Pensiya ilə bağlı çaşdırıcı məqam: Artarsa, nə olacaq?

26.01.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. 

Millət vəkili Vüqar Bayramov bildirib ki, bu,  vətəndaşların 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitallarının 5.6 faiz artırılacağı deməkdir:

“Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunacaq. 

Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manat olacaq. Pensiya kapitalının indeksləşdirilərək artırılması ilə bağlı gələn ayın əvvəllərində Azərbaycan Prezidenti tərəfindən sərəncamın imzalanacağı gözlənilir. 

Bununla da istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək”.

Pensiya kapitalının indeksləşdirilərək artırılması və  minimum pensiya kapitalı necə müəyyən edilir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, vətəndaşın məcburi dövlət sosial sığorta haqqı uzunmüdətli yığıma əsaslanan bir prosesdir: 

“Bu yığım müddətində dəyər itirməməsi üçün inflyasiya səviyyəsində indeksləşdirilir ki, bütün dünyada, o cümlədən Azərbaycanda da  belədir. “Əmək pensiyaları haqqında” Qanunun tələbidir və hər il aparılan prosesdir. 

Məqsədi odur ki, vətəndaşın yığımı inflyasiyadan qorunsun. O başqa bir mövzudur ki, inflyasiyadan nə dərəcədə qorunur?  Çünki rəsmi inflyasiya səviyyəsi real inflyasiya səviyyəsindən fərqlənir. 

Təəssüf ki, Azərbaycanda alternativ  inflyasiyanın qiymətləndirilməsi metodologiyasını tətbiq edən qurumlar yoxdur.  Yaxud da vətəndaş cəmiyyəti institutları yoxdur ki, bu alternativ inflyasiya hesablansın. Məsələn, Türkiyə təcrübəsində bu var və  təxminən iki dəfə fərq özünü göstərir.

Azərbaycanla bağlı bəzi dövrlər üzrə məlumatlara baxdıqda,  2020- 2022-ci illər üzrə müqayisədə real inflyasiya ilə təqdim olunan inflyasiya arasında 2-2,5 dəfə fərq olub. 

Bu aspektdən yanaşsaq, məqsəd əslində dəyərsizləşdirmədən qorumaq olsa da, rəsmi inflyasiya reallığı tam əks etdirmədiyi üçün heç əslində məqsədi tam olaraq yerinə yetirmir. 

Bu, pensiya hüququnun əldə edilməsi üçün tələb olunan minimum pensiya kapitalı deyil. Bu, məcburi sosial sığorta haqqı ödəyən şəxslərə aiddir. Məsələn, biri sahibkar kimi VÖEN əsasında fəaliyyət göstərir və sosial sığorta haqqı ödəyir. 

Yaxud digəri əmək müqaviləsinə görə muzdlu əməkhaqqından sosial sığorta haqqı ödəyir. Həmin vəsaitlər hər il onun hesabında toplanır və bu toplanan pensiya kapitalıdır. Bu kapitalın indeksləşməsindən söhbət gedir”.

Ekspertin sözlərinə görə, minimum pensiya kapitalı, pensiya hüququnun əldə edilməsi, onun hesablanma metodologiyası fərqlidir: 

“O, yalnız minimum pensiya artdığı zaman artır. Bu il minimum pensiyanı artırmadılar, ona görə də müvafiq göstərici dəyişmədi. Hazırda pensiya kapitalı 46 min 80 manat olaraq qalır. Əgər hazırda 320 manat olan pensiyanın məbləği 400 manat olarsa, o zaman bu məbləğ 144-ə vurulacaq,ə.  Məsələn, 57 min 600 manata qalxacaq”.

Ekspertin fikrincə, ümumiyyətlə, minimum pensiya kapitalının hesablanma metodologiyasının təkmilləşdirilməsinə ehtiyac var:

“Minimum məbləğ götürülməlidir. İnflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirmə işlənib hazırlana bilər. 

Ümumiyyətlə, pensiya hüququ iki aspektdən formalaşır. Birincisi, vətəndaş tələb olunan pensiya kapitalını toplamalıdır. Əgər bu hüququ yaranmırsa, o zaman minimum 25 il sığorta stajı ödəməlisiniz. 

Yəni bu fərqi yoxdur, ayda 1 manat ödəsəniz belə, pensiya yaşı çatanda sığorta kapitalınız cəmi 2 min manat olubsa, ancaq siz 25 il bunu ödəmisinizsə  pensiya hüququ yaranır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Pensiya Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью