Azertag saytına istinadən Icma.az xəbər verir.
Pekin, 1 oktyabr, AZƏRTAC
Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Pekin Universitetində Azərbaycan dilinin tədrisi bərpa edilib.
Bu barədə AZƏRTAC-a ali təhsil ocağında Azərbaycan dilini tədris edən Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev məlumat verib. Dərslər həftədə 2 dəfə olmaqla, iki akademik saat davam edir. Azərbaycan dili dərslərinə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr müraciət edə bilərlər.
Qeyd edək ki, Pekin Universitetində ilk Azərbaycan dili dərsləri 2017–2018-ci tədris ilində təşkil olunub. Keçən dövrdə Azərbaycan dilinə olan marağın artması və Çin–Azərbaycan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bu dilin nüfuzlu bir universitetdə yenidən tədris olunmasını zəruri edib.
Azərbaycan dili dərslərini təşkil və tədris etmək məqsədilə PXDU-nun Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev yenidən dəvət olunub. A.Əliyev bildirib ki, Pekin Universitetində dilimizin tədrisi Azərbaycan dilinin Çində tədris coğrafiyasının genişlənməsi və əhatə dairəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması baxımından mühüm hadisədir. Bundan başqa, dilimizin beynəlxalq təhsil məkanında mövqeyinin güclənməsi, çinli gənclər və tədqiqatçılar arasında Azərbaycan dilinə və mədəniyyətinə marağın artması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin