Peşə təhsilinə qəbul başladı 33 mindən çox plan yeri ayrıldı

23.07.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

“Peşə təhsilinə maraq artmaqda davam edir. Bu bizi sevindirir və böyük məsuliyyət yaradır. Məqsədimiz hər bir gəncin dayanıqlı məşğulluq imkanlarını yaratmaqdır. Tələbə qəbuluna bu gün saat 10:00-dan start verilib. Portal.edu.az vasitəsiylə qeydiyyatdan keçmək mümkündür. 5 ixtisas seçmək olacaq. Nəticələr isə 14-15 avqust elan ediləcək. Namizədlərə tövsiyəmiz odur ki, zamanında qeydiyyatdan keşsinlər və maraqlarını nəzərə alsınlar”.

Redaktor.az xəbər verir ki, bunu  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün təşkil olunan media birifinqində qeyd etdi.

“2020-ci ildən etibarən peşə təhsilinə qəbul olunanların sayı 90% artıb. 2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yeri ayrılıb. Ayrılmış plan yerlərinin: 3 000-i ilk peşə təhsili səviyyəsinə aiddir, 27 260-ı texniki peşə təhsili, 2 860-ı yüksək texniki peşə təhsili. Cari tədris ili üzrə 28 140 tələbənin qəbul olunması hədəflənir”.

Direktor qeyd edib ki, dövlət sifarişi genişləndirilir və əlçatanlıq artır:

“Qəbul planının 74%-ni (24 425 yer) dövlət sifarişli yerlər təşkil edir. Dövlət sifarişli plan yerlərinin sayı son 4 ildə 52% artıb”.

Onun sözlərinə görə, əmək bazarının tələblərinə uyğun qəbul siyasəti həyata keçirilir:

“Qəbul planının 44%-i (14 580 yer) iqtisadiyyat, xidmət, informasiya texnologiyaları istiqamətini əhatə edir. Ən çox plan yeri ayrılan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, elektrik montyoru, əməliyyatçı mühasib, elektrik qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, avtomobillərin təmiri çilingəri və bitkiçilik mütəxəssisi yer alır”.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью