sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Madrid "Real"ında prezident seçkilərinin nəticələri açıqalnıb. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, Valdebebas təlim-məşq bazasında baş tutan səsvermədə Peres əsas rəqibi Enrike Rikelmeni böyük fərqlə üstələyib. Seçki Komissiyasının açıqladığı yekun nəticələrə əsasən, 79 yaşlı funksioner 21 741 səs (65%) toplayıb. Rikelme isə 11 814 səslə (35%) kifayətlənməli olub.
Bu qələbə sayəsində təcrübəli prezident 2030-cu ilə qədər Madrid təmsilçisinə rəhbərlik edəcək.
Bu, Peresin "Real"da prezident postu uğrunda mübarizə apardığı və qalib gəldiyi üçüncü seçki olub. O, ilk dəfə 2000-ci ildə rəhbərliyə gəlmiş, 2004-cü ildə isə böyük üstünlüklə yenidən qalib seçilmişdi.
Peres 2009-cu ildə kluba qayıtdıqdan sonra 2013, 2017, 2021 və 2025-ci illərdə rəqibsiz namizəd olduğu üçün seçkilər keçirilmədən birbaşa prezident elan edilmişdi. Beləliklə, o, uzun fasilədən sonra ilk dəfə real rəqiblə mübarizədə taxtını qorumuş olub.
Seçki kampaniyası dövründə tərəflər arasında ciddi gərginlik yaşansa da, Peres qələbədən dərhal sonra klubun gələcək layihələrinə köklənib. İnsayderlərin məlumatına görə, "Real"ın transfer və güclənmə planları artıq masadadır.
Madridlilərin yeni layihəsində Jose Mourinyo, İbrahima Konate, Denzel Dumfris və Maykl Olise kimi tanınmış simaların adları hallanır.