-cı ilin payızı isə bizə həm fəxarət, həm də hüzün gətirir. İkisi bir arada, payıza çox bənzəyir Şahin ömrü.  

Vətən Müharibəsi Qəhrəmanı yüksək adı ilə bir doğulan Şahin hələ məktəbli, yeniyetmə illərindən qarşısına məqsəd qoymuş və hədəfə doğru addım-addım irəliləmişdir. Bu addım onu ali məqama, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması və qorunması kimi məqsədə çatdırmışdır. Hədəfə aparan yol hamar olmamış, azmış düşmənlə üz-üzə mübarizə meydanlarında qəhrəmanlıq dastanı yazmışdır.

Sanki Vətən oğlunun adı, sədası Qarabağın uca dağlarında, onun mürəkkəb relyefi və keçilməz meşələrində duyulur. Sanki şəhidin döyüş dostları, silahdaşları ilə danışdığı həmin səslər qulaqlarımızda bir anlıq Şahinin Vətən harayını, kükrəyərək düşmənə aman vermədiyini bizlərə xatırladır və bir daha həmin şücaətlərlə zəngin döyüş səhnələri gözlərimizin önündə canlanır.

2020-ci ilin 27 sentyabr tarixi Şahinin əslində səbrsizliklə gözlədiyi an idi. O gün hər kəs nigaran ikən Şahin sevinir, tezliklə düşmənin başını əzəcəyi o tarixi anlara şahidlik etməyə, arzusunu reallaşdırmağa tələsirdi və buna da nail oldu. İşğalçılara qan uddurdu, sərhəd kəşfiyyatçısı, xüsusi təyinatlı kimi onun keçdiyi peşakar təlim və tədris kursları, Vətən oğlunun yüksək fiziki və psixoloji hazırlığı ilə digərlərindən gün kimi fərqləndiyini, xüsusilə müharibə dövründə qrup komandirlərinin diqqətindən yayınmadığını təsdiq etdi.

Şahinin çevikliyi, stres anında soyuqqanlılığı, ağır iqlim şəraitinə dözümlülüyü, az qida ilə yetinərək Şuşaya doğru irəliləməsi, yüksək çəkili silahları asanlıqla daşıması və onlardan professional istifadəsi, uzun məsafələr qət edərək hədəfə çatması komandir və döyüş yoldaşlarının müsahibələrində geniş əks-səda doğurmuş, qəhrəmanlığı dillərə dastan olmuşdur.

Bir payız səhəri, Zəfərin başlanğıc tarixi 27 sentyabr Şahini beləcə sevənlərindən uzaqlara, Vətənin füsunkar təbiəti ilə tanınan Qarabağ bölgəsinə – Füzuliyə, Cəbrayıla, Hadruta, Xocavəndə, Şuşaya və digər qaynar döyüşlərin getdiyi ərazilərinə apardıki o, düşməndən hələ məktəbli ikən söz verdiyi qisasını alsın. Bu səbəbdən, “qisas qiyamətə qalmaz” fikri tam yerinə düşdü və Şahin silahdaşları ilə birlikdə I Qarabağ daxil omaqla, şəhidlərimizin qanını yerdə qoymadı. Onun kimi yüzlərlə oğullarımız Vətənin müdafiəsinə qalxmış və qələbə qaçılmaz olmuş, düşmən xeyli sayda itki verərək, leşlərini meydanda qoyaraq qaçmış, bununla da Qarabağın həqiqi sahiblərinin Azərbaycan xalqı olduğunu etiraf etməli olmuşdur.

Şahinin adının yaşaması məqsədilə dövlət tərəfindən atılan addımlar, böyüyüb boya-başa çatdığı kəntdə xatirəsini yaşadacaq işlərin görülməsi, əlamətdar günlərdə və müxtəlif vaxtlarda gənclər, tələbələr, şagirdlər, DSX nümayəndələri, QHT üzvləri və s. səviyyədə məzarının hər daim ziyarət olunması, anım və mövlud mərasimlərinin təşkil olunması şəhidin unudulmadığını, eləcə də bütün şəhidlərimizin ayrı-ayrı bölgələrdə yad olunduqlarını göstərir.

Payız təravətli Azərbaycan şəhidləri, Şahinlər gələcək nəsillərə nümunə olmaqla yanaşı, ömür və döyüş yolunun öyrənilməsinə marağın illər ötdükcə azalmaması, əksinə haqqında maarifləndirici məqalələrin yazılması şəhid mövzusunun hər zaman öndə durduğunu təsdiq edir.

Qəhrəman Şahin Allahyarov qısa, lakin şərəflə yaşadığı payız ömründə sosial faydalı vətəndaş kimi yetişməyin mümkün olduğunu göstərdi. O, nəinki ailəsi, əzizləri, qohumları, hər kəs üçün fədakar olacaq qədər yüksək əxalq sahibi və səxavətli, dürüst Vətən oğlu idi.

Şəhadət dərəcəsinə ucalan Şahinlər qaynayan bulağa bənzəyir. Yerin dərinliklərindən qaynayıb çıxdıqca, axdıqca daha da durulur, saflaşır və faydalı olurlar. Onlar bitməz, tükənməz mənbədən qidalandıqları üçün qurumaz, cismani yoxluqları belə, gənclərin mənəvi tərbiyəsində, hünər məktəbinin öyrənilməsində az əhəmiyyət daşımır.

Şəhidlər var olduqca vətənimiz Azərbaycan Respublikası yaşayacaq, dövlətlər arasında söz sahibi olacaq və gələcəyə inamla addımlayacaq. Şahinlərimizin kövrək xatirələri isə əzizlərinin, xalqının yaddaşında dünya durduqca yaşayacaq.                   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью