Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə Valideyn konfranslarına start verilib.
Newscenter.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində ilk görüş Yasamal, Nəsimi və Nizami rayonları üzrə təşkil olunub.
Konfransda MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə, BŞTİ-nin struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları və valideynlər iştirak ediblər.
Tədbir Dövlıt Himninin səsləndirilməsi ilə başlayıb.
MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova məktəb və ailənin bir-birini tamamlayan vahid komanda olduğunu, uşaqların biliklərə yiyələnməsi və sağlam şəxsiyyət kimi formalaşmasında valideyn dəstəyinin əvəzsiz rol oynadığını bildirib. Müasir dövrün çağırışlarına uyğun nəsil yetişdirmək, şagirdlərin psixoloji sağlamlığını qorumaq və asudə vaxtlarının səmərəli təşkilində məktəb-valideyn əməkdaşlığının vacibliyini vurğulayan N.Hüseynova valideynlərin fikir və təkliflərinin ümumi işin daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev çıxış edərək şagirdlərin sağlam həyat tərzi, düzgün qidalanması və gündəlik rejiminin təşkili, yeniyetməlik dövründə olan risklərdən qorunması üçün ailədaxili sağlam ünsiyyətin və valideyn nəzarətinin vacibliyindən danışıb, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması, onların internet resurslarından təhlükəsiz istifadəsini təmin etmək üçün valideynlərin rəqəmsal savadlılığının artırılmasının önəmindən söz açıblar.
Bakı şəhəri 71 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini, psixoloq Səidə Əhmədova “Uşaqların zorakılıqdan və bulinqdən müdafiəsində ailənin və məktəbin birgə məsuliyyəti” və “Yeniyetmələrin psixoloji sağlamlığı, emosional inkişafı və ailə mühitinin uşaqların davranışına təsiri” mövzularında təqdimatla çıxış edib, valideyn və müəllim əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti barədə nümunələr əsasında fikirlərini bölüşüb.
Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynlərin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.
Valideyn konfranslarının paytaxtın bütün inzibati rayonları üzrə təşkil olunması nəzərdə tutulur.
Ruhiyyə Mehdiyeva