Paytaxt qış mövsümünə necə hazırlaşıb?

20.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Şəhər təsərrüfatının imkanları və kommunal xidmətlərin məsuliyyəti
Payız-qış mövsümünə hazırlıq təkcə soyuq hava şəraitində əhalinin istilik, elektrik enerjisi, su və digər kommunal xidmətlərlə fasiləsiz təmin olunmasından ibarət deyil. Bu, eyni zamanda, şəhər infrastrukturunun dayanıqlılığının, kommunal təsərrüfatın texniki imkanlarının, fövqəladə hallara operativ reaksiya qabiliyyətinin və dövlət qurumları arasında əlaqələndirilmiş fəaliyyətin mühüm sınağıdır. Xüsusilə Bakı kimi əhalisi, eləcə də nəqliyyat yükü böyük olan, intensiv urbanizasiya prosesləri yaşayan şəhərdə qışa hazırlıq kompleks və sistemli yanaşma tələb edir.
İlin soyuq aylarının yaxınlaşması ilə əlaqədar paytaxtda və ölkənin digər bölgələrində qış mövsümünə hazırlıq tədbirləri intensivləşib. Kommunal xidmətlərin, ­elektrik enerjisi və istilik təchizatı müəssisələrinin, su təsərrüfatının, yerli icra hakimiyyəti orqanlarının qarşısında dayanan əsas vəzifə də qış aylarında yarana biləcək çətinliklərin əvvəlcədən müəyyənləşdirilməsi və onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsidir.
Əslində, qış mövsümünün uğurla başa çatdırılması hazırlıq işlərinin hansı səviyyədə təşkil edilməsindən, mövcud texnika və insan resurslarından nə dərəcədə səmərəli istifadə olunmasından, eləcə də gözlənilməz hava şəraitinə çevik reaksiya verilməsindən asılıdır. Çünki intensiv qar yağması, güclü külək, şaxta və leysan yağışları şəhər təsərrüfatının müxtəlif sahələrinə eyni vaxtda təsir göstərir. Belə şəraitdə hər hansı bir kommunal xidmətin fəaliyyətində yaranan problem digər sahələrdə də çətinliklərə gətirib çıxarır. 
İlin soyuq fəslinə kompleks hazırlıq
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qış mövsümünə hazırlıqla bağlı kommunal və təsərrüfat xidmətlərinin, idarə və təşkilatların, təhsil müəssisələrinin, eləcə də özəl sektor nümayəndələrinin iştirakı ilə keçirdiyi müzakirələr paytaxtın kommunal təsərrüfatında qarşıdakı dövr üçün müəyyənləşdirilən vəzifələrin mühüm əhəmiyyətə malik olduğunu göstərir. Müzakirələrdə BŞİH-nin hər bir rayon üzrə təyin etdiyi cavabdeh şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə rayonlarda qış mövsümünə hazırlıq vəziyyəti, verilən tapşırıqların və görülən işlərin icrası haqqında məlumat verirlər. Bu yanaşma məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi, mövcud çatışmazlıqların vaxtında aşkarlanması və müvafiq qurumların fəaliyyətinin əlaqələndirilməsi baxımından qabarıq nəzərə çarpır. 
Qış aylarında yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində yaradılmış qərargahların, kommunal və təsərrüfat xidmətlərinin, aidiyyəti təşkilatların rəhbərlərinin üzərlərinə düşən vəzifələri tam yerinə yetirməyə hazır olmaları xüsusi olaraq diqqətə çatdırılıb. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi alət və inventarın – bel, kürək, ling və digər vasitələrin kifayət qədər toplanılması, duz ehtiyatının yaradılması, xüsusi texnikaların texniki vəziyyətinin yoxlanılması barədə tapşırıqlar verilib.
Bu tədbirlərin əhəmiyyəti, ilk növbədə, paytaxtın nəqliyyat və kommunal sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsi ilə bağlıdır. Çünki güclü qar yağması zamanı avtomobil yollarının, küçələrin, piyada səkilərinin, yaşayış məhəllələrinin və ictimai nəqliyyat dayanacaqlarının qısa müddətdə qardan təmizlənməsi zərurəti yaranır. Başqa sözlə, sadalanan tədbirlər əvvəlcədən müəyyənləşdirilən plan əsasında həyata keçirilmədiyi halda, hərəkətin məhdudlaşması, nəqliyyat sıxlığının artması dərhal özünü büruzə verir, təcili tibbi yardım və digər operativ xidmətlərin fəaliyyətində ciddi problemlər üzə çıxır.
Bu baxımdan küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahılarının hazırlanması, kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların mövcud texniki imkanlarının da prosesə cəlb edilməsi məqsədəuyğun təşkilati addımdır. Çünki geniş əraziyə malik paytaxtda qışın çətin günlərində təkcə kommunal xidmətlərin texniki imkanlarına arxalanmaq kifayət etmir. Dövlət, bələdiyyə və özəl sektorun imkanlarının bir araya gətirilməsi isə görülən işlərin miqyasını genişləndirir. 
Burada digər mühüm məsələ ictimai iştirakçılıqdır. Rayonlardakı idarə və təşkilatların, özəl qurumların, bələdiyyələrin, ictimai iaşə müəssisələrinin rəhbərlərinə, eləcə də ictimaiyyət nümayəndələrinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirakları ilə bağlı çağırış edilməsi bu baxımdam mühüm önəm daşıyır. 
Dünyanın bir sıra ölkələrində tətbiq edilən bu yanaşma şəhər təsərrüfatının idarə olunmasında ictimai məsuliyyət prinsipinə əsaslanır. Müəssisələr öz inzibati binalarının, mağazalar, restoranlar və digər obyektlər isə giriş-çıxış sahələrinin, ətraf səkilərin təmizliyinə diqqət yetirir. Beləliklə, kommunal xidmətlərin üzərinə düşən yük azalır, şəhərin ümumi təhlükəsizlik və hərəkət şəraiti yaxşılaşır.
Qışın görünməyən üzü
Qışa hazırlığın mühüm istiqamətlərindən biri də su-kanalizasiya sisteminin etibarlı fəaliyyətinin təmin edilməsidir. Bu sahədə görülən işlər təkcə qar və şaxta ilə mübarizə tədbirlərindən ibarət deyil. Xüsusilə son illər yağıntıların xarakterində müşahidə edilən dəyişikliklər, qısa müddətdə böyük həcmdə yağıntının düşməsi şəhər infrastrukturunun qarşısında yeni tələblər yaradır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları payız-qış mövsümünə hazırlıq çərçivəsində kanalizasiya kollektorlarının yuyulması, baxış quyularının və yağış barmaqlıqlarının təmizlənməsi, kanalizasiya nasos stansiyalarının, eləcə də mexaniki avadanlıqların texniki vəziyyətinin yoxlanılması istiqamətində tədbirlər həyata keçirir.
Bu işlərin əsas məqsədi mövcud sistemin ötürücülük qabiliyyətini maksimum səviyyədə saxlamaq, intensiv yağışlar zamanı yaranan yüklənmənin təsirini azaltmaq və subasma hallarının qarşısını almaqdır. İlk baxışdan adi texniki tədbirlər kimi görünən kollektorların təmizlənməsi, yağış barmaqlıqlarının açılması və nasos avadanlıqlarının yoxlanılması şəhərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bakı şəhərində bu problemin aktuallığını artıran bir sıra obyektiv amillər mövcuddur. Kanalizasiya sistemlərinin müəyyən hissəsinin köhnəlməsi, şəhərin uzun illər ərzində sürətli, bəzi ərazilərdə isə plansız urbanizasiyası mövcud şəbəkələrə əlavə yük yaradır. Normal şəraitdə fəaliyyət göstərən bəzi xətlər qısa müddətdə böyük həcmdə yağış suyu daxil olduqda lazımi ötürücülük qabiliyyətini təmin etməkdə çətinlik çəkir.
Digər tərəfdən, intensiv yağıntılar artıq şəhər təsərrüfatının planlaşdırılmasında ayrıca nəzərə alınmalı amil kimi diqqət çəkir. Əvvəllər müəyyən zaman intervalında düşən yağıntının indi daha qısa müddətdə və yüksək intensivliklə müşahidə olunması mövcud infrastrukturun imkanlarının yenidən qiymətləndirilməsini tələb edir. Bu isə təkcə kanalizasiya şəbəkələrinin təmizlənməsi ilə məhdudlaşmayan, uzunmüddətli və əsaslı investisiyalara söykənən yanaşmanın zəruriliyini şərtləndirir. 
Məhz bu səbəbdən Bakı şəhəri və Abşeron yarımadasında içməli, tullantı və yağış sularının idarə olunmasının təkmilləşdirilməsi 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Proqram çərçivəsində yeni kollektorların, şəbəkələrin və digər infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulub.
Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, burada problemə təkcə cari ehtiyaclar baxımından deyil, şəhərin gələcək inkişafı və dəyişən iqlim şəraitinin yaratdığı çağırışlar kontekstində yanaşılır. Bakı və Abşeron yarımadasında əhali sayının, yaşayış massivlərinin, sənaye, habelə xidmət obyektlərinin artması su və kanalizasiya infrastrukturunun daha böyük həcmdə yüklənməsinə səbəb olur. Bununla da yeni şəbəkələrin yaradılması, köhnə xətlərin yenilənməsi və yağış sularının idarə edilməsinin təkmilləşdirilməsi şəhərsalma siyasətinin ayrılmaz hissəsinə çevrilir. 
Enerji təhlükəsizliyi və qış qayğıları
Qış mövsümündə kommunal xidmətlərin etibarlı fəaliyyəti birbaşa elektrik enerjisi təchizatının dayanıqlılığından asılıdır. İstilik sistemlərinin, su nasoslarının, kanalizasiya stansiyalarının, nəqliyyat infrastrukturunun və digər həyati əhəmiyyətli obyektlərin normal fəaliyyəti üçün fasiləsiz elektrik enerjisi təminatı vacibdir.
Bu baxımdan “Azərenerji” ASC-nin payız-qış mövsümünə hazırlıq çərçivəsində həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Qurumun müəssisələrində elektrik enerjisinin fasiləsiz istehsalı, istehsal üzrə tapşırıqların yerinə yetirilməsi, enerji müəssisələrində açılma və imtinaların sayının minimuma endirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilir.
Hazırlıq çərçivəsində “Azərenerji”nin müəssisələrində planlı təmir, təmir-bərpa və yenidənqurma işləri aparılıb. Əsas və köməkçi avadanlıqların təmiri müəyyən edilmiş normalara uyğun şəkildə həyata keçirilib, elektrik stansiyalarında texniki göstəricilərin yaxşılaşdırılması istiqamətində tədbirlər reallaşdırılıb.
Görülən işlərin qiymətləndirilməsi əsasında “Azərenerji”də hazırlanan Tədbirlər Planının yerinə yetirilməsi üzrə komissiya tərəfindən müəssisələrə payız-qış mövsümünə hazırlıq pasportlarının verilməsi qərara alınıb. Bu mexanizm hazırlıq prosesinin formal hesabatlarla deyil, konkret texniki göstəricilər və yerinə yetirilmiş işlərin qiymətləndirilməsi əsasında aparılmasının vacibliyini göstərir.
Ümumiyyətlə, enerji sektorunda qış hazırlığı yalnız elektrik stansiyalarının saz vəziyyətə gətirilməsi ilə yekunlaşmır. İstehsal güclərinin etibarlılığı, yanacaq təminatı, ötürücü və paylayıcı şəbəkələrin vəziyyəti, qəza hallarına müdaxilə imkanları və ehtiyat avadanlıqların mövcudluğu vahid sistem kimi qiymətləndirilir. Çünki soyuq hava şəraitində elektrik enerjisinə tələbatın artması enerji sisteminin bütün komponentlərinə əlavə yük yaradır.
Azərbaycanın son illərdə elektroenergetika sahəsində həyata keçirdiyi modernləşmə tədbirləri bu baxımdan mühüm baza formalaşdırıb. Yeni generasiya güclərinin yaradılması, mövcud elektrik stansiyalarının yenilənməsi, yarımstansiyaların və elektrik verilişi xətlərinin modernləşdirilməsi ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bununla belə, hər bir qış mövsümü enerji sisteminin real dayanıqlılığını yoxlayan amil kimi çıxış edir. Odur ki, profilaktik təmir və texniki nəzarət tədbirlərinin vaxtında aparılması xüsusi əhəmiyyət daşıyır.
“Soyuq dəniz”də “isti adalar”
Qış hazırlığının əhali üçün ən həssas istiqamətlərindən biri istilik təchizatıdır. Xüsusilə mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunan yaşayış binalarında, məktəblərdə, uşaq bağçalarında və səhiyyə müəssisələrində istiliyin fasiləsiz verilməsi sosial rifahın mühüm göstəricisidir.
“Azəristiliktəchizat” ASC-nin ­2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı açıqladığı məlumatlar bu sahədə görülən işlərin miqyasını göstərir. Qurumun İdarə Heyətinin sədri İlham Mirzəliyevin bildirdiyinə görə, yeni mövsümdə Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3838 yaşayış binasının, təxminən, 178 min mənzilin, 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər müəssisələrin istiliklə təmin edilməsi nəzərdə tutulub.
Bu göstəricilər istilik təsərrüfatının sosial əhəmiyyətini aydın nümayiş etdirir. Söhbət yalnız mənzillərin qızdırılmasından getmir. Təhsil və səhiyyə müəssisələrinin normal fəaliyyətinin təmin edilməsi də istilik sisteminin dayanıqlı işindən asılıdır. Xüsusilə orta məktəblərdə və bağçalarda, eləcə də xəstəxanalarda istilik təchizatında yaranan fasilələr insanların gündəlik həyatına birbaşa təsir göstərir.
Hazırlıq tədbirlərinin mühüm istiqamətlərindən biri də yaşayış binalarının aşağı paylama sistemlərinin vəziyyətinin yoxlanılmasıdır. Çünki istilik enerjisinin qazanxanada istehsal edilməsi və magistral xətlərlə binaya çatdırılması hələ bütün mənzillərdə normal istilik təminatı demək deyil. Binanın daxili istilik xətlərindəki nasazlıqlar, tənzimləmə mexanizmlərinin düzgün işləməməsi və digər texniki problemlər xidmətin keyfiyyətinə mənfi təsir göstərir. 
Bu səbəbdən istilik təchizatına yalnız istehsalçı və təchizatçı qurumun məsuliyyəti kimi deyil, həm də bütöv texnoloji zəncir kimi yanaşılmalıdır. Qazanxanadan başlayaraq magistral xətlər, binadaxili paylama sistemləri və mənzillərə qədər uzanan bütün mərhələlərdə texniki sazlıq təmin edilməlidir.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью