futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Misli Premyer Liqasının VIII turunun “İmişli” – “Turan Tovuz” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ervins Perkins jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Göstərdikləri səyə və istəyə görə, futbolçularıma təşəkkür edirəm. Birinci hissədə çox möhtəşəm performans sərgilədilər. Bütün boşluqları bağlaya bildilər. İkinci hissədə o qədər də yaxşı deyildik. Komandamda yorğunluq hiss olunurdu. Amma yenə də layiqli üç xal qazandıq.
– Qısa müddətdə nələri dəyişdiniz?
– Enerjini artırdıq. Rəqibə təzyiq göstərmək məsələsini də dəyişdik. Oyunçulardan bəlkə də çox şey tələb etmişdik. Amma onlar bunu çox yaxşı yerinə yetirdilər. Bundan əlavə, bəzi taktiki dəyişikliklərə əl atdıq.
– Komandanın yeni baş məşqçi olmağa hazırsınız?
– Hələ ki çox da uzağı düşünmürəm. Son hadisələrdən sonra mənə məlumat verildi ki, baş məşqçiyəm. Yəni ki, bu həftəlik. Əlimdən gələni etdim, bu oyun üçün hazırlaşdıq. Amma ümumi olaraq, bu sual mənə aid deyil. Burada olduğum müddətdə əlimdən gələni edəcəm. Rəhbərliklə bu haqda danışmamışam. Sadəcə bizi təbrik etdilər.
– Aleksandr Starkovsdan sonra Azərbaycanda çalışan ikinci latviyalı məşqçisiniz…
– Bu bir az gülməli hadisədir. Çünki PRO lisenziyasına hazırlaşanda, hər zaman yanındaydım, müəllimim idi, mənə məsləhətlər verirdi. Davamlı olaraqda görüşürdük. Azərbaycana gəlməmişdən əvvəl, hətta onunla danışdım və məsləhətləşdim ki, “sizcə, gedim, yoxsa necə?”. Bildirdi ki, get, yaxşı təcrübə olardı. Hələ də onunla əlaqədəyik.
Şahin Cəfərov