Pensiya ödənişlərinin vaxtı dəyişə bilər KONKRET

27.06.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycanda pensiya və sosial müavinətlərin əsasən ayın ortası və sonuna təsadüf etməsi uzun illərdir vətəndaşların narazılığına səbəb olan məsələlərdən biridir. Halbuki kommunal xidmət haqları, kredit ödənişləri, kirayə, dərman və digər zəruri xərclərin böyük hissəsi ayın ilk günlərində ödənilir.
Bu səbəbdən sosial ödənişlərin tarixinin dəyişdirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, pensiya və sosial müavinətlərin ödəniş tarixləri vətəndaşların real ehtiyaclarına uyğunlaşdırılmalıdır.

Asif İbrahimov

Onun sözlərinə görə, xüsusilə yalnız pensiya və sosial müavinətlə dolanan insanlar ayın əvvəlində yaranan maliyyə öhdəliklərini qarşılamaqda çətinlik çəkirlər.

“Azərbaycanda pensiya və sosial müavinətlərin əsasən ayın ortası və sonuna təsadüf etməsi uzun illərdir müzakirə olunan məsələlərdəndir. Vətəndaşların böyük hissəsi kommunal xidmətlər, kredit ödənişləri, dərman və digər zəruri xərclərlə ayın ilk günlərində qarşılaşır. Lakin sosial ödənişlərin daha gec həyata keçirilməsi xüsusilə yalnız pensiya və müavinətlə yaşayan insanlar üçün əlavə maliyyə çətinliyi yaradır”, – deyə ekspert vurğulayıb.

Asif İbrahimov qeyd edib ki, müasir sosial siyasətin əsas prinsiplərindən biri dövlət ödənişlərinin vətəndaşların gündəlik həyat ritminə uyğun təşkil edilməsidir. Onun fikrincə, bu baxımdan pensiya və sosial müavinətlərin ayın ilk günlərində ödənilməsi məsələsinə yenidən baxılması məqsədəuyğun olardı.

Ekspert hesab edir ki, ödəniş qrafikinin dəyişdirilməsi büdcə planlaması, xəzinə sistemi və texniki proseslərlə əlaqəli olsa da, bu maneələr həllolunmaz deyil:

“Əgər məqsəd vətəndaşın rifahını artırmaqdırsa, sosial ödənişlərin vaxtı da həmin məqsədə xidmət etməlidir.
Aidiyyəti dövlət qurumları pensiya və sosial müavinətlərin ayın əvvəlində ödənilməsi imkanlarını araşdırmalı, vətəndaşların maliyyə yükünü azaltmağa yönəlmiş daha çevik mexanizmlərin tətbiqini nəzərdən keçirməlidir”.

Ekspert sonda vurğulayıb ki, sosial ödənişlər sadəcə rəqəmlərdən ibarət deyil, minlərlə insanın gündəlik həyat təminatını təşkil edir və onların ödənilmə vaxtı da bu reallıq nəzərə alınaraq müəyyənləşdirilməlidir.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью