futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının XII turunun “İmişli” – “Zirə” oyunundan (2:2) sonra meydan sahibi komandanın məşqçisi Ervins Perkons jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Düşünürəm ki, iki fərqli hissəli oyun oldu. Birinci yarıda istədiyimiz şeyləri edə bilmədik. Futbolçular üzərlərinə düşən tapşırıqları yerinə yetirə bilmədilər. Onlarda fiziki problemlər də var idi. Fasilədən sonra yenə qol buraxsaq da, əvəzetmədən meydana daxil olanlar fərq yarada bildi. Düzülüşümüzü də dəyişdik, qollar vurduq. Həqiqətən, 0:2 olsa da, ruhdan düşmədik. İnanırdıq ki, xal qazana bilərik. Bu gün buna layiq idik. Məqsədimiz üç xal idi, amma gedişata görə bir xal da pis nəticə deyil.
– “İmişli”dən milliyə heç kim getmədi. Sizcə, komandanızda yığmaya layiq oyunçu yoxdur?
– Milli komandanın məşqçisinin öz qərarları var, kimin çıxış edəcəyini o müəyyən edir. Heyətimizdəki azərbaycanlı futbolçuların hamısı milliyə namizədlərdəndir. Bəzi futbolçularımız, xüsusilə də start heyətində meydana çıxanlar millidə oynamaq potensialına malikdirlər. Çox çalışıb inkişaf etsələr gələcəkdə yığmaya dəvət ala bilərlər. Bunun üçün kifayət qədər potensialları var. Onlarla bu barədə danışmamışam. Milliyə çağırılmamaqları daha çox çalışmaq və stabil çıxış etmək üçün əlavə motivasiyadır.
Şahin Cəfərov