Icma.az, Azertag portalına istinadən məlumat verir.
Pekin, 7 noyabr, AZƏRTAC
Çinin paytaxtı Pekində 7-cı Dünya Media Sammiti keçirilir.
AZƏRTAC xəbər verir ki, “Sinxua” agentliyinin və Pekin xalq hökumətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə 110-dan çox ölkəni təmsil edən 330 aparıcı media qurumundan, müvafiq dövlət orqanlarından, habelə beynəlxalq təşkilatlardan və beyin mərkəzlərindən 500-ə yaxın nümayəndə qatılıb. Tədbirdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və digər media qurumların rəhbərləri iştirak edirlər.
“İntellektual dövrdə media: Konsensusdan fəaliyyətə" mövzusuna həsr olunmuş tədbirin Böyük Xalq Sarayında baş tutan açılış mərasimində çıxış edən “Sinxua” agentliyinin prezidenti Fu Hua, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yin Li və başqaları bildiriblər ki, tədbir media transformasiyası təcrübələrini bölüşmək, idarəetmə məsələlərini müzakirə etmək və əməkdaşlıq imkanlarını araşdırmaq, dünya mediası üçün ortaq narahatlıqları əməkdaşlıq gündəliyinə gətirmək üçün bir platforma təqdim edir. Bundan başqa, Dünya Media Sammiti qlobal media nümayəndələrinə bir-birindən öyrənmək, ortaq mövqelər formalaşdırmaq, koordinasiyalı inkişafa nail olmaq, yeni texnologiyaların yaratdığı imkanlardan faydalanmaq və süni intellekt dövrünün gətirdiyi yeni çağırışlara cavab tapmaq imkanı yaradır.
Qeyd olunub ki, dəyişkən və mürəkkəb beynəlxalq mənzərənin hökm sürdüyü bir vaxtda sivilizasiyalar arasında mübadilələrin və qarşılıqlı öyrənmənin gücləndirilməsi, qlobal idarəetmənin təkmilləşdirilməsi bəşəriyyət üçün ortaq çağırışlardır. Qlobal çətinliklərin öhdəsindən gəlmək və daha yaxşı bir gələcək qurmaq təkcə iqtisadi və texnoloji gücü deyil, həm də mədəniyyət və sivilizasiyanın gücünü tələb edir. Xəbər mediasının dünyanı birləşdirmək, anlaşmanı təşviq etmək və konsensus yaratmaq kimi mühüm bir missiyası var. Onlar qlobal inkişafın və rifahın təşviqində, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında, insan sivilizasiyasının irəliləməsində və qlobal idarəetmənin islahatlarında fəal rol oynamalı və bununla da bəşəriyyət üçün ortaq gələcəyi olan bir icmanın qurulmasına töhfə verməlidirlər.
Sammit çərçivəsində plenar iclas, alt-forumlar, seminarlar, sərgilər və digər tədbirlər təşkil olunur. Sammit nümayəndələri "Hamı üçün süni intellekt və qlobal medianın transformasiyası", "Daha təhlükəsiz dünya naminə media dialoqu və əməkdaşlıq", "Sivilizasiyalararası mübadilənin genişləndirilməsində süni intellektə əsaslanan kommunikasiya", "Süni intellekt və qlobal kommunikasiya idarəçiliyinin gələcəyi", həmçinin "Pekin yanaşması: Çin modernləşməsinin mahiyyəti" kimi mövzular ətrafında fikir mübadiləsi aparırlar. Tədbirdə sammitin konsensusu qəbul olunub.
Qeyd edək ki, 2009-cu ildə əsası qoyulmuş Dünya Media Sammiti yüksəksəviyyəli media mübadiləsi və əməkdaşlıq üçün mühüm qlobal platformadır. "Media Olimpiadası" adlandırılan Dünya Media Sammiti 17 illik inkişaf yolu ərzində qlobal media, beyin mərkəzləri, hökumətlər, biznes dairələri və beynəlxalq təşkilatlar arasında fikir mübadiləsi və koordinasiya üçün aparıcı platformaya çevrilib, dialoqun qurulmasına və birgə inkişafa, konsensusun yaradılmasına və əməkdaşlığın gücləndirilməsinə töhfə verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin