Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 50 milyard 774,7 milyon manat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Pərakəndə ticarət dövriyyəsinin 30 milyard 237,3 milyon manatı və ya 59,6 faizi Bakı şəhərinin payına düşüb. Paytaxtda ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz artıb.
Beləliklə, ölkə üzrə pərakəndə ticarət dövriyyəsinin təxminən 60 faizi Bakıda formalaşıb.
Qeyd edək ki, şəhər və rayonlar üzrə adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsinə gəlincə, Bakı şəhəri 1 424,7 manatla ilk sırada qərarlaşıb.
Paytaxtı Qubadlı rayonu 497,3 manatla, Mingəçevir şəhəri 487,4 manatla, Sumqayıt şəhəri 470,2 manatla və Bərdə rayonu 438,9 manatla izləyir.
İlk onluqda, həmçinin Gəncə şəhəri (438,5 manat), Şirvan şəhəri (437,9 manat), Yevlax rayonu (378,6 manat), Hacıqabul rayonu (370,5 manat) və Xankəndi şəhəri (364,6 manat) yer alıb.
Ən aşağı göstərici isə Kəlbəcər rayonunda qeydə alınıb. Burada adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi cəmi 13 manat təşkil edib. Laçın rayonunda bu rəqəm 23 manat, Cəbrayıl rayonunda 40,2 manat, Ağdərə rayonunda 41,6 manat, Zəngilan rayonunda isə 44,3 manat olub.
Beləliklə, Bakı şəhərində adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi Kəlbəcər rayonu ilə müqayisədə təxminən 110 dəfə çox olub.
Elnur Əli