Pərvin Piriyev: “Hədəf ilk sıralarda yer almaqdır”

22.07.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev Bakıda keçiriləcək U-17 dünya çempionatında milli komandanın hədəfləri barədə danışıb.

İdman.Biz xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Piriyev hər yarışda məqsədlərinin yüksək nəticə əldə etmək olduğunu vurğulayıb:

“Hədəf ən yüksək yerləri tutmaq olmalıdır. Bu yaş keçid dövrüdür. İlk növbədə güləşçinin sağlamlığı önəmlidir. Hədəf ilk sıralarda yer almaqdır, amma bizim üçün prioritet deyil. İdmançıları yuxarı yaş qruplarına hazırlamağa daha çox diqqət yetiririk”.

Baş katib məğlubiyyətlərin də idmanın ayrılmaz hissəsi olduğunu qeyd edib:

“Qarşılaşdığın istənilən rəqibə qarşı qələbə qazanmaq iddiasında olmalısan. Lakin idmanın ayrılmaz bir parçası odur ki, həm də sən məğlub ola bilirsən və məğlub olduğun zaman təəssüf hissi keçirirsən. Bizim üçün bugün keçirilən dünya çempionatında məğlub olan zaman, hansısa bir təəssüf hissi keçirdiyimiz zaman bunun ölkə ilə fərqi yoxdur. Bu, səhvlərimizdən nəticə çıxarmaq, onlardan öyrənmək üçün bir imkandır. Ona görə də bizim üçün hər hansı bir ölkəni xüsusi fərqləndirmək niyyətimiz yoxdur və belə bir yanaşmamız mövcud deyil”.

Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.

Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.

Şəhriyar Səmədov

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью