Pekin ABŞ ın danışıqlar təklifini rədd edib: indi Tramp ritorikasını yumşaltmağa çalışır

13.10.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Vaşinqton Çinin nadir torpaq metallarının ixracı ilə bağlı yeni məhdudiyyətlər açıqladıqdan sonra Pekinlə telefonla danışmaq istəyib, amma Çin tərəfi bu təklifi təxirə salıb.

Bizimyol.info xəbər verir ki, Qrir bu barədə "Fox News"də açıqlama verib.

Onun sözlərinə görə, ABŞ əvvəlcədən Pekinin qərarı barədə məlumatlandırılmayıb. "Bu barədə açıq mənbələrdən xəbər tutduqdan dərhal sonra Çinlə əlaqə saxladıq, amma onlar qərarlarını təxirə saldılar", - deyə o, Çin qərarlarını "güc əldə etmək cəhdi" olaraq qiymətləndirib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Çinin ixrac nəzarətinin genişlənməsinə cavab olaraq, 1 noyabrdan etibarən Çin mallarına 100%-lik tariflər tətbiq edəcəyini və "kritik əhəmiyyətli proqram təminatları"nın ixracına yeni məhdudiyyətlər qoyulacağını açıqlayıb.

Pekin isə ABŞ-ı "ikili standartlar"da ittiham edərək, ixrac məhdudiyyətlərinin nadir torpaq elementlərinin hərbi məqsədlərlə istifadə olunmasından narahatlıq səbəbindən tətbiq edildiyini bildirib. Çin Dövlət Ticarət Nazirliyi qeyd edib ki, ABŞ özü Çinin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edərək onları "qara siyahıya" salır və liman haqlarını artırır.

Sonradan Tramp "Truth Social" sosial şəbəkəsində Çinlə olan gərginlik barədə narahat olmamağa çağırıb. "Çindən narahat olmayın, hər şey yaxşı olacaq! Hörmətli prezident Si sadəcə çətin dövr keçirir. O, ölkəsinin depressiyaya düşməsini istəmir, mən də istəmirəm. ABŞ Çinə zərər vermək deyil, kömək etmək istəyir!!!", - deyə ABŞ prezidenti vurğulayıb. Bu arada, Qririn sözlərinə görə, iki liderin Cənubi Koreyada keçiriləcək APEC sammiti çərçivəsində görüşməsi hələ də mümkündür.

Qeyd edək ki, Trampın Çinə qarşı yeni tariflər tətbiq etməsi dünya bazarlarında ciddi enişə səbəb olub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью