Payızda niyə daha çox yoruluruq? Həkim AÇIQLADI

29.09.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Payızın gəlişi ilə əhval-ruhiyyənin aşağı düşməsi, yuxululuq və enerji itkisi müşahidə oluna bilər. Lakin bu əlamətlər hər zaman depressiya anlamına gəlmir.

Redaktor.az xəbər verir ki, bunu psixoterapevt İrina Kraşkina bildirib.

Onun sözlərinə görə, gündəlik dildə “payız depressiyası” ifadəsindən istifadə olunsa da, mütəxəssislər daha çox mövsümi affektiv pozğunluq anlayışına müraciət edirlər. Bu zaman simptomlar müntəzəm olaraq payız və qış aylarında ortaya çıxa bilər.

Həkim qeyd edib ki, gün işığının azalması, yuxu rejimində dəyişikliklər, fiziki aktivliyin azalması və açıq havada daha az vaxt keçirilməsi bu vəziyyətin yaranmasına təsir göstərə bilər.

Kraşkina bildirib ki, gün işığı bioloji saatın və yuxunun tənzimlənməsində mühüm rol oynayır. Gün ərzində işıqlı vaxtın azalması yorğunluq, çox yatmaq və diqqəti cəmləməkdə çətinlik kimi hallara səbəb ola bilər. Stress və il ərzində toplanan yorğunluq da bu prosesdə rol oynaya bilər.

Psixoterapevt vurğulayıb ki, bir neçə buludlu gün və axşamlar evdə qalmaq istəyinin yaranması mütləq depressiyadan xəbər vermir. Lakin əlamətlər həftələrlə davam edərsə, buna diqqət yetirmək lazımdır.

Davamlı kefsizlik və ya əsəbilik, əvvəllər maraq göstərilən fəaliyyətlərə marağın azalması, güclü yorğunluq, yuxu və iştaha pozğunluqları, diqqətin cəmlənməsində çətinlik və çarəsizlik hissi müşahidə olunarsa, mütəxəssisə müraciət etmək tövsiyə edilir.

Həkim özünəyardım tədbiri kimi gündüz saatlarında, xüsusilə səhərlər açıq havada daha çox vaxt keçirməyi, müntəzəm yuxu rejiminə riayət etməyi, fiziki aktivliyi qorumağı və sosial ünsiyyətdən uzaqlaşmamağı məsləhət görüb.

Onun sözlərinə görə, gün ərzində qısa gəzinti belə faydalı ola bilər. Vəziyyət pisləşdikdə isə özbaşına müalicə aparmaq əvəzinə mütəxəssisə müraciət etmək lazımdır. Mövsümi affektiv pozğunluq zamanı həkim psixoterapiya, işıq terapiyası və ya dərman müalicəsi tövsiyə edə bilər.

“Payızın özü insanı depressiyaya salmır, lakin mövsümi dəyişikliklər rifaha təsir edir. Əgər pis vəziyyət uzanırsa və həyatınıza mane olursa, peşəkar kömək almağın vaxtıdır”, - deyə psixoterapevt bildirib.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью