Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur.
Milli.Az xəbər verir ki, yuxudan əvvəl otağı qısa müddətə havalandırmaq vacibdir. Təmiz hava otağın havasını yeniləyərək daha rahat yuxu mühiti yaradır. İlıq duş qəbul etmək də bədənin rahatlamasına və yuxuya daha asan getməyə kömək edə bilər.
Mütəxəssislər yatmazdan əvvəl telefon və televizordan mümkün qədər uzaq durmağı məsləhət görürlər. Ekranlardan yayılan işıq yuxu rejiminə təsir göstərə bilər. Bundan əlavə, gec saatlarda ağır və yağlı yeməklərdən uzaq durmaq, axşam qidalanmasına diqqət yetirmək də əhəmiyyətlidir.
Yatmazdan əvvəl kofeinsiz bitki çayı və ya ilıq süd içmək rahatlamağa kömək edə bilər. Eyni zamanda, yataq otağının temperaturunu normal səviyyədə saxlamaq, həddindən artıq isti və ya soyuq mühitdə yatmamaq tövsiyə olunur.
Digər vacib məqam isə yuxu saatlarının sabit saxlanılmasıdır. Hər gün eyni vaxtda yatıb oyanmaq orqanizmin bioloji ritminin qorunmasına müsbət təsir göstərir.
Bu sadə vərdişlərə əməl etmək payız mövsümündə yuxu keyfiyyətini yaxşılaşdırmağa, günə daha gümrah və enerjili başlamağa kömək edə bilər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)