“Pensiyalar qiymət artımı ilə əriyib getməsin...” Əli Məsimli gözləntilərini açıqladı

30.01.2026

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İqtisadçı deputat Əli Məsimli 2026-cı ildə gözlənilən pensiya artımları ilə bağlı suallara aydınlıq gətirib.

O bildirib ki, ötən ilin ortalarından etibarən “pensiyaçılara şad xəbər” başlığı altında tezliklə pensiyaların artırılacağı ilə bağlı məlumatlar tirajlanırdı. Qanunvericiliyə əsasən, pensiyalar ildə bir dəfə artırılır və bu artım cari ildə deyil, növbəti ilin yanvarından qüvvəyə minir.

Əli Məsimli deyib ki, əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun tələblərindən irəli gəlir və bu, vətəndaşların qanunla müəyyən olunmuş haqqıdır. Onun sözlərinə görə, artıq qanunla müəyyənləşdirilmiş qaydada pensiyaların artırılması vaxtı çatıb və fevral ayının birinci dekadasında pensiyaların nə qədər artırılacağı ilə bağlı müvafiq sərəncam veriləcək.

Deputat vurğulayıb ki, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi hər il ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. Bu isə o deməkdir ki, pensiya artımı Dövlət Statistika Komitəsinin elan etdiyi əvvəlki ilin orta aylıq əməkhaqqının artım göstəricisinə əsaslanır.

Əli Məsimli xatırladıb ki, 2025-ci ildə pensiyalar 2024-cü ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq 8,1 faiz artırılmışdı. 2026-cı ildə də pensiyalar 2025-ci ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdiriləcək. Deputat bildirib ki, hələlik artımın dəqiq faizi açıqlanmayıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb. Rəsmi açıqlamalarda isə artımın 9–9,2 faiz arasında olacağı ehtimal edilir. Məsimli qeyd edib ki, konkret rəqəm fevral ayının əvvəllərində məlum olacaq və bundan sonra 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması ilə bağlı Prezident sərəncamı veriləcək.

Pensiya artımlarının məbləğinə toxunan deputat bildirib ki, indeksləşdirmədən sonra median pensiya səviyyəsində – təxminən 360 manat pensiya alan vətəndaşların pensiyası 33 manat artaraq 393 manata, orta pensiya səviyyəsində 543 manat alanların pensiyası isə təqribən 50 manat artaraq 593 manata çatacaq.

Əli Məsimli vurğulayıb ki, pensiya artımı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyalarının bütün növlərinə – yaşa görə, ailə başçısını itirməyə görə və əlilliyə görə pensiya alanlara şamil ediləcək. Onun sözlərinə görə, bu artım ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edəcək.

“Pensiyaçılar niyə yanvar ayında artımlı pensiya almayıblar” sualına cavab verən deputat bildirib ki, 2025-ci il üzrə orta illik əməkhaqqının artım göstəricisi yanvar ayında hələ məlum olmadığından pensiyalar əvvəlki məbləğdə ödənilib. O qeyd edib ki, pensiyaçılar artan pensiyalarını yanvar ayı üzrə artım da daxil olmaqla fevral ayında toplu şəkildə alacaqlar. Məsimli misal çəkərək deyib ki, pensiyası 400 manat olan vətəndaşın pensiyası təxminən 37 manat artaraq 437 manata yüksələcək, lakin fevral ayında yanvar və fevral aylarının artımı birlikdə ödənildiyi üçün həmin şəxs 474 manat alacaq. Mart ayından etibarən isə aylıq pensiya 437 manat civarında olacaq.

Deputat həmçinin vətəndaşların fərdi hesablarında olan pensiya kapitalının artımı məsələsinə də toxunub. O, bildirib ki, qanunun tələblərinə əsasən fərdi hesabların sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə inflyasiya səviyyəsinə uyğun indeksləşdirilir. Əli Məsimli deyib ki, 2026-cı ildə bu göstərici 5,6 faiz olacaq. Hazırda minimum 320 manat pensiya almaq üçün tələb olunan 46 080 manat pensiya kapitalı bu il 2 580 manat artaraq 48 660 manata çatacaq, 60 min manat kapitalı olan şəxslərin hesabındakı vəsait isə 3 360 manat artaraq 63 360 manat olacaq.

Sonda deputat vurğulayıb ki, pensiyaların hər il indeksləşdirilməsi müsbət haldır, lakin bu, məsələnin yalnız bir tərəfidir. Qiymətlərin də artdığını nəzərə alaraq real təsiri olan ciddi antiinflyasiya tədbirləri görülməlidir ki, pensiya artımları inflyasiyanın təsiri altında əriyib getməsin və pensiyaçıların həyatına real müsbət təsir göstərə bilsin.

Rasim Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью