Pensiyalar yenidən artırılacaq?

30.06.2026

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Son vaxtlar həm Milli Məclis səviyyəsində, həm də iqtisadçı ekspertlər arasında pensiya islahatları və minimum məbləğlərin artırılması barədə rəylər daha tez-tez eşidilməkdədir.

Azpost.info bildirir ki, Azərbaycanda pensiyaların artırılması məsələsi iki fərqli hüquqi və iqtisadi xətt üzrə tənzimlənir: Planlı indeksləşdirmə (avtomatik artım) və Siyasi-sosial qərarlar (minimum məbləğin artırılması).

Azərbaycan qanunvericiliyinə görə, hər ilin əvvəlində əmək pensiyalarının sığorta hissəsi Dövlət Statistika Komitəsinin elan etdiyi ötən ilki orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq avtomatik indeksləşdirilir. 2026-cı ilin yanvar ayında bu qanuni bənd icra edilib və ötən ilin yekunlarına uyğun olaraq pensiyaların sığorta hissəsi indeksləşdirilərək artırılıb. Yəni, cari ilin planlı və məcburi artım dalğası artıq başa çatıb.

 2026-cı İldə növbəti artım mümkündür?

İlin ortasında və ya növbəti aylarda pensiyaların yenidən artması qanunla avtomatik deyil, yalnız Prezidentin xüsusi fərmanı və sosial islahat paketləri çərçivəsində mümkündür. Hazırda müzakirə olunan əsas məqam da məhz budur.

2026-cı ilin qalan dövründə növbəti artımı real edən və ya məhdudlaşdıran bir neçə əsas amil var.

Artımı real edən amillər hansıdır?

Bura ilk növbəə büdcə profisiti daxildir. Azərbaycanın neft-qaz gəlirlərinin və qeyri-neft sektorundan gələn vergi-gömrük daxilolmalarının proqnozlaşdırılandan yüksək olması dövlət büdcəsində və DSMF-də əlavə maliyyə yastığı (profisit) yaradıb.

Təsdiq edilmiş rəsmi qanuna əsasən, Azərbaycanın 2026-cı il dövlət büdcəsi profisitlə deyil, 3 milyard 94,6 milyon manatlıq kəsirlə proqnozlaşdırılıb.

Bununla belə, ilin gedişatında büdcənin icrası nəticəsində cari (operativ) profisit yaranıb. 2026-cı ilin ilk 5 ayının yekunlarına görə, büdcə daxilolmalarının yüksək icrası nəticəsində dövlət büdcəsində 2 milyard 990,5 milyon manat həcmində cari profisit (artıqlıq) formalaşıb.

Bu da dövlətə ilin ikinci yarısında və ya sonunda yeni sosial paket elan etmək üçün iqtisadi manevr imkanı verir.

Həmçinin inflyasiya təzyiqi də diqqət mərkəzindədir. Dünyada və ölkədə xüsusilə ərzaq inflyasiyasının yaratdığı qiymət artımları rəsmi dairələri minimum əməkhaqqı və minimum pensiya məbləğlərinə yenidən baxmağa məcbur edir. Qeyd edək ki, 2026-cı il üçün pensiyaçılar üzrə yaşayış minimumu 245 manat müəyyən edilib. Pensiya kapitalı və ya iş stajı minimum tələblərə cavab verməyən şəxslərə əmək pensiyası deyil, yaşa görə sosial müavinət təyin edilir ki, bu məbləğ də hazırda 220 manatdır

Maddi rifahın qorunması üçün minimum həddin 300 manat və üzərinə qaldırılması deputatlar tərəfindən də təklif olunur.

Məhdudlaşdırıcı risklər nədir?

Azərbaycan büdcəsi birbaşa neft və qaz qiymətlərindən asılı olduğu üçün rəsmi qurumlar uzunmüddətli sosial öhdəlikləri artırarkən çox ehtiyatlı davranırlar. Cari ildə rəsmi büdcə daxilində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığını qorumaq əsas prioritetdir.

İqtisadçıların ümumi qənaətinə görə, 2026-cı ilin payız aylarında və ya növbəti ilin büdcə müzakirələri zamanı (oktyabr-noyabr) minimum pensiya məbləğinin artırılması ilə bağlı rəsmi qərarların verilməsi ehtimalı olduqca yüksəkdir. Dövlətin cari maliyyə resursları bu artımı tamamilə qarşılamağa imkan verir.

Samir Abdulla

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью