Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bu il Məhərrəm ayının onuncu - Aşura günü iyunun 25-nə təsadüf edir. İslam tarixində xüsusi əhəmiyyətə malik olan Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır və müsəlmanlar üçün mənəvi dəyərlər, fədakarlıq, səbir və iman nümunələrinin xatırlandığı mühüm zaman kəsiyidir. Bu ay insanları öz mənəvi dünyalarına nəzər salmağa, xeyirxahlıq və mərhəmət hisslərini daha da gücləndirməyə çağırır.
İslam dünyasının mühüm dini mərasimlərindən biri olan Aşura günü münasibətilə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi qanvermə aksiyası ənənəvi hal alıb. Bu təşəbbüsün həyata keçirilməsində məqsəd Aşura ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma, insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, sosial məsuliyyət hissini gücləndirməkdir.
Dünən Azərbaycan İlahiyyat İnstitutunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Qızıl Aypara Cəmiyyəti və Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiyada dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də müxtəlif dövlət qurumlarını təmsil edən 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak edib. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Aksiya iştirakçıları ölkəmizdə Məhərrəm ayında təşkil edilən könüllü qanvermə ənənəsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, qanvermə aksiyası demək olar ki, respublikanın bütün bögələrini əhatə edir. Bir neçə ildir ki, bu siyahıya işğaldan azad olunmuş ərazilərimizdəki ibadət məkanları da daxil edilib. Ağdam Cümə məscidində və Şuşadakı məscidlərdə də qanvermə aksiyaları təşkil olunur. Aksiyada iştirak edənlərin sayının ilbəil artması insanların Aşuranın mahiyyətini daha düzgün dərk etməsinin göstəricisi və ölkədə aparılan maarifləndirmə işinin nəticəsidir.
M.MUSTAFAYEV
XQ