Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın sonuncu şahının oğlu Rza Pəhləvi iranlıları “İranı xilas etmək üçün Milli Əməkdaşlıq Kampaniyası”na qoşulmağa və komandası ilə Teleqram hesabı vasitəsilə əlaqə saxlamağa çağırıb.
Sherg.az xəbər verir ki, bu barədə o, İran xalqına videomüraciətində bildirib.
“Bu rejim hazırda əvvəlkindən daha zəifdir”, - şahzadə deyib.
Pəhləvi xalqı mövcud fürsətdən istifadə edərək hakimiyyəti dəyişməyə çağırıb. Həmçinin İranın iqtisadi və təhlükəsizlik vəziyyətinin pisləşməsində əsas məsuliyyətin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzərinə düşdüyünü vurğulayıb.
Rza Pəhləvinin sözlərinə görə, İran rejimini devirmək və bundan sonra ölkəni idarə etmək üçün təhlükəsizliyin və sabitliyin qorunmasını, əsas azadlıqların təmin edilməsini, eləcə də vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini nəzərdə tutan planları var.
O, hərbi qulluqçulara, polis və təhlükəsizlik qüvvələrinə də müraciət edərək onları xalqa qoşulmağa çağırıb. Bildirib ki, xalqın tərəfinə keçən şəxslərə toxunulmazlıq təmin edən sənəd veriləcək, repressiyalarda iştirak edənlər isə qanun qarşısında cavab verməli olacaqlar.
Sonda Rza Pəhləvi hakimiyyət dəyişikliyini istəyən bütün iranlıları Teleqram hesabı vasitəsilə komandası ilə əlaqə saxlamağa və kampaniyaya qoşulmağa dəvət edib.