Perkonsun çətin debütü

15.10.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının VIII turunda turnir cədvəlinin fərqli pillələrində qərarlaşan komandalar üz-üzə gələcək. Oktyabrın 16-da Tovuz şəhər stadionunda keçiriləcək matçda avrokubok zonasına doğru addımlayan “Turan Tovuz” çətin günlər keçirən “İmişli”ni qəbul edəcək.

Kurban Berdiyevin rəhbərlik etdiyi Tovuz təmsilçisi mövsümə kifayət qədər iddialı start verib. Keçirdiyi 7 oyunda 4 qələbə və 2 heç-heçə edərək 14 xal toplayan “bozqurdlar” cədvəlin 4-cü pilləsində qərarlaşıb. Əsas diqqətçəkən məqam isə komandanın müdafiədə nizamlı oynamasıdır. 7 matçda qapısında cəmi 4 qol görən tovuzlular liqanın ən az qol buraxan kollektivlərindən biridir.

Səfərdə “Şəfa” üzərində qazanılan minimal hesablı qələbə (1:0) və son 5 matçda əldə edilən 3 uğurlu nəticə “Turan Tovuz”un iddialarını daha da möhkəmləndirir. Meydan sahiblərinin heyətində Dioqo Balau, Jo Batista və Aleksa Yankoviçin sərgilədiyi fərdi keyfiyyət komandanın hücum potensialını artıran əsas faktorlardandır.

Aktivində 4 xal olan, turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan və liqada qalmaq uğrunda mübarizə aparan “İmişli”də isə gərginlik hökm sürür. Son 5 qarşılaşmanın 4-də məğlub olan bölgə təmsilçisi iki gün əvvəl baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Komanda müvəqqəti olaraq yaydan bəri köməkçi məşqçi kimi çalışan 36 yaşlı latviyalı mütəxəssis Ervins Perkonsa tapşırılıb.

Perkons gənc olmasına baxmayaraq, öz ölkəsində kifayət qədər maraqlı statistikaya malikdir. Mütəxəssis “Super Nova”da 61 matçda orta hesabla 1.57 xal qazanıb, “Jelgava”nın “sükanı arxasında” keçirdiyi 55 qarşılaşmada isə matç başına 2.09 xal qazanıb. Çalışdırıcının ilk sınağının məhz Tovuz səfərinə təsadüf etməsi “İmişli” üçün həm ciddi sınaq, həm də yeni baş məşqçinin rəhbərliyi altında dönüş etmək imkanıdır

İki komanda arasında indiyədək keçirilən 3 rəsmi görüşün 2-də “sülh” qeydə alınıb, cəmi 1 matçda isə tovuzlular minimal üstünlüklə sevinən tərəf olub:

7 aprel 2026. İmişli 1 – 1 Turan Tovuz

1 mart 2026. Turan Tovuz 0 – 0 İmişli

16 avqust 2025. İmişli 0 – 1 Turan Tovuz

Kağız üzərində “Turan Tovuz” matçın aşkar favoritidir. Lakin baş məşqçi dəyişikliyindən sonra “İmişli”nin Tovuzda verəcəyi reaksiya maraq doğurur.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью