Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, son günlər “myGov” platformasında vətəndaşların pensiya kapitalının məbləği və fərdi hesab məlumatları ilə bağlı problemlər müşahidə olunur.
Bəzi istifadəçilər 2018-ci ildən sonrakı məlumatların fərdi hesablarında görünmədiyini, eləcə də pensiya kapitallarının əvvəlki məbləğlə müqayisədə kəskin azaldığını bildirirlər.
Vətəndaşlardan birinin sözlərinə görə, onun pensiya kapitalı 65 min manatdan 28 min manata düşüb. Digər istifadəçilər də oxşar problemlə üzləşdiklərini qeyd edərək narahatlıqlarını ifadə ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, məlumatların emalı prosesinin oktyabrın 11-i saat 17:00-dək başa çatdırılması gözlənilir.
Texniki proses yekunlaşdıqdan sonra şəxsi kabinetlərdəki məlumatların dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacağı qeyd edilmişdi. Bəs emal prosesi başa çatıb və məlumatlar yenilənibmi? Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdi “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, məlumatların emalı prosesi tam başa çatıb. Onun sözlərinə görə, hazırda məlumatların “myGov” platformasına inteqrasiyası həyata keçirilir. “İnteqrasiya prosesi başa çatdıqdan sonra məlumatlar “myGov” platformasında əks olunacaq”, – deyə Rəşad Mehdi bildirib.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: pensiya kapitalı nazirlik
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin