Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
İranda 28 dekabrdan bəri davam edən rejim əleyhinə etiraz aksiyaları fonunda ABŞ-la bağlı yeni və diqqətçəkən iddia ortaya çıxıb.
ABŞ mətbuatının məlumatına görə, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ötən həftəsonu devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin böyük oğlu, hazırda ABŞ-da sürgündə yaşayan Rza Pəhləvi ilə gizli görüş keçirib.
Xəbərlərdə bildirilir ki, görüş zamanı İranda davam edən etirazlar, ölkədə yaranmış siyasi böhran və mümkün inkişaf ssenariləri müzakirə olunub. Rza Pəhləvinin son dövrlər İran rejiminə qarşı sərt çıxışları ilə diqqət çəkdiyi və müxalifət daxilində daha fəal rol almağa çalışdığı qeyd edilir. O, mümkün rejim dəyişikliyi halında “keçid dövrü”nün rəhbəri kimi çıxış etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın İrandakı etirazlara açıq dəstək mesajları verdiyi, lakin hələlik Rza Pəhləvini rəsmi olaraq dəstəkləmədiyi vurğulanır. Analitiklər hesab edir ki, iddia edilən bu görüş Vaşinqtonun İrandakı prosesləri yaxından izlədiyini və alternativ siyasi fiqurlarla mümkün təmasları istisna etmədiyini göstərir.
Qeyd edək ki, 2025-ci ilin noyabrında keçirilən rəy sorğusuna əsasən, İran əhalisinin təxminən üçdə biri Rza Pəhləvini dəstəklədiyini, digər üçdə birinin isə ona qəti şəkildə qarşı çıxdığını bildirib. Bu isə onun İran cəmiyyətində mübahisəli fiqur olaraq qaldığını göstərir.
"AzPoltika.info"