Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, şüşənin üzərində yaranan ağ təbəqə günəş işığını tamamilə kəsmədən günəş şüalarının bir hissəsini geri əks etdirir. Bu üsul sosial mediada o qədər yayılıb ki, bəzi mağazalarda təbaşir tozunun ehtiyatları belə tükənib.
Üstəlik, bu metodun elmi əsası da var. Təbaşirin əsas maddəsi olan kalsium karbonat günəş işığını əks etdirmək xüsusiyyətinə malikdir və oxşar materiallardan sərinləşdirici ağ boyaların hazırlanmasında da istifadə olunur.
Fransada bəzi məktəblərdə və yaşayış binalarında da tətbiq olunmağa başlanan bu üsul ucuzdur və enerji sərf etmir.
Mütəxəssislər isə bunun müvəqqəti həll olduğunu, həddindən artıq isti havalara qarşı əsas tədbirin isə keyfiyyətli istilik izolyasiyası olduğunu bildirirlər.
Pəncərələrin təbaşirlə ağardılması evin temperaturunu azaltmaq baxımından nə dərəcədə effektivdir?Bunu kondisionerə alternativ hesab etmək olarmı?Bu barədə Bizimyol.info xəbər portalına danışan memar Cahid Həsənov bildirib ki, təbaşirlə bunu etməyə külək imkan verməz: “Sözügedən üslub bizdə effekt kəsb edə bilməz. Ümumiyyətlə kondisionerlərin alternativi ola bilməz. Ona görə ki, hər hansı bir ölkənin iqlim şəraiti var.
Hər iqlim şəraitinə uyğun texniki avadanlıq olmasa da belə alternativ bir yollar olur. Məsələn, çox qədimdə Ərəb ölkələrində tikilən birmərtəbəli kiçik evlərdə sağ və sol küncündə minarə şəklində hörgülər hörürdülər. O, yuxarıdan aşağıya ventilyasiya sistemi elə qurulurdu ki, içəridə hava çox sərin olurdu. Yəni variantları çoxdur. Bakı şəhəri küləklidir. Hər hansı təbaşirlə bunu etməyə külək imkan verməz. Bu estetik baxımından da düzgün deyil. Uzunmüddətli isti ayların çoxalmasına baxmayaraq, bizdə iqlim şəraitinə uyğun belə sistemlər yoxdur. Bakı küləkli şəhər olduğuna görə, onun istifadəsində heç bir rol oynaya bilməz”.
Cahid Həsənov vurğulayıb: “Əsas məsələ inşa olunan MTK ların yaşayış binalarının foması, təbii havalandırma sistemi düzgün qurulmalıdır. Təbii işıqlanma, binalar arasındakı sıxlığın müəyyən standartlara uyğun olması təmin edilsə, bu məsələdə hər şey düzələr. Təsəvvür edin, XIX əsrin sonu - XX əsrin əvvəllərində Rəsul Rza küçəsində, Fəvvarələr meydanı ətrafında, beşmərtəbəli və o dövrdəki iki-üçmərtəbəli binalarda kondisioner olmadan insanlar indikindən daha isti havalarda yaşaya bilirdilər”.
Cahid Həsənov əlavə edib: “Uşaq olsam da, yadımdadır, hava bu qədər isti olsa da, istidən əziyyət yox idi. Çünki baş planlaşdırma yaxşı olub. Otağın interyerinə daxil olan işıqlanmanın miqdarı düzgün təyin olunub. Təbii havalandırma üçün açılıb-bağlanan pəncərələr, qapılar düzgün təyin olunub. Bunun çıxış yolu budur”.
Günel Həsənova, Bizimyol.info