Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Yay mövsümü yavaş-yavaş başa çatır və payız fəslinə qədəm qoyuruq. Yay aylarında səyahət etməyi sevənlərlə yanaşı, payızda istirahətə üstünlük verən insanlar da az deyil. Mülayim hava şəraiti və daha sakit turizm mövsümü payız aylarını səyahət üçün əlverişli seçimə çevirir.
Bəs insanlar payız fəslində səyahət üçün hansı ölkələrə üstünlük verirlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Nizami Həsənov bildirdi ki, yay mövsümünün bitməsi heç də turizmin başa çatması, zəifləməsi və ya turist axınının azalması anlamına gəlmir. Onun sözlərinə görə, əksinə, bir çox turistik istiqamətlərdə yay mövsümündən sonra, xüsusilə payız aylarında daha yüksək mövsüm yaşanır və turist axınının artması müşahidə olunur:
"Eyni qaydada, turistlərimizin də bir çoxunun səyahət planları yay aylarından sonra, xüsusilə payız mövsümünə təsadüf edir. Payız ayları səyahət planlaşdırmaq üçün kifayət qədər əlverişli mövsümdür. Payız aylarında bir neçə istiqamət var ki, burada da müəyyən mövsümi xüsusiyyətlər müşahidə olunur. Bu istiqamətlərdə payız ayları da yüksək mövsüm hesab edilir. Bundan əlavə, yay mövsümü başa çatdıqdan sonra aviabiletlərin qiymətində hiss olunacaq dərəcədə azalma müşahidə edirik. Bu, bir çox dünya aviaşirkətlərində tətbiq olunan və artıq formalaşmış bir praktikadır. Bir çox istiqamətlərdə yüksək mövsüm başa çatdıqdan sonra, xüsusilə oktyabr ayının ikinci yarısından etibarən aşağı mövsüm başladığı üçün hotellərin qiymətlərində də müəyyən ucuzlaşma müşahidə olunur. Bundan əlavə, payız ayları sağlamlıq turizmi üçün də əlverişli mövsüm hesab olunur. Sanatoriyalar və digər sağlamlıq turizmi müəssisələrində müalicə və istirahət üçün bu aylara üstünlük verilir. Bu baxımdan payız ayları sağlamlıq turizmi istiqamətində də yüksək mövsüm hesab oluna bilər".
NURİYYƏ