Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq strateji və hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi dialoqun intensivləşməsi, iqtisadi və enerji sahələrində irimiqyaslı layihələrin icrası, parlamentlərarası və humanitar əlaqələrin genişlənməsi bu münasibətlərin dərin və davamlı xarakter daşıdığını nümayiş etdirir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-BƏƏ Parlamentlərarası işçi qrupunun üzvü Pərvanə Vəliyeva deyib.
O bildirib ki, iki ölkə arasında münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır:
"Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə iki rəsmi və beş işgüzar səfəri, eləcə də BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi və işgüzar səfərləri siyasi etimadın yüksək səviyyədə olduğunu göstərir. 16 sentyabr 2025-ci il tarixində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Qarabağın incisi olan Şuşa şəhərinə səfər etmiş və ölkə başçısı ilə görüşmüşdü. Şuşa artıq Azərbaycanın diplomatik şəhərinə çevrilir. Görüşün məhz işğaldan azad olunmuş Şuşada baş tutması strateji bir addım idi.
Azərbaycan-BƏƏ münasibətlərində parlament diplomatiyası da fəal rol oynayır. Milli Məclisdə və BƏƏ Federal Milli Şurasında fəaliyyət göstərən dostluq qrupları, spikerlərin qarşılıqlı səfərləri və beynəlxalq parlament platformalarında birgə iştirak siyasi dialoqu tamamlayan mühüm komponentdir. Xüsusilə, 26-27 yanvar tarixlərində Milli Məclisin spikeri Sahibə Qafarovanın BƏƏ-yə səfəri, onun qadın parlamentarilərin 2-ci forumunda iştirakı parlamentlərarası əməkdaşlıqda humanitar və sosial gündəliyin güclənməsinə xidmət edir", - deyə deputat vurğulayıb.
İşçi qrupun üzvü vurğulayıb ki, iki ölkə arasında 50-dən artıq sənəd imzalanıb:
"2024-cü ildə imzalanan Strateji Tərəfdaşlıq haqqında Memorandum, 2025-ci ildə qüvvəyə minmiş Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi və Birgə Strateji Bəyannamə münasibətlərin hüquqi-siyasi çərçivəsini yeni səviyyəyə çıxarıb. Yaxın perspektivdə Bakı və Əbu-Dabi şəhərləri arasında qardaşlaşma (twinning) münasibətlərinin qurulması da gözlənilir ki, bu da şəhərsalma və urbanizasiya sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq. "City within a city" kimi iri urbanizasiya layihələri, enerji saxlama sistemləri, bank sektoru və aqrar sahədə planlaşdırılan layihələr əməkdaşlığın şaxələndirildiyini göstərir. Xüsusilə Abşeron, Biləsuvar və Neftçala layihələri ilə "yaşıl enerji" gündəliyində BƏƏ-nin aparıcı rolu diqqət çəkir. COP29 çərçivəsində də bu ölkə ilə birgə təşəbbüslər reallaşdırılmışdı.
Azərbaycan-BƏƏ iqtisadi münasibətləri sürətlə inkişaf edir. 2025-ci ildə ticarət dövriyyəsinin 88 faizdən çox artması, ixracın iki dəfə yüksəlməsi bu dinamikanın bariz göstəricisidir. Hazırda Azərbaycanda yüzlərlə BƏƏ şirkəti fəaliyyət göstərir. Qarşılıqlı investisiyalar isə artıq milyardlarla dollarla ölçülür. Bərpaolunan enerji sahəsində ölkəmizdə istifadəyə verilmiş ilk günəş elektrik stansiyası məhz bu əməkdaşlığın nəticəsidir. Yaxın illərdə bir neçə giqavatlıq yaşıl enerji istehsalı planı da ölkəmizdə BƏƏ-nin dəstəyi ilə reallaşacaq. "Masdar" şirkətinin Azərbaycanda inşa etdiyi nəhəng günəş elektrik stansiyası MDB məkanında ən böyük layihə hesab olunur. Enerji sektoru Azərbaycan-BƏƏ əməkdaşlığının əsas sütunlarından biridir. "Masdar", ADNOC və SOCAR arasında imzalanan sazişlər bərpaolunan enerji, neft-qaz hasilatı və beynəlxalq enerji bazarlarında birgə fəaliyyət üçün möhkəm zəmin yaradır. "Abşeron" yatağı, Cənub Qaz Dəhlizi və Əbu-Dabidəki investisiyalar bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. Nəqliyyat sahəsində artan tranzit həcmləri, intensiv hava əlaqələri və turizm axını iki ölkə arasında fiziki və iqtisadi bağlantının gücləndiyini göstərir", - müsahibimiz diqqətə çatdırıb.
P.Vəliyeva "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təliminin Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının təhlükəsizlik və müdafiə sahəsində yüksək səviyyəyə çatdığını nümayiş etdirildiyini deyib:
"Təlim iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı etimadı, operativ uyğunluğu və antiterror imkanlarını gücləndirməklə yanaşı, müasir təhlükəsizlik çağırışlarına birgə cavab vermək iradəsini ortaya qoyur. Prezidentlərin təlimi birgə izləməsi isə bu əməkdaşlığın siyasi səviyyədə də dəstəkləndiyini, regional və qlobal təhlükəsizliyə töhfə verən mühüm strateji əhəmiyyət daşıdığını təsdiqləyir.
Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı" mükafatına layiq görülüb və bu, Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin olunmasındakı rolunun beynəlxalq səviyyədə tanınması ilə yanaşı, örnək kimi tarixə düşdüyünü göstərir. Sülhə gedən yolda həlledici görüşlərdən biri də məhz Əbu-Dabi şəhərində keçirilmiş, sülhün vacib prinsipləri barədə burada razılığa gəlinmişdi. BƏƏ lideri Şuşa görüşü zamanı Azərbaycanın regionda sülh və əmin-amanlığın təmin olunmasında oynadığı rolu yüksək qiymətləndirdiyini bildirmişdi. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji, çoxşaxəli və uzunmüddətli tərəfdaşlıq modelinə çevrilib. Siyasi etimad, güclü normativ-hüquqi baza, iri investisiya layihələri və ortaq qlobal gündəlik bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini göstərir. Bu əməkdaşlıq həm regional, həm də qlobal miqyasda dayanıqlı inkişaf və qarşılıqlı fayda prinsiplərinə xidmət edən uğurlu model kimi çıxış edir", - deyə P.Vəliyeva fikrini yekunlaşdırıb.
Mərahim Nəsib