Icma.az, Azertag portalına istinadən məlumat verir.
“Həkimlərimizi tanıyın!” rubrikamızda yüksək peşəkarlığı, zəngin klinik təcrübəsi və kritik vəziyyətdə olan pasiyentlərin müalicəsində müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən, Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Anesteziologiya şöbəsinin yüksəkixtisaslı anestezioloq-reanimatoloqu Xəyal Məmmədovu Sizə təqdim edirik.
Anesteziologiya və reanimatologiya tibbin ən böyük məsuliyyət tələb edən sahələrindən biridir. Cərrahi əməliyyat zamanı pasiyentin həyati funksiyalarının təhlükəsiz şəkildə qorunması, anesteziyanın düzgün seçilməsi və aparılması, əməliyyatdan sonrakı dövrdə intensiv müalicənin təşkili xüsusi bilik, təcrübə və yüksək diqqət tələb edir. Xəyal Məmmədov uzunillik peşəkar fəaliyyəti ərzində məhz bu istiqamətdə zəngin klinik təcrübə formalaşdırmış mütəxəssislərdəndir.
Peşəkar fəaliyyət istiqamətləri
Xəyal Məmmədov Mərkəzi Gömrük Hospitalında cərrahi əməliyyatdan əvvəl pasiyentlərin ümumi vəziyyətinin qiymətləndirilməsi, fərdi xüsusiyyətlərinə uyğun anestezioloji taktikanın müəyyənləşdirilməsi və anesteziyanın aparılmasını həyata keçirir.
O, həmçinin əməliyyat zamanı pasiyentlərin həyati göstəricilərinin davamlı nəzarətdə saxlanılmasını, əməliyyatdan sonrakı dövrdə intensiv müalicə və müayinə taktikasının seçilməsini və aparılmasını təmin edir.
Xəyal həkimin fəaliyyət istiqamətlərinə əməliyyatdan sonra ağrısızlaşdırma, eləcə də müxtəlif regional anesteziya prosedurlarının həyata keçirilməsi daxildir.
Həkim Xəyal Məmmədov barədə daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz.
Tibbə aparan yol – təhsil və ilk peşəkar addımlar
Xəyal Məmmədov 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 1996–1997-ci illərdə Azərbaycan Tibb Universitetində anestezioloq-reanimatoloq ixtisası üzrə internatura təhsili alıb.
1997-ci ildə Müdafiə Nazirliyinin Baş Hərbi Klinik Hospitalında Təxirəsalınmaz Yardım və Anesteziologiya-Reanimasiya şöbəsində həkim-ordinator kimi peşəkar fəaliyyətə başlayıb. Sonrakı illərdə şöbə rəisi vəzifəsinə qədər yüksəlib.
2013–2019-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş anestezioloq-reanimatoloqu kimi fəaliyyət göstərərək, anesteziologiya və reanimatologiya sahəsində geniş klinik və təşkilati təcrübə qazanıb.
2019-cu ildən etibarən Xəyal Məmmədov Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Anesteziologiya şöbəsində anestezioloq-reanimatoloq kimi fəaliyyətini davam etdirir.
Beynəlxalq təcrübə və davamlı peşəkar inkişaf
Müasir tibdə biliklərin daim yenilənməsinin vacibliyini əsas götürən Xəyal həkim müxtəlif illərdə xarici ölkələrdə keçirilən ixtisasartırma və təkmilləşdirmə proqramlarında iştirak edib.
2015-ci ildə Almaniyanın Unna Nevroloji Klinikasında nevrologiya üzrə intensiv terapiya kursunda iştirak edib. 2017-ci ildə Almaniyanın Berlin şəhərində yerləşən “Bundeswehrkrankenhaus Şarite” klinikasının təhsil bazasında anesteziologiya-reanimatologiya üzrə ixtisasartırma kursu keçib.
2019-cu ildə Azərbaycan Tibb Universiteti və Türkiyənin Ankara Universitetinin təşəbbüsü ilə Bakıda keçirilən “Pediatrik reanimasiya və təcili pediatrik yardım” üzrə təlim kursunda iştirak edib. Həmin il Türkiyənin “Florence Nightingale” Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçərək, müasir anesteziologiya və intensiv terapiya üzrə bilik və bacarıqlarını daha da inkişaf etdirib.
Peşəkarlıq, məsuliyyət və müasir tibbi yanaşma
Xəyal Məmmədov özünə qarşı tələbkar, daim üzərində çalışan və peşəkar inkişafı əsas prioritetlərindən biri hesab edən həkimdir. O, dünya səhiyyəsində və tibbdə baş verən yenilikləri, qabaqcıl ölkələrin müasir müalicə yanaşmalarını və intensiv terapiya sahəsində əldə olunan son nailiyyətləri mütəmadi olaraq izləyir.
Uzunillik klinik təcrübəsini müasir tibbi biliklərlə birləşdirən Xəyal həkim pasiyentlərin təhlükəsizliyi, fərdi yanaşma və yüksək keyfiyyətli tibbi xidmət prinsiplərini öz fəaliyyətində əsas götürür. Xəyal Məmmədov 2016-cı ildən Azərbaycan Reanimatologiya və Anesteziologiya Cəmiyyətinin üzvüdür.
Daim üzərində çalışan, zəngin peşəkar təcrübəyə və yüksək məsuliyyət hissinə malik Xəyal Məmmədov Mərkəzi Gömrük Hospitalının peşəkar həkim kollektivində özünəməxsus yer tutur.