“PƏNAH PƏNAHLI ŞOUSU”... “Qarpız satan” və “dana oğrusu”nun serial debatları nəyə xidmət edir?

28.01.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan mediasının, xüsusilə özünü siyasi təmayüllü kimi təqdim edən bir çox internet kanallarının tamaşaçı, baxış, reklam toplamaq üçün şou-maqazin proqramlarının səviyyəsinə enməsi acı reallıqdır. Daha acınacaqlısı isə bu zaman Azərbaycanın 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindəki Xalq Hərəkatında “ya zəlzələdən, ya vəlvələdən” iştirak etmiş, hələ o zamanlar da intellekt, siyasi təcrübə və biliklər baxımından ciddi problemləri olan, sonradan isə olan-qalan təfəkkürü də deqradasiyaya uğramış admların bu işdə alət edilməsidir...

Son günlər müxtəlif platformalarda qarşımıza Nemət Pənahlı və Pənah Hüseyn arasında “gərgin siyasi polemika” kimi təqdim edilən, əslində isə küçə leksikonunun istifadə edildiyi səviyyəsiz “söz atışması” çıxır. Bu personajlar son 35 ildə zatən 1990-cı illərin Xalq Hərəkatının tarixinə, mahiyyətinə, prinsiplərinə, hörmətinə və s. vura bildikləri ziyanı artıqlaması ilə vurublar. Ancaq bəs etmir - yenə dinc durmurlar...

Bir neçə gün əvvəl internet kanallarının birində bu adamlar köhnə sandıqalrı eşələyərək, gah guya o vaxt meydanda yığılmış pulların haqq-hesabını apardılar, gah bir-birinə “qarpız satan”, “soğan oğrusu”, “dana oğrusu”, “iblis” və daha nə atmacalar atdılar və sair. Sonradan bu düşük dedi-qodunun, təhqirlərin xeyli baxış topladığını görən digər kanal bunları yenidən “xoruz döyüşü” üçün öz verilişlərinə dəvət etdi. Bunlar da özləri bir yana, Xalq Hərəkatında xidmətləri olmuş şəxsiyyətlərə, onların ruhuna, hərəkatın özünə hörmət qoymaq və susmaq, əvvəlki verilişdə yol verdikləri biabırçılıqdan utanmaq əvəzinə cütləşib bu verilişdən o biri verilişə, bu kanaldan o biri kanala “tullanaraq”, şou-maqazin proqramlarına çıxan səviyyəsiz “palatka müğənniləri” kimi bir-birinə dişinin dibindən çıxanı deyirlər. Görünür, cəmiyyətdən diqqət, maraq gözləntiləri olsa da, bunu ala bilməmələrinin heyfini çıxırlar və bundan zövq alırlar. Nə özlərinə hörmət qoyurlar, nə də bir zamanlar təmsil olunduqları hərəkata. Bununla da zatən normal siyasi polemika qıtlığı çəkən siyasi mühiti daha da çirkinləşdirirlər...

Xalqın siyasi savadının az olduğu vaxtlarda ortalığa düşmələri sayəsində qazandıqları dividendlərdən, qarmaqarışıq və birmənalı olmayan keçmişlərindən başqa heç nəyi, heç bir siyasi uğuru, bacarığı olmayan bu adamların bu yaşda etdikləri ikrah doğurur. Təbii ki, heç bir siyasi çəkisi, sözünün, fikrinin cəmiyyətə təsiri qalmayan adamların bu düşüklüyünə fikir verməmək də olar və bəlkə də bu, ən doğrusu olardı. Ancaq onların zatən Azərbaycandakı rusiyayönlü dairələrin uzun illərdir xalqın gözündən salmağa çalışdığı 1990-cı illərin Xalq Hərəkatının nüfuzunu baltalamalarına, bu zaman tez-tez Əbülfəz Elçibəyin və digər mərhum hərəkat liderlərinin adlarını hallandırmalarına, onları da hörmətdən salmalarına biganə baxmaq olmur...

Bu adamların birinin adında, digərinin soyadında “pənah” kəlməsi var. Nə zamansa, əlacsız qalan xalqımız doğrudan da səhvən belələrinə üz tutarq, onlara “pənah gətirmişdi”. Ancaq yaxşı ki, daha belələri xalq üçün “Pənah yeri” deyillər və heç zaman da olmayacaqlar...

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью