Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Bəzi pensiya alan vətəndaşların pensiyalarına sabit aylıq əlavələrin hesablanması nəzərdə tutulur. Başqa sözlə, pensiya kapitalına əsasən hesablanan məbləğin üzərinə ayrıca aylıq ödəniş əlavə olunacaq. Milli Məclisin qəbul etdiyi dəyişikliklər xüsusi şərtlərlə pensiya hüququ olan bir sıra şəxsləri əhatə edir. Yeni mexanizm həmin şəxslərin pensiyalarının hesablanmasında əməkhaqqından asılılığın aradan qaldırılmasını nəzərdə tutur.
İqtisadçı millət vəkili Vüqar Bayramovun sözlərinə görə, "Əmək pensiyaları" haqqında qanuna edilən dəyişikliklərə əsasən, bəzi vətəndaşlarımızın pensiyalarına aylıq pensiya əlavəsi hesablanacaq. Yəni onların sosial yığımları əsasında müəyyənləşdirilən pensiya məbləğinə aylıq sabit məbləğlər əlavə olunacaq və bu da pensiyaların artmasına gətirib çıxaracaq. Hazırda bu kateqoriyadan olan şəxslərin pensiyaya çıxarkən pensiya məbləğləri kapitala əsasən deyil, əməkhaqqının məbləğinə uyğun müəyyənləşdirilir. Yeni dəyişikliklər sığorta mexanizmini gücləndirdiyindən, bu şəxslərin pensiyaları fərdi şəxsi hesablarında toplanmış yığımlar əsasında müəyyənləşdiriləcək və hesablanan məbləğə sabit əlavələr ediləcək. Söhbət dövlət qulluqçularından, Müdafiə Nazirliyinin hərbi qulluqçularından və bir sıra digər kateqoriyalara aid şəxslərdən gedir: "Sadə bir misalla izah etsək: əgər bu kateqoriyaya uyğun gələn vətəndaşın 100 min manat pensiya kapitalı varsa, həmin vəsaitin 85 faizi fərdi hesabda cəmləşəcək. Yəni fərdi hesabda 85 min manat vəsait olacaq. Həmin şəxsin yığım əsaslı pensiyasının məbləğini müəyyənləşdirmək üçün bu vəsait 144-ə bölünəcək (85 000 manat / 144 = 590,2 manat). Deməli, həmin vətəndaşımızın yığım əsaslı pensiyasının məbləği 590,2 manat olacaq. Vətəndaşımız qeyd edilən xüsusi kateqoriyaya daxil olduğu üçün onun yığım əsaslı pensiyasının məbləğinə sabit vəsait əlavə olunacaq. Nəticədə aylıq pensiya məbləği = 590,2 manat + sabit əlavə".
V.Bayramov əlavə edib ki, yeni qaydalarla pensiyanın və pensiya əlavəsinin proaktiv təyinatı həyata keçiriləcək. Yəni həmin vətəndaşlarımız heç bir dövlət qurumuna müraciət etməyəcəklər, onların pensiya məbləğləri elektron qaydada müəyyənləşdirilərək təyin ediləcək: "Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək. Yəni qanuna edilən dəyişikliklər təsdiq olunan zaman fərmanla aylıq pensiya əlavəsinin məbləğini müəyyən edəcək qurum da müəyyənləşdiriləcək".
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, şəxslərin fərdi hesablarında toplanan pensiya yığımları əsasında müəyyənləşdirilən aylıq pensiya məbləğinə sabit əlavələrin edilməsi pensiya təminatının gücləndirilməsi baxımından mühüm addım hesab oluna bilər. Bu yanaşma pensiyaçıların gəlirlərinin artırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə və gündəlik xərclərinin qarşılanmasına dəstək verə bilər. Digər tərəfdən, bu mexanizmin effektivliyi əlavələrin hansı məbləğdə müəyyənləşdirilməsindən və onların pensiyaçıların real ehtiyaclarına nə dərəcədə uyğun olmasından asılıdır. Xüsusilə ərzaq, dərman və kommunal xidmətlər üzrə xərclərin artdığı şəraitdə pensiya artımlarının əhalinin alıcılıq qabiliyyətinə real təsir göstərməsi vacibdir. Bununla yanaşı, islahatın tətbiqi zamanı şəffaflıq və bərabərlik prinsiplərinin qorunması da önəmlidir: "Yeni mexanizmə əsasən, dövlət qulluqçularının pensiya məbləğinin dövlət məvacibi ilə birbaşa əlaqəsinin aradan qaldırılması nəzərdə tutulur. Hazırkı sistemdə bu kateqoriyaya aid şəxslərin pensiya təminatında dövlət məvacibi və onun sonrakı artımları ilə əlaqəli ödəniş mexanizmləri mövcuddur. Yeni yanaşma isə pensiyanın fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı əsasında ümumi qaydada hesablanmasını nəzərdə tutur. Bununla yanaşı, dövlət qulluqçuları üçün ayrıca aylıq pensiya əlavəsi müəyyən ediləcək. Həmin əlavənin məbləği dövlət qulluğu vəzifələrinin inzibati təsnifatına uyğun olaraq sabit qaydada təyin olunacaq. Beləliklə, pensiyanın əsas hissəsi şəxsin topladığı pensiya kapitalından, əlavə ödəniş isə qanunvericiliklə müəyyən edilən sabit məbləğdən formalaşacaq".
İqtisadçı ekspert Rəsmiyyə Sabir vurğulayıb ki, sözügedən dəyişikliklər əməkhaqqı ilə pensiya arasındakı birbaşa əlaqənin aradan qaldırılmasını və əlavə təminatın ayrıca mexanizm əsasında həyata keçirilməsini nəzərdə tutur: "Yeni yanaşmaya əsasən, əmək pensiyası şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı əsasında hesablanacaq, xüsusi kateqoriyalara aid şəxslər üçün nəzərdə tutulan əlavə təminat isə ayrıca aylıq pensiya əlavəsi formasında həyata keçiriləcək. Dəyişikliklər əsasən gələcəkdə pensiya təyin edilərkən tətbiq olunacaq hesablama mexanizminə aiddir. Artıq təyin edilmiş pensiyaların avtomatik azaldılması nəzərdə tutulmur".
R.Sabirin dediyinə görə, yeni sistemdə pensiya təminatının iki komponentdən formalaşması planlaşdırılır: "Bunlardan birincisi fərdi pensiya kapitalı əsasında hesablanan əmək pensiyası, ikincisi isə qanunvericiliklə müəyyən edilmiş kateqoriyalara ödəniləcək aylıq pensiya əlavəsidir. Əlavənin konkret məbləğinin ayrıca səlahiyyətli qurum tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Bu baxımdan, "hamının pensiyası artacaq" və ya "hamının pensiyası azalacaq" demək düzgün olmaz. Konkret şəxsin pensiyasının yeni mexanizm üzrə hansı məbləğdə olacağını müəyyən etmək üçün həmin şəxsin pensiya kapitalı, sığorta və qulluq stajı, vəzifə tarixçəsi, habelə aylıq pensiya əlavəsinin konkret məbləği nəzərə alınmalıdır. Hazırkı layihə mətnində bu kateqoriyaların hamısı üçün vahid məbləğ müəyyən edilməyib".
R.Sabir layihədə dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı fərqli tarixlərin nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Belə ki, bəzi müddəaların 2026-cı il oktyabrın 1-dən, digər əsas müddəaların isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif olunur. Onun fikrincə, burada söhbət pensiyanın sadəcə artırılması və ya azaldılmasından deyil, onun hesablanması və əlavə təminat mexanizminin dəyişdirilməsindən gedir. Əsas yenilik gələcək pensiya təyinatlarında əməkhaqqı ilə pensiya arasındakı birbaşa əlaqənin aradan qaldırılması və fərdi pensiya kapitalı əsasında hesablanan əmək pensiyası ilə ayrıca aylıq pensiya əlavəsi modelinə keçiddir. Azərbaycanda pensiya təminatı 2006-cı ildən fərdi uçot və sosial sığorta prinsipləri əsasında həyata keçirilir. Bu baxımdan, pensiya təminatı və indeksasiya mexanizmlərinin sosial sığorta prinsiplərinə uyğunlaşdırılması və daha da təkmilləşdirilməsi vacibdir.
Sevinc QARAYEVA