Pensiya alanlara şad xəbər: artımla bağlı sərəncam veriləcək Rəsmi

29.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da növbəti ilin yanvarında olur. Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” qanunun tələbidir. Bu, vətəndaşın qanunla müəyyənləşdirilmiş şəkildə haqq etdiyi məsələdir.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, qanunla müəyyənləşdirilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb:

“Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərancam veriləcək. “Əmək pensiyaları haqqında” qanunun 29-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu o deməkdir ki, pensiyaların artımı Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilir. 2025-ci ildə əmək pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi 2024-cü ilin orta aylıq əməkhaqqı məbləğinin nominal artım göstəricisinə uyğun olaraq 8,1 faiz artırılmışdı. Həmin qayda ilə bu il də əmək pensiyaları bu dəfə 2025-ci ildə orta aylıq əmək haqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək. Hələlik bu artımın dəqiqləşdirilmiş son göstəricisi yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əmək haqqı 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 9,3 faiz artıb. Rəsmi açıqlamalarda hələlik 9-9,2 faiz arasında artım olacağı barədə fikirlər səsləndirilir. Artımın gerçəkdən neçə faiz olacağı barəda konkret rəqəm gələn həftə, yəni fevral ayının əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əmək haqqının orta illik artım tempini elan edən kimi, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə fevralın əvvəllərində xüsusi Prezident sərəncamı veriləcək”.

Deputat bildirib ki, indeksləşdirmədən sonra ötən il pensiyaçıların yarıya qədərinin median pensiya səviyyəsində, yəni, 360 manat ətrafında aldığı pensiyalar təqribən 33 manat artıb 393 manata, 543 manat elan edilən orta pensiya ətrafında pensiya alanların pensiyası isə 50 manat ətrafında artıb 593 manata çatacağı gözlənilir:

“Əmək pensiyaları haqqında” qanunun tələbinə uyğun olaraq pensiya artımı əmək pensiyalarının hər üç növünə, yəni, yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara şamil ediləcək. Bu əsasda pensiya artımının 1,1 milyon pensiyaçını əhatə edəcəyi gözlənilir. Hələ 2025-ci il üzrə əmək haqqının orta illik artım göstəricisi məlum olmadığından, pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məbləğdə pensiya aldılar. Pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla yanvar-fevral ayları üzrə artan məbləği birlikdə fevral ayında alacaqlar. Yəni, pensiyası 400 manat olan pensiyaçının pensiyası 37 manata yaxın artaraq 437 manata çatacaq. Amma o fevralda həm yanvar və həm də fevral ayının artmlarını birlikdə almaqla 474 manat alacaq. Mart ayından başlayaraq isə 437 manata yaxın pensiya alacaq”.

Ə.Məsimli qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanunun 29.1-1 maddəsinin tələblərinə görə, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin, yəni, inflyasiyanın illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir:

“2025-ci ildə fərdi şəxsi hesablardakı pensiya kapitalları rəsmi inflyasiya göstəricisi kimi qeydə alınmış 2,2 faiz səviyyəsində indeksləşdirilərək artırılmışdı. Sözügedən qanuna əsasən, 2026-cı ildə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 2025-ci ilin rəsmi inflyasiya göstəricisi səviyyəsində indeksləşdiriləcək. Bu rəqəm artıq məlumdur. 2026-cı ildə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 5,6 faiz səviyyəsində indeksləşdiriləcək. Hazırda 320 manat pensiya təminatı üçün minimum 46 080 manat pensiya kapitalı və ya 25 il iş stajı (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) tələb olunur. Fərdi hesabında minimum 46 080 manat pensiya kapitalı olan və minimum pensiya alan vətəndaşın vəsaiti bu il 2580 manat artırılıb 48 660 manata, fərdi hesabında 60 min manat olan pensiyaçının vəsiti- 3360 manat artırılaraq 63 360 manata çatacaq və s. Beləliklə, bu il əmək pensiyalarında artım 9 faiz ətrafında, vətəndaşların fərdi hesabında olan pensiya kapitalının artımı isə 5,6 faiz olacaq. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью