Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, dünyanın inkişaf etmiş ölkələrində müəllimlər də daxil olmaqla müxtəlif peşə sahibləri mütəmadi olaraq sertifikasiya və peşə qiymətləndirilməsindən keçirlər. Azərbaycanda keçirilən sertifikasiya imtahanları da müəllimlərin öz ixtisaslarına nə dərəcədə hakim olduqlarını, peşələrinə nə qədər məsuliyyətlə yanaşdıqlarını ortaya qoydu".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
O bildirib ki, bu proses gələcəkdə müəllimlərin daim öz üzərində işləməsinə və peşəkar inkişafına ciddi stimul verəcək:
"Sertifikasiya imtahanında uğursuz nəticə göstərən müəllimlərin əmək fəaliyyətinə xitam verilməsi istər-istəməz müəllimləri daha məsuliyyətli olmağa sövq edir. Bununla yanaşı, əvvəlki illərdə müxtəlif yollarla, ixtisası uyğun olmadan məktəblərdə çalışan şəxslərin də olduğu üzə çıxdı. Məsələn, ibtidai sinif müəllimi kimi çalışan, lakin həmin ixtisas üzrə təhsil almayan şəxslər var idi. Bu halların aradan qaldırılması öz ixtisasını bitirmiş, lakin iş tapa bilməyən gənc müəllimlər üçün də yeni imkanlar yaradır.
Sertifikasiyanın əsas məqsədi məktəblərdə yalnız öz ixtisasını bilən, peşəkar müəllimlərin fəaliyyət göstərməsini təmin etməkdir. Çünki müəllim öz fənnini kifayət qədər bilmirsə, şagirdə keyfiyyətli bilik verə bilməz. Hamımız bilirik ki, şagirdin təməli məhz ümumtəhsil məktəbində formalaşır. Tarix, riyaziyyat, Azərbaycan dili, biologiya və digər fənlər üzrə müəllimin peşəkarlığı uşağın gələcək inkişafına birbaşa təsir göstərir. Şagird hansı fənni sevərsə, gələcəkdə də həmin istiqamətə maraq göstərir.
Məhz buna görə də Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanlarının əsas məqsədi məktəblərdə peşəkar müəllim heyətini formalaşdırmaq, ixtisasına uyğun olmayan şəxslərin tədris prosesində iştirakının qarşısını almaqdır. Mən hesab edirəm ki, bu, düzgün və vaxtında atılmış addımdır.
Bununla belə, sertifikasiya sistemində müəyyən təkmilləşdirmələrə ehtiyac var. Məsələn, imtahanların hər üç ildən bir keçirilməsinin tərəfdarı deyiləm. Uzun illər yüksək nəticə göstərmiş, peşəkarlığını sübut etmiş müəllimlər üçün fərqli yanaşma tətbiq oluna bilər. Həmçinin əməkhaqqı ilə bağlı mövcud faiz fərqlərinin daha balanslı şəkildə tənzimlənməsi məqsədəuyğun olardı.
Ümumilikdə isə sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsini müəyyən edən vacib mexanizmdir. Hesab edirəm ki, bu islahatın müsbət nəticələrini yaxın 5–10 il ərzində təhsilimizin keyfiyyətində daha aydın şəkildə görəcəyik.