Perronda çamadan üstündə gecələyən dahi

23.10.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Rafael HÜSEYNOV
Akademik

Bu, dönə-dönə söylənib ki, bütün müqayisələr ziyanlıdır. Amma hər atalar sözünün iki başı olduğu kimi, bu zərbülməsəlin də tam əksi olan qənaət çoxdan yayılıb və hər kəs inanır ki, müqayisələr aparılmasa, gerçəklər üzə çıxmaz. Nəyi nə iləsə, kimi kiminləsə tutuşdurmasan, yaxşının pisdən, alababatın ən gözəldən təfavütü bilinməz.

Almaniyanın "Veymar teatrı" deyilən baş milli səhnəsi bu adı qazanması, belə yüksəkliyə çatmasına görə İohann Volfqanq Geteye (1749-1832) borcludur. Gete həmin saray teatrına 1791-1817-ci illər arasında direktorluq edib və əsrin dörddəbirinə sığan rəhbərliyi müddətində buranı bütün millətin olan teatra çevirməyi bacarıb. Məhz onun dövründə dünya klassiklərinin ən seçmə əsərləri bu səhnəyə çıxıb, büsbütün yeni və çox üstün, həm də miqyasları geniş olan aktyorlar nəsli tərbiyələnib, yetişdirilib, yeni Avropa teatr rejissorluğunun əsasları burada qoyulub, ayrı-ayrı fərdlərin deyil, bütöv kollektivin bir ansambl olaraq ulduza çevrilə bilməsi ənənəsinin təməli bu teatrda qoyulub və belə-belə işləriylə Veymar teatrını Gete yalnız Almaniyanın deyil, bütün Avropa teatrının tarixində şərəfli bir məqama ucaldıb.

Cəfərin böyüklüyünü daha əyani göstərə bilməkçün Tuqanov onu tez-tez Gete ilə müqayisə edir və sən demə, bunu yalnız Cabbarlının yoxluğunda, onun haqqında xatirə yazarkən deyil, elə sağlığında da edirmiş, Cəfərin özünə də söyləyirmiş: "Teatr Cəfərçün artıq bir daxili ehtiyaca dönmüşdü. Cəfərin hissiyyatı artıq belə idi ki, teatr ona nə qədər lazımdırsa, o da teatra o qədər lazımdır". Mən dahi Geteni yada salaraq ona tez-tez deyirdim ki, o böyük ədib Veymar teatrının direktoru olan vaxtlardakı kimi, Azərbaycan teatrının da taleyi onun əllərindədir.

Cəfərin boyu hər təzə quruluşla, hər yeni tamaşa ilə artırdı. Cəfərin hər işi bir silsilə müzakirələrə, çıxışlara səbəb olurdu".

Və Tuqanov Cəfərin xasiyyətindəki bu cəhəti də xəbər verir ki, o, hövsələdən çıxmadan, əsəbiləşmədən sakitcə dinləməyə və səsini qaldırmadan inandırıcı cavablar verməyə, ona etiraz edən müsahibini "yerində oturtmağa" qadir idi.

"Ümumən həyatda vaxtaşırı belə hallarla rastlaşırsan ki, hansısa rəsm əsərinə baxanda, ya bir süni gülü görəndə "Bəh-bəh, canlı kimidir", ya "Lap həyatda olan kimidir" söyləyirsən. Cəfərin dramaturgiyasında da onun bütün surətləri həyatdakı kimi canlı idi, amma onların hamısı Cəfərin iradəsinin və istedadının gücü hesabına yaranmışdılar. Bu, bütöv bir obrazlar qalereyası idi ki, sonra həyata köçürdülər".

Cabbarlının müstəsnalığı elə bunda imiş. O, həyatı öyrənərək yazırdı, amma əsərlərində elə həyat qururdu, elə qəhrəmanlar yaradırdı ki, onlar örnəyə çevrilirdilər, onların artıq gerçək həyatda oxşarları əmələ gəlirdi, düzəltdiyi yeni, saf azərbaycanca olan adlar da, xarakterlər də cəmiyyətə köçürdü.

Bu minvalla cavanca bir insan yurdundakı mənəvi və ictimai həyatın memarlarından və yönəldicilərindən birinə çevrilmişdi.

Tuqanov bizi 1926-1927-ci illər teatr mövsümünün tamamlandığı axşama aparır. Son tamaşa gedir, "Hacı Qara" oynanır. Tamaşa bitir, pərdə bağlanır, aktyorlu-rejissorlu, fəhləsindən tutmuş qrimçisinəcən bütün kollektiv tamaşaçılarla gələn mövsümədək xudahafizləşməkçün səhnəyə çıxır, İsmayıl Hidayətzadə (1901-1951) bir neçə kəlmə deyir. Sonra Bülbül (1897-1961) "Qarabağ şikəstəsi" oxuyur və hər mövsüm bağlanışında olduğu kimi, asta-asta dəmir pərdə endirilir.

O axşamın mənzərəsi lap dəqiq görünsün deyə qoy Tuqanov özü danışsın. Çünki burada Tuqanov dostu Cəfəri başqalarından fərqləndirmək, daha böyük göstərə bilməkçün digər bir müqayisəyə keçir - bu dəfə onu Qoqolla tutuşdurur, ancaq bu də məlum olur ki, Cabbarlıya öz aralarında, həm də elə gündəlik teatr təmaslarında "Qoqol" deyərmişlər.

"Tamaşadan sonra kompaniyamız - Hidayətzadə, Cəfər Cabbarlı ("türk səhnəsinin Qoqolu" - onu öz aramızda belə adlandırırdıq), Mərdanov (Tuqanov başa düşür ki, gələcəkdə bu yazını oxuyanlar çaşbaş qala bilər, ona görə dəqiqləşdirir, bu Mərdanov eyni soyadlı aktyorla qarışıq salınmasın deyə əlavə edir: "Radioda fəhlə" - R.H.) "Novaya Yevropa" mehmanxanasına yollandıq (qəsdən adı o dövrdə camaat arasında deyildiyi kimi saxlayıram ki, eşidincə, oxuyunca köhnə nəslin adamları söhbətin hansı restorandan getdiyini dərhal bilsinlər. Bakıda bir "Avropa" mehmanxanası olmuşdu, onun yaxınlığında daha müasir və o dövr üçün həm də daha möhtəşəm bir ayrı "Avropa" da tikiləndən sonra bununla qabaqkını bir-birindən fərqləndirməkçün əvvəlkinin adının qarşısına "Köhnə", digərininkinə "Təzə" sözünü əlavə etmişdilər. "Staraya Yevropa" deyilən hotelin adı 1970-1980-ci illərdə "Novbahar"a çevrilmişdi, get-gəlisə elə əvvəlki kimiydi. Artıq çoxdandır sökülüb, yeri də boş qaır. İndi binasında "LUKoyl" yerləşən təzə "Avropa" uzun illər rəsmən "Bakı" adlansa da, el dilində "Novaya Yevropa" kimi qalmaqda davam edirdi. Hər ikisinin restoranlarına zamanında bakılılar, xüsusən ziyalılar tez-tez üz tutardı - R.H.), şəhərə qonaq olan Saxnovski (1886-1945; Vasili Qriqoryeviç 1920-1923-cü illərdə xalq arasında "Satiraqit" adlandırılan "Tənqid-təbliğ teatrı"ının ilk direktoru və baş rejissoru olmuşdu, dövrün tanınmış rejissor, teatrşünas və sənət müəllimlərindən idi, sonralar Moskvada MXAT-da - Moskva Akademik Bədaye Teatrı - çalışdı, MXAT-ın məktəb-studiyasının ilk rektoru vəzifəsini tutdu. Tuqanov bu "Xatirələr"i qələmə alanda Saxnovski artıq RSFR Xalq artisi (1938), sənətşünaslıq doktoru (1939) idi - R.H.) və Meyerxold da (1874-1940; Vsevolod Meyerxold parlaq teatr qurucusu, məktəb yaradıcısı idi və hələ 1923-cü ildə RSFSR-in Xalq artisti adına layiq görülmüş barmaqla sayılacaq qədər az sənətkarlardan biri idi. Onun haqqında deyirdilər ki, Meyerxoldun əlində aktyorlar gil kimi idi və onlardan gözəl teatr qrupları, misilsiz mizan səhnələri yapır və bənzərsiz ideyalarını gerçəkləşdirirdi. Əslində gerçək teatr, səhnə alimi olan bu müstəsna rejissoru sovet cəza orqanları həbs edərək işgəncələrə məruz qoymuş və güllələmişdi - R.H.) orada idi. Görüşüb oturanda Cəfər mənim də sağlığıma badə qaldıraraq dedi: "Məşhur rəvayətdə söylənən kimi, bir korun bir dəstə gözü görənin qabağına düşərək onları işığa apardığı sayaq, Tuqanov da teatrımızı irəlilədir".

Ertəsi gün teatrın yanındakı çayçıda yenə şux bir məclisimiz oldu".

Tuqanov Cəfərin həmin sözlərini verdikdən sonra mötərizə açaraq əlavə edir ki, bunu gündəliyindən köçürür: yəni bunlar Cəfərin dilindən elə bu söz düzümündə qopub. Hiss olunur ki, Cəfər kimi bir şəxsiyyətin ona belə qiymət verməsindən çox qürurlanırmış.

Cəfərə biganə qalmamaq mümkün deyildi - nə bir şəxsiyyət, nə bir yaradıcı kimi. Qələmindən çıxan, səhnəyə gələn hər əsərinə, hər əsərinin hər yeni tamaşasına ləngimədən mətbuatdan da münasibət görünürmüş. Təbii ki, bu rəylər də yazanından asılı olaraq bəzən sevindirir, hərdən qan qaraldırmış, haradasa haqlı, hansı nöqtələrdəsə narazısalan olurmuş. Belə anlaşılır ki, Tuqanov Cəfərin əsərlərinə həsr edilən tənqidi yazıların hər birini elə Cəfər qədər həssaslıqla izləyirmiş və bu da duyulur ki, ən azı öz gündəliyinin səhifələrində dostuna qahmar çıxırmış: "Əlbəttə, Cəfər Cabbarlının pyeslərinə rəy yazan bir sıra tənqidçilər, xüsusən də Azərbaycan gerçəkliyindən uzaqda olan Moskvadakılar mahiyyəti arzuolunan kimi qavramırdılar. Bəzən Cəfərin dərin fikirləri məişət səviyyəsində dərk edilirdi. Lakin o tənqidçilərdən əlavə əsas qiymətverici də vardı - xalq! Xalq Cəfəri sevir və ona dərin ehtiram bəsləyirdi".

