Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, hazırda M1 və M4 magistralları arasında, eləcə də Pirşağı-Novxanı istiqamətindən şimal, şimal-qərb və qərb istiqamətlərinə hərəkət edən sürücülər daha uzun marşrutdan istifadə etməli olurlar. Nəqliyyat axınlarının Ekologiya postu, Xırdalan, Biləcəri və 20 Yanvar ətrafında cəmləşməsi isə həmin ərazilərdə sıxlığı artırır.
Qeyd olunub ki, ümumi uzunluğu 28,95 kilometr olacaq yeni yol M1 Bakı-Quba və M4 Bakı-Şamaxı-Yevlax magistrallarını birbaşa əlaqələndirəcək. Bununla sürücülər Bakı şəhərinə daxil olmadan bir magistraldan digərinə keçə biləcəklər.
Yeni yol Pirşağı, Novxanı və ətraf yaşayış məntəqələrindən gələn nəqliyyat vasitələrinə də Biləcəri və 20 Yanvar istiqamətinə getmədən M1 və M4 magistrallarına çıxış imkanı yaradacaq. Eyni zamanda, Xırdalandan yarımadanın şimal-şərqindəki qəsəbələrə birbaşa hərəkət mümkün olacaq.
Layihə çərçivəsində 6 hərəkət zolaqlı avtomobil yolu, 7 yol qovşağı, 11 yol körpüsü, 1 kanal körpüsü və 2 tunelin inşası nəzərdə tutulub.
AAYDA-nın proqnozlarına əsasən, yeni nəqliyyat dəhlizinin istifadəyə verilməsi 20 Yanvar ərazisindən Bakıya daxil olan avtomobillərin sayını 20-30 faiz azalda bilər. Bu isə paytaxtın əsas giriş-çıxış istiqamətlərində nəqliyyat sıxlığının və ekoloji yükün azalmasına şərait yaradacaq.