Pensiya düzəltmək adı ilə dələduzluqla bağlı məhkəmədə Müdafiə Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxsi ifadə verib

30.01.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətəndaşlara əlilliklə bağlı pensiya düzəltmək adı ilə külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən Samirə Mirzəyevayanın digər epizod üzrə keçirilən məhkəmə prosesində Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi Ruhin Tağıyev əlavə şahid kimi çağırılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə Ruhin Tağıyev bildirib ki, təqsirləndirilən Samirə Mirzəyevanı bacısı - zərərçəkən Mahirə Tağıyeva vasitəsi ilə tanıyıb:

"Bacıma deyiblər ki, Samirə əlilliklə bağlı məsələləri həll edə bilir. Bacım və oğlu Nicat Samirə ilə işlərini məndən gizlədiblər. Artıq iş-işdən keçəndən sonra bu barədə xəbər tutmuşam. Mən Samirə Mirzəyevanı tanımırdım. Bacım oğlu Nicatı hazırda iş üzrə bəzi zərərçəkən şəxslərlə tanış etmişəm. Həmin şəxsləri də Nicat Samirə Mirzəyeva ilə tanış edib. Mənim hazırda təqsirləndirildiyim işin isə Samirə Mirzəyeva ilə heç bir əlaqəsi yoxdur. O, başqa işdir".

Daha sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul olunub.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Növbəti proses fevralın 13-nə təyin edilib.

Qeyd edək ki, Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında vətəndaşların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

O, daha öncə digər 13 zərərçəkən şəxsə qarşı 700 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Samirə Mirzəyevanın digər epizod üzrə təqsirləndirilməsinə dair cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

Samirə Mirzəyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin barəsində Müdafiə Nazirliyindən daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.

O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Hazırda Ruhin Tağıyev barəsində Bakı Hərbi Məhkəməsində məhkəmə istintaqı davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью