Pensiyalar hansı həddə çatdırılmalıdır KONKRET

01.09.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycanda pensiya və müavinətlərin məbləği ilə vətəndaşların gündəlik xərcləri arasındakı fərq getdikcə daha çox hiss olunur. Ərzaq, dərman, tibbi xidmət və digər zəruri məhsulların qiymətlərinin artması sosial ödənişlərə edilən artımların real təsirini azaldır. Xüsusilə inflyasiyanın pensiya artımını üstələməsi yaşlı və həssas əhali qruplarının sosial vəziyyətinə təsir göstərir.

Bəs pensiya və müavinətlər hansı həddə çatdırılmalıdır ki, vətəndaşlar əsas ehtiyaclarını normal şəkildə qarşılaya bilsinlər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, pensiya və müavinətlərin məbləği real bazar və istehlak qiymətlərinə uyğunlaşdırılmalıdır.

“Azərbaycanda pensiya və müavinətlərin həddi elə səviyyədə olmalıdır ki, real bazar və istehlak qiymətləri ilə uyğunluq təşkil etsin. Hazırda pensiya və müavinətlərin məbləği əsasən ilin əvvəlində müəyyən edilən inflyasiya göstəricisi və vətəndaşların alıcılıq qabiliyyəti nəzərə alınmaqla formalaşdırılır. Rəsmi olaraq açıqlanan 6,8 faizlik inflyasiya göstəricisinə uyğun indeksləşdirmə aparılır və nəticədə pensiyalarda təxminən 8-9 faizlik artım həyata keçirilir”, – deyə ekspert qeyd edib.

İqtisadçının sözlərinə görə, 2026-cı ildə pensiya və müavinətlərin artım tempinin əvvəlki dövrlə müqayisədə aşağı olması diqqət çəkir. O bildirib ki, burada ölkənin iqtisadi inkişaf göstəriciləri, məşğulluq səviyyəsi, yeni iş yerlərinin yaradılması, investisiya qoyuluşları, eləcə də Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri mühüm rol oynayır.

“Görünür, Azərbaycanda son illər məşğulluq səviyyəsinin aşağı düşməsi, yeni iş yerlərinin yaradılması dinamikasının zəifləməsi və regional investisiya qoyuluşlarının əvvəlki illərlə müqayisədə azalması pensiya və müavinətlərin artım tempinə də mənfi təsir göstərir. Bu baxımdan pensiya və müavinətlər real yaşayış səviyyəsini təmin edəcək həddə deyil. Ona görə də onların artımı aşağı və ya zəif dinamika ilə davam edir”, – R.Abbasbəyli vurğulayıb.

Ekspert hesab edir ki, pensiya və müavinətlərin birdəfəlik 20-30 faiz artırılması da optimal həll yolu deyil. Onun fikrincə, belə kəskin artım bazarda qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

“Biz pensiya və müavinətlərin kəskin şəkildə artırılmasının tərəfdarı deyilik. Əgər pensiya və müavinətlər birdəfəlik 20-30 faiz artırılarsa, bazar buna dərhal reaksiya verə və qiymət artımı baş verə bilər. Ona görə də hökumət bu məsələyə ehtiyatla yanaşmağa üstünlük verir. Pensiya və müavinətlərin kəskin artırılması ilə bağlı hər hansı açıqlama belə bazarda psixoloji olaraq qiymət artımı gözləntilərini gücləndirə bilər”, – deyə iqtisadçı bildirib.

R.Abbasbəyli qeyd edib ki, pensiya və digər sosial ödənişlərin gələcəkdə daha çevik şəkildə nəzərdən keçirilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilib. Onun sözlərinə görə, 2026-cı ilin fevralında təsdiqlənən yeni qanunla pensiya və müavinətlər, eləcə də digər büdcə ödənişləri və minimum əməkhaqqının baza hissəsinə ildə azı iki dəfə baxılması nəzərdə tutulur.

“Qanunun təsdiqindən artıq müəyyən müddət keçib. Əgər dövlət ilin sonuna qədər bu məsələyə yenidən baxmasa belə, növbəti ilin fevralına qədər artımlarla bağlı qərar verməlidir. Bu isə o deməkdir ki, 2027-ci ildə pensiya və müavinətlər, eləcə də minimum əməkhaqqının artırılması məsələsi ən azı iki dəfə gündəmə gələ bilər. Bunun artırılıb-artırılmayacağı isə müzakirələrdən və büdcə imkanlarından asılı olacaq”, – iqtisadçı vurğulayıb.

Onun sözlərinə görə, növbəti dövrdə yalnız sosial ödənişlərin artırılması deyil, onların strukturunun dəyişdirilməsi məsələsi də gündəmə gələ bilər. Burada dövlət büdcəsinin gəlir və xərclərinin strukturu əsas amillərdən biri olacaq.

Ekspert hesab edir ki, yaxın dövrdə pensiya və müavinətlərdə ciddi artım ehtimalı yüksək deyil.

“Böyük ehtimalla, bu ilin sonuna qədər ciddi artımların şahidi olmayacağıq. Təəssüf ki, bazarla pensiya və müavinətlərin təyinatı arasında çox ciddi uçurum mövcuddur”, – R.Abbasbəyli deyib.

İqtisadçı xüsusilə pensiyaçıların əsas xərclərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. O bildirib ki, pensiyaların məbləği müəyyənləşdirilərkən yalnız ümumi inflyasiya göstəricisi deyil, səhiyyə, dərman, müalicə və qida xərcləri də əsas meyar kimi götürülməlidir.

“Burada ən vacib xərc istiqamətlərindən biri tibbi xərclərdir. Tibbi xidmət, dərman və qida qiymətləri hər gün bahalaşır. Pensiya yaşında olan, xüsusilə həssas qruplara aid insanların səhiyyə və qida xərcləri daha böyük əhəmiyyət daşıyır. Buna görə də pensiyaların məbləği artırılarkən səhiyyə, dərman, müalicə və qidalanma xərcləri əsas baza kimi götürülməlidir”, – deyə ekspert əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью