Paytaxtın dünya şöhrətli dəniz seyrangahı

28.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bakı Bulvarı müstəqillik illərində 4 dəfə böyüyüb

Məlum olduğu kimi, Prezident İlham Əliyev avqustun 25-də “Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb. Bu sənədlə paytaxtın dəniz seyrangahının idarəedilməsinin təkmilləşdirilməsi qərara alınıb.

“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Bu QSC Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın mühafizəsi, idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsi kimi təsbit olunacaq. Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsini, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsini isə Prezidentin İşlər İdarəsi həyata keçirir, Cəmiyyət isə “Dənizkənarı Bulvar İdarəsi”nin hüquqi varisi sayılır. Yaradılan Müşahidə Şurası və İdarə Heyəti fəaliyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. Cəmiyyətin nizamnamə kapitalı ona keçən əmlak hesabına formalaşacaq.

150 il əvvəl sahildə aparılan işlərlə bağlı ilk addımı Bakı şəhərinin memarı Qasım bəy Hacıbababəyov atıb. 1860-cı ildə dəniz tərəfdən qala divarının sökülməsindən sonra o, sahil zolağını nizamlayıb və imperator II Aleksandrın adını daşıyan sahil küçəsi salınıb. 1874-cü ilin “Qafqaz gündəliyi”ndə bu məsələ ilə bağlı belə qeyd olunurdu: “Sahil şəhəri dənizdən ayıran və havanın sərbəst hərəkətinə mane olan faydasız qala divarlarını əvəz etdi”.

Xəzər sahilində salınmış bu əraziyə su kəməri çəkiləndən, digər tikililər reallaşdırılandan sonra sahil Bakının incisinə çevrilib. Qubernator evi və sahil zolağına bitişik məhəllələrin inşası ilə şəhər strukturunda bulvarın rolu artıb.

İlk dəfə 1898-ci ildə Bakıda Lümer qardaşlarının səyi sayəsində milli kino sənətimizin təməli sayılan “Canlanmış fotoşəkillər”də və ardınca “Teatr-sirk”də fransız əsilli bakılı A.Mişonun çəkdiyi sənədli kadrlarda Bakı bulvarı da əks olunub. O zaman özəl şirkətlərin Bayıldan Ağ şəhərədək mövcud olan anbarları, körpüləri, ticarət firmalarının obyektləri əhalini dənizdən ayırdığı üçün tədricən bunlar aradan qaldırılıb. İstirahət üçün təkcə Mixaylovski bağının azlıq etdiyi nəzərə alınaraq, sahil zolağı genişləndirilib və tökmə qrunt üzərində möhtəşəm bulvar tikilib. Bu, 1909-cu ilə – Bakı Şəhər Upravasının tikinti şöbəsinin rəisi, mühəndis və təşkilatçı Məmmədhəsən Hacınskinin fədakar səylər göstərdiyi vaxta təsadüf edib.

Məmmədhəsən Hacınski ilk gündən Bakının Baş Planının həyata keçirilməsinə, Şirvanşahlar tarixi abidəsinin qorunması və bərpasına, bulvarın genişləndirilməsi üçün dəniz sahilinin qurudulub torpaq tökülməsinə və bu məqsədlər üçün Bakı Dumasından 60 min rubl vəsait ayrılmasına nail olub. Orada oyun meydanları, çimərliklər yaradılıb, çiçək və su köşkləri qoyulub.

Görkəmli mühəndis bulvarın gözəl olması üçün ən yaxşı layihə müsabiqəsi uğrunda güclü mübarizə aparırdı. O, Dumadakı çıxışında demişdi: “Bu, adi, siravi layihə deyil. Burada incə zövqə malik, işi sevən mütəxəssis lazımdır. Ancaq bu xüsusiyyətlər hər bir memara xas deyil. Gözəl texnik olmaq olar, lakin belə xüsusiyyətlərə sahib olmaq olmaz. Azca xərc tələb olunur, buna xəsislik etmək olmaz. Burada fantaziya, gözəllik lazımdır”. Nəhayət, onun sözü eşidilib və zəruri tədbirlər görülüb.

Daha öncədən bakılılar Aleksandrovski sahilində, dənizkənarı bulvarda Qız Qalası ilə üzbəüz çimərliyə gedirdilər. Mülki mühəndis Mixail Botovun layihəsinə əsasən taxtadan Aleksandrovski dəniz çimərliyi inşa edilmişdi. Heç bir mismar vurulmadan yaradılmış, şirin su ilə təchiz edilmiş çimərlikdə günəş vannası qəbul etmək üçün meydança, uşaqlar üçün kiçik hovuzlar və iki yarus var idi. Birinci yarus tramplinlə idi, digər yarusun üzərindən isə o zaman təmiz dəniz suyuna ən cəsarətli üzgüçülər tullanırdılar. Yüklərlə dolu çoxsaylı körpülərin arasında çimərliklər dənizkənarı sahilə xüsusi görünüş verirdi.

Bakıda dəniz çimərliklərinin tikilməsi münasibətilə 1914-cü ildə “Kaspi” qəzeti yazırdı: “Su üzərində ucalan Bakı dəniz çimərliyi diqqəti cəlb edən gözəl bir binadır. Nitsa istisna olmaqla, Avropada heç yerdə su üzərində belə gözəl və geniş ikinci bir bina yoxdur”.

Bulvarda yaşıllıqların artırılması da xüsusi önəm daşıyırdı. Əvvəlcə bulvarın ərazisinə “Qubernator bağı”, sonralar isə Batumi botanik bağından bitkilər gətirilmişdi. Ümumilikdə, 1920-ci ildə Bakının yaşıllıq zonası 20,26 hektar təşkil edirdi. Oktyabr çevrilişinə qədərki bulvardan yeganə xatirə polyak mühəndis İosif Ploşkonun tikdirdiyi, “Fenomen” kinoteatrı kimi istismara verilmiş Azərbaycan Dövlət Kukla Teatrının binasıdır.

Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, tanınmış memar Cahid Həsənov Bakı Bulvarında ötən əsrdə aparılmış quruculuq işlərindən ətraflı danışaraq dedi:

– 1930-cu illərdə sahildəki bir sıra körpülər söküldükdən sonra bulvarın tikintisinin 2-ci növbəsinə start verilib. Dövlət Kukla Teatrından Bülbül prospektinə qədər olan ərazi abadlaşdırılıb. Həmin onilliyin sonlarında Bulvarın növbəti inkişafı gerçəkləşib. Bu zaman artıq əks istiqamətdə – Azneft meydanından köhnə “İnturist” mehmanxanasına kimi olan sahədə işlər tamamlanıb. Yaşıllıqlar daha da artırılıb. O zamanlar Dənizkənarı Bulvarda istirahət məkanı kimi Bakı sakinləri üçün idmanla məşğul olmağa əlverişli şərait vardı.

Paraşüt qülləsi (1936) dənizkənarı parkın ərazisində sovet dövründə ilk əhəmiyyətli obyekt olaraq tikilib. 75 metr hündürlüyündə olan bu qüllə bütün keşmiş SSRİ ərazisində ən hündürü hesab edilirdi. “Bakinskiy raboçiy” maşınqayırma zavodunda hazırlanmışdır. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri də keçirilirdi. Paraşüt qülləsində 20, 25, 60 metrlik yüksəkliklərdən atlanmaq imkanı vardı.

Bulvarın idman imkanlarından danışarkən qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsindən sonra burada “Dinamo”, “Neftçi”, “Burevestnik”, “Vodnik”, “DOSAAF”, “KKF” idman cəmiyyətləri meydana gəlmiş və su polosu, üzgüçülük, tramplindən suya tullanmaq üçün hər cür şərait yaradılmışdı. Eyni zamanda, bulvarda katerlə dəniz gəzintiləri və dalğalar qoynunda idman yarışları təşkil olunurdu.

Ötən əsrin 60-cı illərində Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə bulvar yenilənərək 2,7 kilometrə qədər genişləndirilib. Bulvarda həm də “Sadko”, “Sahil” kafe-restoranları, keçmiş SSRİ-də ilk dəfə olaraq vant konstruksiya örtüyünün istifadəsi ilə tikilmiş “Bahar” uşaq kinoteatrı və “Kiçik Venesiya” ərsəyə gəlib. Onun haqqında çəkilmiş “İthaf” sənədli filmində bu obyektlərin maraqlı görüntüləri təqdim olunub.

Daha sonra memar Mikayıl Hüseynov dənizkənarı bulvarın yenidənqurulmasının yeni layihəsini verib. Burada “Azadlıq meydanı” rayonunda dənizə enməklə bitən esplanada quraşdırılıb, ərazi şəlaləli fəvvarələrlə, yaşıllaşdırılmış parterlərlə bəzədilib. Bulvarın ərazisi 4 kilometrə qədər genişlənib.

Bakılıların və xarici turistlərin heyranlıqla tamaşa etdikləri “Mirvari” kafe-pavilyonu dünyada yalnız bir analoqu olan modern memarlıq incisidir. Əliş Ləmbəranski Skandinaviya ölkələrində ezamiyyətdə olarkən bu layihənin eskizini əldə edib. Məkanı memarlar V.Şulqin və R.Şərifov layihələndirib, konstruktoru isə N.Nikonov və A.Gelfat olublar.

Qeyd edək ki, 1998-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla bulvara Milli Park statusu verilib. 2001-ci ildə bu park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasına daxil edilib. 2008-ci ildə Prezident İlham Əliyev Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında fərman imzalayıb. Bu fərmandan sonra Dənizkənarı Milli Parkın əsaslı şəkildə abadlaşdırılmasına başlanılıb.

Görülən işlər sayəsində parkın yaşıllıq zolağı xeyli genişləndirilib. Burada Argentinadan gətirilmiş palmalar, Afrikadan alınmış baobablar, Meksika kaktusları və gül növləri əkilib. Həmin ildə “Mirvari” kafesində Almaniya mütəxəssisləri ilə birgə hazırlanan layihəyə əsasən bərpa işləri görülüb. Prezident İlham Əliyev Dənizkənarı Milli Parka gələrək burada həyata keçirilən abadlıq və yenidənqurma işləri ilə tanış olub.

Müstəqillik illərində Bakı Bulvarı 4 dəfə böyüyüb. Bu gün Bakı bulvarı şəhərin ictimai və mədəni həyatının vacib hissəsidir. Burada ilin müxtəlif dövrlərində mədəni tədbirlər, konsertlər, festivallar və sərgilər keçirilir. Bulvar, həmçinin, Bakı Marafonu kimi idman tədbirlərinin keçirildiyi məkandır. Xəzərin sərin mehli sahilində bir sıra muzey və tarixi obyektlər yerləşir. Azərbaycan Xalça Muzeyi nadir memarlığı və zəngin kolleksiyası ilə diqqət çəkir. Miniatür Kitab Muzeyi də maraqlı yerlərdən biridir və burada dünyanın ən kiçik ölçüdə çap edilmiş kitabları nümayiş olunur. Park Bulvar Ticarət Mərkəzi, Bakı Kristal Zalı, Funikulyor və sairləri ecazkar obyektlərdir.

Bakı bulvarına hər gedəndə, sanki, müğənni Yalçın Rzazadənin böyük şövqlə oxuduğu bir mahnının melodiyaları qulağımda səslənir:

Xumarlanır ləpələr,
Gülür mehriban şəhər.
Sevgilim səhər-səhər
Zər şəfəqdən don geyir,
Bakı, sabahın xeyir!

Ümumiyyətlə, Bakı gözəli bulvara çoxsaylı nəğmələr, şeirlər həsr edilib. Görkəmli bəstəkarlar Tofiq Quliyevin, Emin Sabitoğlunun, Vaqif Mustafazadənin gözəl tərənnüm mahnılarını Rəşid Behbudov, Flora Kərimova, “Lalə” qızlar ansamblı və başqaları ürəklə oxuyublar.

Daim böyüyən, inkişaf edən Bakı bulvarının “Ağ şəhər” ərazisindən Zığ qəsəbəsinə doğru uzadılması nəzərdə tutulur. Bu hissə, təqribən, 8 kilometr uzunluğa və geniş sahəyə malik olacaq. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planına uyğun olaraq, dənizkənarı parkın infrastrukturunun artırılması və fasiləsiz piyada-velosiped zolaqlarının yaradılması hədəflənir.

Bir müddət öncə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən dəyirmi masada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bulvarın 25 kilometrə qədər uzadılması planlaşdırılır. Gələcəkdə bulvarda yeni müasir parklar, meydançalar və Hibrid Yaşıl Dəhlizlər olacaq”.

İnanırıq ki, Prezidentin fərmanı ilə mühüm struktur dəyişiklikləri ediləcək. Bakı Bulvarı əsl brendə çevriləcək, geniş əhatəli xidmətləri ilə həm soydaşlarımıza, həm də xarici turistlərə daha layiqli xidmət göstərəcək.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью