GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, güclü qar səbəbilə Astara rayonu və bir neçə kənd arasındakı yol bağlanıb. Bu barədə video paylaşan Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı, Asxanakəran kənd sakini Famil Teymurov deyib ki, vəziyyətlə bağlı aidiyyəti üzrə müraciətlər etsələr də baxılmır:
Sitat: “Bir neçə gündür yollar bağlıdır. Astara rayonunun Asxanakəran, Hamuşam, Toradi və Motlayataq kəndlərində vəziyyət dəyişməz olaraq qalır. Kəndlərdə nə internet var, nə işıq, nə də yollar açılıb. Aramsız yağan qar səbəbindən yaşayış məntəqələri arasında əlaqə tamamilə kəsilib. Üstəlik, nə yollara texnika göndərilib, nə də buna hər hansı bir cəhd olunub”.
Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Asiman Qasımlı ötən gün bildirib ki, yollarda təmizlik işləri aparılır və yolun açılması istiqamətində işlər görülür.
Globalinfo.az Astaradakı vəziyyətlə bağlı müvafiq qurumlara sorğu ünvanlayıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib ki, rayondan kəndlərə gedən yol bu gün açılıb və qurumun qəza xidməti dərhal əraziyə cəlb olunub:
“Hazırda əməkdaşlarımız orda işləyirlər. Gün ərizində işıqla təminat bərpa olunacaq”.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva qeyd edib ki, xilasedicilər respublikanın istənilən ərazisinə ən qısa zamanda çatır:
“Sözügedən ərazidəki vəziyyətlə bağlı məlumat veriləcək”.
Hazırda rayondakı şəraitlə bağlı Astara Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlasaq da, yazı yayımlananadək cavab verilməyib.
Ləman İmran
Globalinfo.az