Axı o, yaxşı bilirdi Cəfər əsərləri üzərində necə işləyir. Axı o, Cəfərin kənardakılara görünməyən yaradıcılıq laboratoriyasına yaxından bələd olduğundan agah idi ki, dostu hər əsərinə son dərəcə vasvasılıqla yanaşır, içərisində tam bişirmədən, özünü axıracan qaneedəcək səviyyəyə qaldırmadan, yan-yörədən (tutalım, elə teatrdan, məsələn, elə Xalq Maarif Komissarlığından, ya elə lap Tuqanovun özü tərəfindən) nə qədər tələsdirsələr də, üzə çıxarmır: "Cəfər pyeslərini sonacan cilalamadan heç kəsə göstərmirdi. O, pyeslərini nə tələm-tələsik yazır, nə də qaçaraq təqdim edirdi. Ona görə də Cəfərin pyeslərinin yazılması ilə ortaya çıxma tarixləri arasında ciddi müxtəliflik var. Şəxsən mən pyesi yalnız tamaşanın istehsalata buraxılması anından bitmiş hesab edirəm. Lakin Cəfərçün "tamamlandı" deyə bilməkdən ötrü bundan da çox vaxt gərək idi - o, məşqlərdə və tamaşa gedişində hələ çox dəyişiklik və əlavələr edirdi".

1944-cü ildə Tuqanov "ölüm-itim dünyasıdır, ürəyimdə qalmasın" deyə Cəfər haqqındakı yaddaşlarını, düşüncələrini kağıza köçürəndə əmin idi ki, haçansa çap olunacaqsa belə, yazdıqları elə bu şəkildə buraxılmayacaq, hökmən bir para müşahidələrini qayçılayacaqlar, hansısa ifadələrini dəyişib yumşaldacaqlar. Çünki bu xatirələr yazılanda Cəfər artıq klassik kimi qəbul edilmişdi və sovet mətbuatı və nəşriyyatlarının hər sözə əmma qoymağı xoşlayan senzurası guya Cəfər kimi şəxsiyyətlərə də təzyiqlər göstərilirmiş, paxılları, ayağından çəkənləri varmış kimi deyişləri qeybət olaraq qiymətləndirir, adam arasına çıxarmağı münasib saymırmış. Tuqanovsa dərk edirdi ki, tarixi şəxsiyyətin tarixini yazır, ona görə də bildiyini, gördüyünü olduğu kimi qələmə almağı mənəvi borcu sayırdı: "Öz ailəsi içində - onu əhatə edənlər və xalq arasında, xüsusən onu əsərlərindən tanıyan cavanların nəzərində Cəfər hamının sevimlisi idi. Cəfər özü hiss etmədən düşüncələrin hakiminə çevrilmişdi və onun sözünə qulaq asırdılar, onunla hesablaşırdılar.

Amma onun həyatının əks tərəfi də vardı. Bunlar onun paxılları və istəməyənləri idi. Bura Cəfərin "qələm qardaşları" arasından, eləcə də aldıqları rollardan narazı qalan, guya hansısa hüquqlarının, teatrdakı hansısa qaydaların pozulmasından gileyli olan bəzi artistlər də daxil idi".

Tuqanov Cəfəri tədricən, ona doğru daha çox yaxınlaşdıqca, daha artıq isinişdikcə, daha sıx əməkdaşlıq etdikcə qədəm-qədəm yovuqlaşaraq daha dərindən tanıyır, əngin istedadı və içəri dünyasının yeni üfüqlərini kəşf edirmiş: "Repertuarı izlədikcə görürdük ki, tədricən, illər ötdükcə teatr relsə düşür. Kadrlar yetişirdi və burada Cəfər əhəmiyyətli rol oynayırdı.

"Hamlet"in, "Od gəlini"nin, "Sevil"in tamaşalarından sonra bizi Cəfərlə dostluq telləri daha möhkəm bağladı.

Mən Cəfərin obrazlı dilini, onun bəlağətli danışmasını çox sevirdim. Mənə həmişə elə gəlirdi ki, onun sözlərinə, nitqinə Şərqin dərin müdrikliyi hopub".

Tuqanov Cəfər dramaturgiyasının ovaxtkı və sonrakı əksər araşdırıcılarının diqqət yönəltmədiyi bir məqamı, həm də səhnə baxımından çox vacib olan cəhəti üstündə dayanır. Cəfər tədqiqatçılarının buna diqqət ayırmaması anlaşılandır. Onlar Cəfər mətnlərini kağız üzərindən gözlə oxuyurdular. Ancaq Tuqanov Cəfər mətnlərini həm də qulaqla "oxuyurdu" axı. Tamaşaları hazırlayarkən o, aktyorların hansı sözləri necə tələffüz etməsi, necə vurğulamasına da hökmən fikir verməli idi, bu, rejissor olaraq onun bilavasitə vəzifələrindən idi.

Çünki bir sıra hallarda baxırsan ki, kağız üzərində normal görünən mətni səsləndirərkən hansısa söz tələffüzə ağırlıq gətirən kimi olur. Mən bunu şəxsən dəfələrlə təcrübə etmişəm. Radioda özümün oxumağım üçün yazdığım mətnləri dilə gətirəndə dəfələrlə şahid kəsilmişəm ki, üzdən səliqəli, rəvan görünən cümlədə, sözlər sırasında hansısa kəlməyə çatanda dil topuq vurur. Doğrudur, səy etsən, cəhdi təkrarlayanda düz oxuyursan, amma bunu da hiss edirsən ki, həmin sözün yerinə ayrı söz qoysan, ya elə bu sözlərin özlərinin yerlərində dəyişiklik etsən, dilə daha rahat yatacaq. Bu incə məqamlarsa səhnədə çox mühümdür. Dildəki istənilən ən kiçicik nahamvarlıq səhnədə ifaçını dar libas kimi sıxa, incidə bilir.

Tuqanov o baxımdan Cəfəri belə görmüşdü: "Cəfər sözləri yalnız mənaları sarıdan deyil, akustik baxımdan da seçməyi xoşlayırdı. Səhnə nöqteyi-nəzərindən bu, çox mühüm, həm də maraqlı idi. O, həmin dövrdə bənzətmələri sırf öz zövqünə, öz dünyaduyumuna görə istifadə edirdi. Bu, Cəfərdən ötrü bütöv bir bədii aləm demək idi. Amma sonralar onda müəyyən dəyişmələr oldu və Cəfərdə təsvir etdiklərinə münasibətdə ictimai-psixoloji yanaşma yarandı. İndi onun təsvirləri, bənzətmələri sadəcə ayrı-ayrı rəngli nöqtələr deyil, bütöv əlvan lövhələrdən ibarət idi".

Tuqanov Cabbarlının çox adamçün qapalı olan şəxsi həyatına, yaşayışının, gündəlik məişətinin bir çox təfərrüatlarına da simsar olmaları, onun bunun, bunun onun mənzilində ev adamı sayılması səbəbindən gözəlcə bələd idi. Həm də Tuqanovun ən xırdalıqları görən gözləri nələri seçib yazıya gətirməyin də ustası idi axı!

Heç bir yastığa baş qoyduğu Sona xanım öz "Xatirələr"ində Cəfərlə bağlı Tuqanovun bizə çatdırdıqlarının ondabirini yazmayıb, əslində, yaza da bilməzdi. Axı o, Tuqanovdan fərqli olaraq, Cəfəri başqa cür görürdü, Cəfəri daha yaxşı tanımaqçün nələrə diqqət edilməsinin gələcəkdə gərək ola biləcəyinin Tuqanov qədər fərqində deyildi. O, sadəcə bir evin xanımı idi, Cəfər onunçün ömrünün bir parçası idi, böyüklüyünü nə qədər anlasa belə, Cəfər onunçün məişət idi. Tuqanovun gözləri isə daha iri açılmışdı: "Cəfər ikili həyat yaşayırdı. Biri Yuxarı məhəllədə, öz həyət-bacasında, digəri şəhərdə. Mənimçün Yuxarı daha vacib idi. Çünki oradan sanki ayrı bir meh əsirdi, orada ayrı bir mühit vardı. Cəfər oradakı hündürlüyündən şəhərə enəndə ayrı bir həyatın içərisinə girirdi.

Mənim o vaxt yaşadığım Qırmızı küçədən (çar dövründə Zavedenskaya adlanmış bu küçə sonralar - ta 1949-cu ilə qədər "Krasnaya" - Qırmızı olmuş, o vaxtdan Bünyad Sərdarov küçəsidir - R.H.) Cəfərgilə çatmaqçün gərək sərt yoxuşu qalxaydın, gəlib bir keçidə yetişəydin, sonra sanki məskunlaşmamış bir ərazidən keçərək (təsəvvür edin Nərimanov heykəli səmtindəki axşam qaranlığında bomboş, hətta vahiməli təsir buraxan kimsəsiz çölli-biyabanı - R.H.) ardınca çəpərlərin əhatələdiyi hansısa döngəyə girəydin və bundan sonra qarşında sanki sehrli bir tərzdə füsunkar güllərin bəzədiyi meydança açılırdı, şüşəbəndə dirənirdin.

Bu bağçadan az aralı həyətdə quyu, onun yuxarı tərəfində taxta pilləkən vardı ki, yastı dama qalxırdı, oradan da şəhərə mənzərə açılırdı.

Evin üstündəki bu damdan baxanda hər şey miniatür görünür. Adama elə gəlirdi ki, indi durduğun yer şəhərdən çox uzaqdakı bir kənddir. Amma Cəfər ora su çəkdirmişdi, telefonu vardı. Bunlar artıq şəhərin əks-sədası deməkdi.

Biz Bakıya heyranedici görünüş açılan bu dama qalxmağı, özümüzlə yuxarı apardığımız yekə çaydandan çay içməyi çox xoşlardıq. Ev çox xudmani idi, yaxşı eyvanı vardı, elə bil şüşə örtük altında idi, hər tərəf açıqlıqdı, burada çox rahat nəfəs alırdın. Cəfərdə burada yaxşı bir təzə ev tikmək, yanında da bağ salmaq fikri yaranmışdı. Bu, o vaxtlar idi ki, Cəfərin əsərləri həftələrlə repertuarda idi, elə bil ki, Cəfərin həyatı evlə teatr arasında bölünmüşdü".

Şəhərdən baxanda dağın başındakı kimi görünən o xırdaca ev Cəfərçün bir təsəlli adası idi. Teatrdakı bir belə baş qarışıqlığında vaxtı haradaydı ki, təzə ev tikəydi, söz idi deyirdi. Hərdən Tuqanov kimi ürək dostlarıyla bu evin damında əyləşib çay içə-içə şəhəri seyr etməyə, 1-2 saat dərdləşməyə macal tapa bilirdisə, bunun özü qənimət idi.

Fəqət Tuqanovun iştahla təsvir etdiyi və Nuru paşadan tutmuş neçə misilsiz tarixdə qalan şəxsiyyətin gəlib keçdiyi, bir zamanlar muzey olmuş, indi qapısı kilidli qalan həmin bina haqqında düşünərkən oranın qapısının yenidən açılmasını, oraya həyatın yenidən qayıtmasını, Cəfərin evinin dirilməsini könül çox istəyir.

O balaca evində Cəfər bir zamanlar nağıl qoynunda ömür sürən kimiymiş: "O öz məktəbinin şairi idi və fikirlərini öz bədii şüuru ilə ifadə edirdi.

Şiller (1759-1805; İohann Kristof Fridrix fon Şiller - R.H.), İbsen (1828-1906; Henrik Johan İbsen - R.H.), Hauptman (1862-1946; Gerhart Johann Robert Hauptmann - R.H.), Puşkin (1799-1837; Aleksandr Sergeyeviç - R.H.), Qoqol (1809-1852; Nikolay Vasilyeviç - R.H.), Lermontov (1814-1841; Mixail Yuryeviç - R.H.), bütün dünya ədəbiyyatı onun əllərində idi. O, dünyanı yeni bir tərzdə hiss edir və bunu öz yaradıcılığında vüsətli dərinlikdə təcəssüm etdirirdi.

O, daha çox orijinallığa can atırdı və sifarişdən qorxurdu. O, təsəvvür etmirdi ki, sifarişlə necə yaza biər.

Nağıllar, əfsanələr Cəfərə çox doğma idi. Cəfərin ətrafındakı hər şey onunçün nağıl kimi idi. Tez-tez söylərdi ki, nağıl olmuşlar deməkdir.

...Öz xalqını hər üzünə tanımalısan. Bilməlisən ki, xalqın öz yurdunda nə ilə nəfəs alır, onun mənəvi aləminin əhatəsi nədən ibarətdir. Bunları Cəfər çox gözəl bilirdi. Həmin səbəbdən də belə - yazdığı kimi yarada bilirdi. Getdikcə bu, onda daha rahat alınırdı".

Bir-birlərindən doymurlarmış. Cəfər evindən çox teatrda olurmuş. Oradaydısa, deməli, Tuqanovla birgə idi. Ancaq hərə öz evində olanda da telefonla danışırlarmış. Ətraf adamla dolu olsa da, bu ünsiyyət aclığı onların daxilən bir-birinə çox doğma olmalarından gəlirdi. Tuqanovun Cəfərə bağlılığının ardında bir nostalji də olmamış deyildi - o, elə nəhənglərlə oturub-durmuş, elə nadirlərlə həmsöhbət olmuşdu ki, Cəfərsiz ətraf ona çox boş, yeknəsəq gələrdi, Cəfərin Tuqanova mehr salması isə öz ətrafında miqyaslarına tən gələcəkləri, xüsusən teatr məsələlərində onu belə incəliklə duya bilənləri görməməsi idi: "İndiki kimi yadımdadır biz Cəfərlə necə söhbət edərdik. Telefonla danışardıq, görüşümüzün vaxtını dəqiqləşdirərdik, Cəfər "bu saat, bu saat" deyərdi və həmin "bu saat-bu saat" bəzən çox uzun çəkərdi.

Başı açıq, əllərini yellədə-yellədə, iri addımlarla Cəfər yaşadığı Yuxarı məhəllədən mənim mənzilimin olduğu Qırmızı küçəyə düşərdi. Söhbətlər edərdik və o əsnada hiss edərdik ki, ürəyimizdəkilərin hamısını danışıb bitirməyə vaxt çatan deyil. Onun dilindən heç vaxt bu ifadə düşməzdi ki, söz demək artıqdır, iş görmək lazımdır".

Tuqanov çar dövründən keçib gəlmiş, hər halda sovetdən kökündən fərqli azadlığı görmüş bir insan idi və Cabbarlının da daxilən çox hürr, sərbəst bir insan olduğunu duyur, görür, dönə-dönə də təsdiq edirdi.

Qələm-kağızı ilə baş-başa qalaraq Cəfərlə bağlı yaddaşlarını yazarkən, bəlkə də, haçansa çap edilərsə, yəqin ki, ixtisara salınacağını düşündüyü bu qənaətini də ürəyində qalmasın deyə bölüşürdü: "Cəfər haqqında düşüncələrim həmişə yadıma müəllifini unutduğum, bir gəncin sevgilisinə üz tutduğu şeirin bu misralarını gətirərdi:

Bir şüşə saray içində, düşünək ki, dustaqsan sən,

Bir gün mən qurtarram səni qoca cadugər əlindən.

Mən Cəfəri həmişə riqqətlə, ürəklə gözləyirdim, o isə, həqiqətən, şüşə sarayda yaşayırdı. Onun şüşə sarayında həyat asudə idi, orada onun sevinclər səltənəti vardı, orada qəlbi geniş qonaqpərvər ev yiyəsinin yaratdığı, ümumun qaynayıb-qarışdığı mühit bərqərar idi, amma bu sarayın sanki sahibi yoxdu və bu da məxsusi məmnunluq yaradır, o məkana bir xudmanilik bəxş edirdi".

Cəfərin sidq ürəkdən inanaraq, bunun yalnız 1920-ci illərdə dövlətin apardığı siyasət yox, cəmiyyətin, o sıradan Azərbaycanın gələcək irəliləyişlərinə qüdrətli bir təkan olacağını düşünərək qadın azadlığına inamın şüurlara, kütlələrə daha artıq hakim kəsilməsi yolundakı mübarizələrdə ön sırada getdiyi çağlardan günümüzü bir əsrlik zaman məsafəsi ayırır.

Zahirən bu düyünü biz lap çoxdan çözmüşük, sanki haçandır ki, bu yöndə bizi narahat edəcək heç bir təhlükə qalmayıb. Amma artıq XXI əsrin 26-cı ilində bircə hicab həyəcanı cəmiyyətimizdə xeyli narahatlıqlar yarada bilirsə, deməli, Cəfərin işini bu gün də davam etdirməyə ehtiyac böyükdür. Əlbəttə, hər ağıllı insan bilir ki, indiki hicab dalğasının arxasında məsum qız-qadın çöhrələri deyil, gözündən qan daman bığlı-saqqallı siyasət dəllallarının məkrləri durur. Ancaq kütlələr də var axı. Bu yüngülvari cəmiyyət çalxalandırılmasında kütlələrin şüurunda hələ də qalmaqda olan bir qisim kölgələr də zahirə çıxır axı! Mən gedişatı izləyirəm və sezirəm axı hətta əfəndi insanlardan belə üstüörtülü şəkildə istər-istəməz boyaları tündləşdirənlərlə bir cərgəyə dayanmışlar olur. Hacı Zeynalabdin Tağıyevin qız məktəbində çəkilmiş, bürünmüş qızların bürünmüş müəllimləri ilə birgə şəkli paylaşılır - yəni, görürsünüzmü, millət ağsaqqalı Hacı da bunun tərəfdarı olub.

Olmayıb! Elə qız məktəbini də ona görə min bir zəhmət hesabına yaratmışdı ki, qızımız, qadınımız cəmiyyətin daha açıq və tamhüquqlu parçasına çevrilsin. Ancaq sağ-sol qaragüruhla dolu idi. Ona görə qız məktəbini yaradanda başlanğıcda ora bircə nəfər də kişi müəllim işə götürməmişdi, şəriət dərslərinin mütəmadiliyini təmin etmişdi, şeyxülislamı, axundları bu fəaliyyətlərə cəlb etmişdi ki, çirkab xislətlilərin ağzını bağlaya bilsin. 2-3 il ötəndən, qız məktəbi özünü təsdiq edib ayağa durandan, ifrat mühafizəkarların dişlərinin itiliyi azalandan sonra qızlar məktəbində örtülülüklə bağlı vəziyyət də dəyişdi, arzulanan azadlıq və sərbəstlik yerini tutdu.

Ancaq hələ 1920-ci illər idi, Cəfər mübarizə meydanında idi və həmin cəsarətli və riskli çarpışmalardakı Cəfəri Tuqanovun nəcib gözləri belə görürdü: "Fantaziyalarının idarəetmədən çıxmasının yüyənini çəkərək, fikirlərinin səpinikləşməsinin qarşısını alaraq Cəfər düşüncəsinin xəlvət mücrülərində yeni fikirləri cəmləyirdi, hansısa nəhəng problemin həlli üçün həll qənaətləri qoruyub saxlayırdı. Qadın azadlığının mücahidlərindən olaraq Cəfər hər pyesində onların hüquq bərabərliyinin təmini üçün mübarizə ilə bağlı fikri parlaq şəkildə yeridir, onların haqlarına tam qovuşmasını tələb edirdi. Bunun səhnədə necə ifadə edilməsi maraqlıdır. Tbilisidə "Oqtay Eloğlu"nun tamaşası zamanı şahidi olduğum bu səhnə - aktyor "Oqtay Eloğlu"nun bacısını da səhnəyə gəlməyə səsləməsi və bunun necə təsir oyatması heç yadımdan çıxmaz.

Sonra "Aydın"da, "Od gəlini"ndə, "Sevil"də, "Almas"da qadınlara əsas rolların verilməsi də Cəfərin öz xəttini həyata keçirməkçün can atmağının göstəricisidir".

Tez-tez ən müxtəlif irili-xırdalı təqiblərə məruz qalmasına, bəzən o açıq və gizli həmlələrin, ümumiyyətlə, onu aradan götürmək, tamam kənarlaşdırmaq cəhdlərinə çatmasına rəğmən Cəfərin bir təsəlli yeri və mənəvi söykənəcəyi vardı. Bilirdi ki, yuxarılarda, vəzifə və səlahiyyət sahibləri arasında ona qahmar çıxanlar, onun qədrini bilənlər tək-tək olsa da var və onu heç vaxt yalqız buraxmayacaqlar, lazım gələndə dayaq duracaqlar. Buna, ən azı, həyatının həlledici anlarından birində - 1924-cü ildə adətən ora düşənin geri qayıtmadığı Dövlət Təhlükəsizliyi təcridxanasından nicat bularaq həmin güclü himayədar və qəlbiyananların vasitəsilə azad olunduğu vaxt əminlik hasil etmişdi.

Tuqanov da bunu müşahidə etmişdi: "O, özünə həddən ziyadə güclü təzyiq hiss edəndə xoşladığı və mənə də öyrətdiyi atalar sözünü təkrarlayırdı ki, dəvədən böyük fil də var. Həmin məsəlin yanındaca başqa bir atalar sözünü də işlədərdi: "Hər çomaq qaldırana da bir çomaq tapılar".

Beləliklə, Cəfərdə hər bir məsələdə ölçü hissi yüksək dərəcədə qabarıq idi və bu da ona ayrı bir gözəllik verir, xüsusi hüsn-rəğbət oyadırdı.

Cəfər bütün hərəkətlərində xoşagələn idi. O adamları özünə cəlb edə bilirdi. Nəinki hansısa intriqa qurmaq, ya bu səmtdə hərəkət etmək, hətta belə fikirləri ağlına belə gətirməzdi. Onda kiməsə qarşı heç bir kinli düşüncə, içərisində saxladığı ədavət yox idi. Cəfər ona pislik etmiş adamın yanından sanki onu görmədən keçərdi. Bu, sadəcə məğrurluq deyildi. Bu, dərin düşüncədən və öz daxili rahatlığının qədrini bilməkdən irəli gəlirdi.

Özünün özünü adlandırdığı və bizim də elə həmin təhər çağırdığımız bu "böyük proletar" ruh aristokratı olmağı bacarırdı və həm də məhz belə idi. Bununla da bütün düşmənləri və paxıllarına qalib gəlirdi".

Zaman keçəndən sonra dünənin içərisində cərəyan etmiş hadisələri və o dövrdə kimin özünü necə aparmasını qiymətləndirmənin həmişə iki başı var. Ya təzə vaxtın içərisindəkilər ötmüş günlərin şərtlərini nəzərə almayaraq yaşadıqları günün meyarları ilə çoxdan baş verənləri dəyərləndirmək həvəsinə düşür və adətən də çox haqsız və əsassız olurlar, çünki şəstlə ötmüş zamanın adamlarını nələrisə etməkdə, nələrisə etməməkdə, edilmişləri niyə belə etməkdə günahlandırmağa heç kəsin ixtiyarı yoxdur. Axı o dünənlərin yeni çağlarda bilinməyən yüz cür çaları var ki, ovaxtkı davranışlarda həlledici rol oynayıblar. Sən adamlara həmişə keçmiş zaman içərisində edə bildikləri yaxşılara görə qiymət ver, nəyisə edə bilmədiyinə, ya bugün baxımından niyə o cür etdiyinə görə yox. Amma vaxtın hündürlüyündən dünəndəkilərə qiymət vermək imkanının bir üstünlüyü də hər halda vardır: sən arxada qalmış vaxtı panoramda seyr edə bilirsən, müqayisə etmək, kimin qismətinə düşmüş zaman kəsiyində bütün çətinliklərə baxmayaraq nələrə nail olduğunu, müasirlərindən hansı üstünlükləri ilə yaxşı baxımdan seçilməyi bacardığını da tutuşdurmalarda dəyərləndirmək fürsətinə sahibsən.

Lakin bir də var ki, hansısa nadirlər tapılır, onlar yaşadıqları vaxtın vicdanlı salnaməçiləri olurlar, ağız deyəni qulağın eşitmədiyi fikir dərəbəyliyi əyyamlarında da müvazinətlərini itirmirlər, başverənləri tarixləşdirirlər, insaflı münsif mövqeyindən əsla yayınmırlar və böyük vaxt ötəndən sonra onların bir vaxt yazıb sabah üçün tədarük etdikləri mötəbər tarixi sənədə dönür, onların ruhuna rəhmətlər oxutdurur.

Cəfərin ədəbiyyatda, dramaturgiyada olduğu vaxtlar altı sürüşkən dəridən ayaqqabı geyinib buz üstündə yeyin hərəkət etmək kimiydi. Sürətlə yeriməyə, dabrımaya bilməzdin, vaxtın tələbi bu idi, ancaq sovetləşmənin bu qanlı-qadalı illərinin siyasi, ideoloji badalaqları o qədər çox idi ki, istənilən anda sürüşüb buz üstünə çırpılmağın labüd idi.

Tuqanov həmin nadir şahidlərdən, münsiflərdən, salnamə-adamlardan idi. 1930-cu ildə - Sovet İttifaqının müxtəlif respublikalarından olan teatrlar Moskvada Ümumittifaq Olimpiadasında sənətlərini nümayiş etdirərkən gedişatı hadisələrin axarında olaraq izləyən Tuqanov ahıl bir insandı, dünyanın da, teatrın da hər üzünü görmüşdü.

Uğurların hansı müsibətlə, heç bir şərait yaradılmadığı halda necə çətinliklə, dişiylə-dırnağıyla qazanıldığını, müvəffəqiyyətli günlərində belə Cəfərə siyasi hikkələrlə diş qıcadanların olduğunu Tuqanov kədərlə anırdı: "Hələ 1929-cu ilin oktyabrında sovet milli teatrlarının birinci olimpiadasının təşkilatçıları bütün ictimaiyyətə, teatr və mətbuat işçilərinə belə bir çağırışla müraciət etdilər ki, bu istiqamətdə müzakirələr başlansın və noyabrdan gec olmayaraq hər respublikada teatr olimpiadasına yardım komitəsi təsis edilsin. Bizim də teatr təşkilatları Rusiya Federasiyasının Baş İncəsənət İdarəsinə müraciət etməli, təxirə salmadan olimpiadada iştiraka hazırlaşmalı idi.

...Biz Moskvada müxtəlif yerlərdə qalırdıq. Mən qohumlarımgildə yaşayırdım, Cəfərsə ÜİTETİS-də - Mərkəzi Teatr Sənəti İnstitutunun yataqxanasında idi.

Mən Moskvanı beş barmağım kimi tanıyırdım və ona görə də Cəfərə çiçeronilik - bələdçilik edirdim. İmkan və vaxt qıtlığından, bir yandan da muzeylərə baxmağımız səbəbindən bizim söhbət etməyə vaxtımız qalmırdı və yalnız Moskvadan Bakıya qayıdarkən yolda yaddaqalan söhbətlərimiz başlandı, mən də sonra onların hamısını qeydə aldım.

Bizim Moskva səfərimizin bir yığın çatışmazlıqları vardı. Əsası o idi ki, digərləri - gürcülər, ermənilər, ukraynalılar, Tatarıstan və Özbəkistan özləri ilə teatrın bütün heyətini götürmüşdülər, özbək teatrı hətta orkestr, musiqili dram, rəqslər gətirmişdi, Tatarıstan operası, milli xoru ilə gəlmişdi, ermənilərin aşıqları və kvarteti, gürcü teatrınınsa öz müğənniləri, solo nömrələri vardı. Bizsə heç nə gətirməmişdik. Nə aşıqlarımız vardı, nə rəqqaslarımız, nə də xorumuz. Burada bizim İncəsənət İşləri İdarəsinin olimpiadanın əhəmiyyətini lazımınca dərk etmədiyi açıq görünürdü. Baletimiz və orkestrimizin olmaması ucbatından biz bunları kənardan dəvət etməli olurduq, bunu isə bizə ciddi nöqsan tuta bilərdilər.

...Bu, bir dünya bayramı idi, çünki olimpiadaya bütün dünya baxırdı. Amma Cəfərin dediyi kimi, biz respublikamızın simasını göstərməyə gəlmişdik, di gəl, yuxarıdakılardan, respublikaya rəhbərlik edənlərdən niyə tamaşalarımızda iştirak etmədiklərini soruşanda söyləyirdilər ki, siz ki bizi dəvət etməmisiniz.

Mənzərə aydın idi. Özbəklər əlvan xalatlarda gəlmişdilər və bu geyimdə də Moskva boyu gəzib dolanırdılar. Gürcülər öz qəşəng çərkəzkalarında, beli xəncərli gəlmişdilər. Özbəkistan olimpiada vaxtı Mədəniyyət və İstirahət parkında 450 nəfərlik nahar verdi. Çoxlu qonaqlar dəvət etmişdilər. Onlar xalatlarını olimpiadanı idarə edən və yönəldən rəhbərlərin də əyninə geyindirdilər. Bizimsə bir stəkan çay verməyə imkanımız yox idi. Bizi çox məhdudlaşdırmışdılar, lap çox".

Bunlar çoxdan olub keçmiş giley-güzarlardır. Ancaq bu qədər vaxt ötəndən sonra ört-basdır etməyib üzə çıxarmağı ona görə vacib bilirəm ki, başını kola dürtüb gizlənməklə iş ötməz - tarix heç bir naqis hərəkəti unutmur, günü gəlir ki, sənin üzünə çırpır.

 Yazmağına yazıram, amma bunu da düşünürəm ki, guya bundan nəticə çıxarıb bir də belə etməyəcəklər, belə cılızlıqlarla ləyaqətimizə qaxınc olacaq şakərlərindən əl çəkəcəklər?

Dəyişən təqvimdir, adamlar çətin yontanır!

Bizimkiləri özümüzünkülər bu cür miskin hala salıbmış. Hətta pula qənaət etməkçün bu şəhərdən o biri şəhərə gedəndə arada 1 sutka vaxt olsa belə mehmanxanaya getməyib vaxtı elə dəmiryol vağzalında öldürməyi tapşırmışdılar.

Tuqanov təsvir edir - saatlarla perronda yorğun-arğın çamadanlarının üstündə otururlarmış.

Ancaq bizimkilər ora ən kasıblar kimi yola salınsalar da, göz qabağında Cəfər kimi parlağımız vardı ki, oralarda hər kəsi zəkası ilə, mühakimələri ilə heyran qoymağı bacarırdı, həmin dövrdə hər teatrın ehtiyac duyduğu müasir və kəsərli əsərləri bir-birinin ardınca yazaraq repertuarı zənginləşdirə, müasirləşdirə bilməsi ilə qibtə oyadırdı.

"Orada olimpiadada teatrın inkişafını tormozlayan əsas səbəbdən - repertuardan, öz repertuarının olmamasından danışmaq zəruriyyəti yarandı. Bizdə yalnız Cəfərin pyesləri vardı. Yazıçı dramaturqlara böyük tələbat vardı, teatrın onlara ehtiyacı vardı. Teatr artıq əvvəllər qoyulan tərcümə əsərlərindən öz əsl repertuarının relslərinə keçirdi".

Və o istiqamətdəki müzakirələr, mübahisələr başlananda bircə Cəfərin varlığı ilə özbəyin 450 nəfərlik qonaqlığı da, araqçını ilə xalatı da, gürcünün çərkəzkasıyla xəncəri də, digərlərinin orkestrləri, rəqs dəstələri də qalırdı kölgədə və bircə şəxsiyyətin gücü ilə Azərbaycan teatrı daha üstün, daha cazibəli görünürdü. Çox da ki, bu dahi ezamiyyət xərcləri xəsisliklə verildiyindən perronlarda gecələri sübh qatarınacan çamadan üstündə oturaraq mürgüləməyə məcburdu!

31 avqust 2026

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью