Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Peşə təhsili alan tələbələr müxtəlif səbəblərdən təhsil aldıqları ixtisası və ya müəssisəni dəyişmək istəyə bilərlər. Bu zaman onların belə bir imkanının olub-olmaması, köçürülmənin hansı qaydada həyata keçirilməsi və bunun üçün hansı şərtlərin tələb olunduğu maraq doğurur.
Bəs peşə təhsili müəssisələrində ixtisası və ya təhsil müəssisəsini dəyişmək mümkündürmü?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd etdi ki, peşə təhsilində 6 aylıq, 1 illik, 2 və 3 illik peşə təhsilləri var:
"Eyni zamanda yüksək peşə təhsili də var. Yüksək peşə təhsilinin üstünlüyü odur ki, yüksək peşə təhsilini bitirdikdən sonra universitetə subbakalavr olaraq müraciət edə bilirsən. Amma digər peşə təhsillərini bitirdikdə bu mümkün olmur. Hər il peşə təhsili alanların köçürülməsi prosesi baş verir və bu prosesdə peşə təhsilində oxuyan tələbələr bir ixtisasdan başqa bir ixtisasa və yaxud da bir peşə təhsil müəssisəsindən başqa peşə təhsil müəssisəsinə keçid etmək üçün müraciət edə bilirlər. Müraciət də Peşə Təhsili üzrə Dövlət Agentliyinin ümumi olaraq nəzarətində təhsil müəssisələri tərəfindən həyata keçirilir. Əgər transfer müsbət qəbul olunursa, həmin tələbə artıq oxuduğu təhsil müəssisəsindən müraciət etdiyi təhsil müəssisəsinə köçürülmüş hesab olunur və növbəti tədris prosesini orda davam etdirir".
Aytəkin TOFİQQIZI