Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən həftə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün brifinq keçirib. Müzakirə olunan məsələlərdən biri də Türkiyə ilə peşə sahəsində əməkdaşlıqla bağlı olub.
“Azərbaycan-Türkiyə arasında imzalanan protokolun icrası çərçivəsində qarşıdakı dövrdə Azərbaycan–Türkiyə birgə peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur. Yəni Azərbaycanda Türkiyə ilə əməkdaşlıq əsasında iki peşə təhsili müəssisəsi fəaliyyət göstərəcək. Bu müəssisələrdə təhsil alan məzunlar həm Azərbaycan diplomu, həm də Türkiyə qanunvericiliyinə uyğun peşə təhsili diplomu ilə təmin olunacaqlar”, - deyə o qeyd edib.
Maraqlıdır, bəs peşə təhsili sahəsində Türkiyə ilə əməkdaşlıq təhsilimizə nə vəd edir?
Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucovun sözlərinə görə, Türkiyə ilə peşə təhsili sahəsində əməkdaşlıq və Bakı ilə Qubada iki birgə müəssisənin yaradılması Azərbaycan təhsil sisteminin əmək bazarına inteqrasiyasını sürətləndirəcək və məzunların beynəlxalq rəqabətədavamlılığını təmin edəcək:
"Məzunların həm Azərbaycan, həm də Türkiyə qanunvericiliyinə uyğun diplom alması sənədlərin nostrifikasiya prosesini də aradan qaldırmış olur. Bu, beynəlxalq tanınma istiqamətində atılmış dəyərli addım kimi qiymətləndirilməlidir. Eyni zamanda, tələbələr əlavə imtahan vermədən Türkiyədə və bu ölkənin qlobal tərəfdaşlıq etdiyi xarici şirkətlərdə birbaşa işə düzəlmək imkanı qazanırlar ki, bu da regional məşğulluq miqyasının genişləndirilməsi naminə atılmış ciddi addımlardan biridir.
Həmçinin Türkiyənin gözəl sənətlər və peşə modelinin ölkəmizə transferinin faydalarına da toxunmaq lazımdır. Türkiyənin peşə təhsilində tətbiq etdiyi uğurlu rəqəmsal və sənaye modelləri Azərbaycanın təhsil proqramlarına adaptasiya olunacaq ki, bu da müasir kurikulumların peşə təhsilinə gəlməsi deməkdir. Eyni zamanda, tədrisin sırf əyani və istehsalata yönümlü formada qurulması diplomlu işsizlər problemini azaldacaq ki, bu da məzunlara praktiki üstünlük qazandıracaq".
Həmsöhbətimiz vurğuladı ki, birgə müəssisələrin yalnız paytaxtda deyil, həm də regionda, bəhs etdiyimiz müəssisələrin məhz Qubada açılması regionlarda kənd təsərrüfatı, turizm və xidmət sektorunun spesifik ehtiyaclarına uyğun kadr hazırlığına təkan verəcək:
"Yəni bütövlükdə, regionların sosial-iqtisadi inkişafından irəli gələn istiqamətlərdə peşə kadrlarının hazırlanmasına hədəflənir. Burada təkcə Bakı yox, həm də regionlarda bu kimi müəssisələrin açılması regional balansın qorunması və təmin edilməsi baxımından vacibdir. İlkin mərhələdə seçilmiş 5 strateji ixtisas ölkədə hazırda ən çox kadr qıtlığı yaşanan sahələrə həsr edilib. Bu da məhz ixtisaslara münasibətdə hədəfli yanaşmanı ortaya qoymuş olur.
Hər zaman haqqında danışdığımız dual təhsil, yəni biznes və təhsil sinerjisi baxımından da bu, çox böyük önəm daşıyır. Türkiyə modelinin əsasını təşkil edən “təhsildən istehsalata” prinsipi Azərbaycanda genişlənən dual təhsil və iş təcrübəsi proqramları ilə üst-üstə düşür ki, bu da işəgötürənlərlə inteqrasiya baxımından məzunlar üçün əlavə üstünlük deməkdir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən yüzlərlə Türkiyə şirkəti var ki, artıq yerli kadrları öz standartlarına uyğun hazır şəkildə tapacaq və bu da yerli biznes mühitini canlandıracaq. Həmçinin investisiya cəlbediciliyi baxımından bunun önəmi böyükdür".
Onun sözlərinə görə, mövcud vəziyyət belədir ki, peşə diplomunun xaricdə məhdud tanınması müşahidə olunur:
"Türkiyə ilə əməkdaşlıqdan sonra isə ikili diplom, ikiqat dövlət nümunəli diplom vasitəsilə birbaşa xarici iş bazarına çıxış imkanı genişlənəcək. Həmçinin mövcud vəziyyətdə nəzəriyyəyə əsaslanan və köhnəlmiş proqramlar üzərindən tədris həyata keçirilirdisə, Türkiyə ilə əməkdaşlıqdan sonrakı dövrdə müasir məzmun 5 müasir istiqamət üzrə sənaye tələblərinə uyğun kurikulumları özündə birləşdirəcək ki, bu da, təbii ki, müasir və gələcək əmək bazarı üçün çox ciddi kadr hazırlığı deməkdir.
Bu, Bakı və Quba timsalında regional mərkəzlərin gücləndirilməsi, peşə təhsilinin artıq regionlara transferidir. Biz bunu əslində əvvəlki illərdə də görmüşük. Dövlətin bu istiqamətdə yanaşması mükəmməldir. Qəbələdə, Şirvan şəhərində, eyni zamanda Lənkəranda və bir çox regionlarda artıq infrastruktur baxımından müasir və peşəkar kadrların, müasir peşə ixtisaslı kadrların hazırlanması naminə görülən işlərin daha da genişlənməsidir. Hesab edirəm ki, bu, həm də peşə təhsilinə yeni yanaşmanın və beynəlxalq təcrübənin gətirilməsidir.
Bu addım Azərbaycan peşə təhsilini ikinci dərəcəli təhsil imicindən çıxaracaq və onu birbaşa yüksək gəlirli və nüfuzlu karyera vasitəsinə çevirmək potensialına və imkanlarına şərait yaradacaq".
Aytəkin TOFİQQIZI