Payızın sevilən neməti ilə bağlı TƏHLÜKƏ SİQNALI

05.11.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Göbələk seçərkən və istehlak edərkən diqqətli olmaq lazımdır. Tanış olmayan, köhnəlmiş və şübhəli göbələklərin istifadəsi ağır zəhərlənmələrə, hətta insan həyatı üçün təhlükəli hallara səbəb ola bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, göbələklər zülallar, fermentlər, bitki şəkərləri, A, B, C və D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink kimi minerallarla zəngindir. Bununla belə, göbələklər həzmi çətin olan qidalar sırasına daxildir və onların yığılması, saxlanması, daşınması və emalı zamanı qaydalara əməl edilməməsi sağlamlıq üçün ciddi təhlükə yarada bilər. pizza hut

AQTA-nın məlumatına görə, papaqlı göbələklərin tanınan 3000 çeşidindən yalnız 400-ə yaxını yeməlidir. Zəhərlənməyə səbəb ola biləcək əsas hallar arasında tanış olmayan və şübhəli göbələklərin yığılması, qurdlu, çürümüş və köhnəlmiş məhsulların istifadəsi, keyfiyyətsiz qablaşdırma, şəxsi gigiyena qaydalarının pozulması və hazır yeməklərin uyğun olmayan temperaturda saxlanılması yer alır.

Qeyd olunub ki, göbələklərin spirtli içkilərlə birlikdə istehlakı da arzuolunmazdır. Məhsulun bişirilməsi və digər üsullarla emalı zəhərlənmə riskini tamamilə aradan qaldırmır.

Agentlik xüsusilə konservləşdirilmiş göbələklərlə bağlı ehtiyatlı olmağa çağırıb. Belə məhsulların qapalı qabda uzun müddət saxlanılması botulizm təhlükəsi yarada bilər. Buna görə də konservləşdirmə texnologiyasına və gigiyena qaydalarına ciddi əməl edilməli, mənşəyi məlum olmayan, kortəbii şəkildə və ya keyfiyyət sertifikatı olmadan satılan konservləşdirilmiş göbələklər istehlak edilməməlidir.

AQTA göbələkdən zəhərlənməyə dair ilk şübhə yarandığı halda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib.

Agentlik vətəndaşlara göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı qaydalarına ciddi riayət etməyi tövsiyə edir.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью