Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035 ci ilədək 43 faizə çatdırılacaq

10.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Energetika naziri COP31-də külək enerjisinə investisiyalara həsr olunmuş tədbirdə iştirak edib

 Bakı, 10 noyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov COP31 çərçivəsində Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin himayəsi və dəstəyi ilə Türkiyə Külək Enerjisi Assosiasiyası (TÜREB) və Qlobal Külək Enerjisi Şurasının (GWEC) təşkil etdiyi “Külək enerjisinə investisiyaların sürətləndirilməsi: COP31 öhdəliklərindən tərəfdaşlıqlara” mövzusunda Nazirlər və İnvestorların Plenar İclasında əsas məruzəçi kimi çıxış edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir artan elektrik enerjisi tələbatının etibarlı və münasib qiymətli enerji ilə qarşılanmasında, eləcə də emissiyaların azaldılmasında külək enerjisinin əhəmiyyətini vurğulayıb. Bu sahəyə investisiyaların cəlbi üçün uzunmüddətli enerji alışı müqavilələrinin və investorlar üçün etimad mühitinin vacibliyi qeyd olunub. Bildirilib ki, hazırda bərpa olunan enerji üzrə ümumi qoyuluş gücündə külək enerjisi 14,3 faiz paya malikdir. Azərbaycanda bərpa olunan enerjinin ümumi elektrik enerjisi qoyuluş gücündə payının 2035-ci ilədək 43 faizə çatdırılmasına quru və dəniz külək elektrik stansiyaları mühüm töhfə verəcək. Xəzərin Azərbaycana mənsub hissəsinin 157 QVt-lıq külək enerjisi potensialından bəhs edən nazir dəniz külək layihələri üçün ərazilərin müəyyənləşdirildiyini, hüquqi bazanın yaradıldığını və 4 QVt-dan çox gücdə layihələrin planlaşdırıldığını bildirib.

Qeyd olunub ki, külək enerjisi “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvan vasitəsilə “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri olacaq. Transxəzər dəhlizi isə Qazaxıstan və Özbəkistanın külək enerjisinin Azərbaycan vasitəsilə daha geniş bazarlara çatdırılmasına imkan yaradacaq. Beynəlxalq maliyyə institutlarını, investorları və şirkətləri əməkdaşlığa dəvət edən nazir Pərviz Şahbazov deyib ki, Azərbaycan bu istiqamətdə tərəfdaşları ilə işləməyə hazırdır.

Tədbirdə Türkiyənin “Yaşıl Vətən Səfərbərliyi” layihəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovun adından ağac tinginin əkilməsinə görə təşəkkür sertifikatı təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью