Paytaxtın yeraltı yollar şəbəkəsi

06.11.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

6 Noyabr Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günüdür

Noyabrın 6-sı Azərbaycanda metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Şəhər nəqliyyat sisteminin ən mühüm və mürəkkəb sahələrindən biri olan metropoliten hər gün yüz minlərlə sərnişinin mənzilbaşına təhlükəsiz və rahat çatdırılmasında mühüm rol oynayır. Bu sahənin dayanıqlı fəaliyyəti infrastrukturun müasirləşdirilməsi, texniki imkanların genişləndirilməsi və müasir idarəetmə texnologiyalarının tətbiqini daim aktual edir.

Bakı Metropolitenində yeni inkişaf mərhələsinə hesablanmış mühüm layihələr həyata keçirilir. Xətlərin ayrılması, qatar parkının yenilənməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, sərnişindaşıma imkanlarının artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasındadır. Bütün bu yeniliklər paytaxtın nəqliyyat sistemində metropolitenin rolunun daha da gücləndirilməsinə xidmət edir.

“Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov paytaxtın yeraltı yollar şəbəkəsinin yenilikləri və inkişaf layihələri barədə XQ-yə bildirdi:

– Dünya təcrübəsində metro xətlərinin hər biri müstəqil şəkildə inşa olunur və istifadəyə verilir. Müasir anlayışlarla ifadə etsək, hər bir xətt faktiki olaraq müstəqil operator prinsipi ilə fəaliyyət göstərir. Xətlərin ayrılması layihəsi 7 mürəkkəb tikinti işindən ibarətdir. İlk növbədə, hər bir xətt ayrıldıqdan sonra müstəqil fəaliyyət göstərə bilməsi üçün Yaşıl xəttin də öz deposunun olması zərurəti yaranırdı. Bu səbəbdən 1986-cı ildə torpaq sahəsi ayrılmış Dərnəgül Elektrik Deposunun inşasının ikinci mərhələsi başa çatdırılaraq obyektin bir hissəsi istifadəyə verildi. Bu, qatarların həmin əraziyə daxil olub-çıxması, onların təmiri, texniki xidməti və baxışının həyata keçirilməsi üçün şərait yaratdı.

Hazırda Dərnəgül Elektrik Deposunun inşasının üçüncü mərhələsinə başlanılıb və bu işlərin Dövlət Proqramının icrası dövründə yekunlaşdırılması nəzərdə tutulur. Ümumi uzunluğu 211 metr olan iki tunelin inşası davam edir. İşlərin 30 faizdən çoxu artıq yekunlaşıb. Avqustun 15-də layihənin 11 ay ərzində başa çatdırılacağı elan edilmişdi. İlk baxışdan 211 metr kiçik məsafə təsiri bağışlaya bilər. Lakin Bakı Metropoliteninin fəaliyyətini dayandırmadan bu istiqamətdə işlərin aparılması kifayət qədər mürəkkəb prosesdir.

Bundan əlavə, 200 metrdən artıq məsafədə mövcud qatarların hərəkət etdiyi hər iki tuneldə – 28 May–Nizami istiqamətində və əks istiqamətdə tunellərin ləğv edilən hissəsinin betonlama işləri aparılmalı idi. Tunellərin tamamilə betonlanması qazıntı işlərinin təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsinin əsas şərtlərindən biridir.

Bu işlər başa çatdıqdan sonra qazıntı prosesinə başlanılıb. Bütün bu işlər nəticəsində indiki “Dərnəgül-Nizami” sahəsindən “Cəfər Cabbarlı-Xətai” mənzilinə doğru hərəkəti təmin edəcək vahid və müstəqil infrastruktur formalaşdırılmalıdır. Sadalanan işlərin hər biri qarşıdakı dövrdə mərhələli şəkildə həyata keçiriləcək. Mürəkkəb hidrogeoloji şəraitə malik ərazidə bütün qazma işləri uğurla davam etdirilir. İşlər planlaşdırılmış qaydada, NATM (Yeni Avstriya tunelqazma metodu) adlanan üsulla təhlükəsiz şəkildə aparılır və nəzarət mexanizmləri ən yüksək səviyyədə təmin olunur.

Xətlərin ayrılması layihəsinin əsas hədəflərindən biri qatarlar arasında hərəkət intervallarının azaldılmasıdır. Bu məqsədlə hər bir xətt üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulur. Belə ki, Qırmızı xəttin “İçərişəhər” stansiyasının sonunda, stansiyanın arxasında dövriyyə kamerası inşa olunur. Hazırda tikinti işlərinə başlanılıb və obyektin 2028-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da Qırmızı xətt üzrə qatarların hərəkət intervallarının optimallaşdırılması və digər texniki məsələlərin həlli mümkün olacaq.

Bakı Metropoliteni 59 il əvvəl istismara verilib. Bu səbəbdən mövcud Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkəti əsasən köhnə nəsil avadanlıqlar vasitəsilə təmin olunur. Bununla belə, həmin avadanlıqların etibarlılığı və hərəkət təhlükəsizliyinin təmin olunması ən yüksək səviyyədədir. Sadəcə, dövrün tələbi ondan ibarətdir ki, qatarların idarə olunmasında artıq fərqli, yəni rəqəmsal üsullara keçid zərurətə çevrilib.

Beynəlxalq maliyyə institutlarının ayırdığı vəsait hesabına Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərində qatarların hərəkətinin təşkili, idarə edilməsi və təhlükəsizliyinin təmin olunması sistemi tamamilə yenilənəcək. Müvafiq tender elan olunacaq.

Növbəti bir il ərzində quraşdırma işləri aparılacaq. Daha sonrakı bir il ərzində sınaq işləri həyata keçiriləcək. Çünki söhbət qatarların hərəkət təhlükəsizliyindən getdiyi üçün sistemin uzunmüddətli sınaqlardan keçirilməsi mütləqdir. Nəhayət, üçüncü il ərzində köhnə avadanlıqlar söküləcək və qatarların hərəkəti yeni sistem vasitəsilə təmin olunacaq. İlk növbədə, qatarlar arasında intervalların mümkün qədər minimum həddə endirilməsinə şərait yaradacaq.

Bakı Metropolitenində köhnə nəsil vaqonların sayının getdikcə azaldığını qeyd edən müsahibimiz söylədi ki, son dövrdə 20 yeni vaqon, yaxud 4 qatar istifadəyə verilib. Bununla da Bakı Metropoliteninin xətlərində ən sonuncu, dördüncü nəsil qatarların sayı 36-ya çatdırılıb:

– Nəticədə, vaqon parkının yarıdan çoxu yenilənib. Bu proses dövlət proqramına uyğun olaraq davam etdiriləcək. Qarşıdakı dövrdə ən vacib məsələlərdən biri vaqon istehsalçısının seçilməsidir. Əsas məsələ artıq müsabiqə yolu ilə qalibin müəyyənləşdirilməsi, Dövlət Proqramında nəzərdə tutulmuş 299 yeni vaqonun satın alınaraq Bakıya gətirilməsidir.

Qatarların hərəkətinin təşkili və idarə olunması, eləcə də təhlükəsizliyin təmin edilməsi sistemləri tamamilə müasir texnologiyalar əsasında yenilənəcək. Yeni nəsil qatarlar üçün texniki şərtlər hazırlanarkən artıq metropolitenin fəaliyyətində tətbiq ediləcək yeni sistemlərin texniki tələbləri əsas götürüləcək. Beləliklə, sifariş olunacaq qatarların həmin sistemlərə uyğunluğu təmin ediləcək.

Hazırladı:
Nurlan ABDALOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью