Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Sankt-Peterburq şəhərində avtomobilin partladılması nəticəsində ölən şəxsin Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə (HHQ və HHM) 6-cı ordusunun baş şturmanı olduğu məlum olub.
Modertor.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi Telegram kanalları öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə bu gün səhər saat 07:00 radələrində şəhərin Puşkin rayonunun Şuşarı qəsəbəsindəki Slavyanka mikrorayonunda, Kolpino şossesi yaxınlığında baş verib. Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, polkovnik rütbəli zabit evindən çıxaraq avtomobilinə əyləşib və həyətdən yola çıxdığı anda maşının alt hissəsinə yerləşdirilmiş partlayıcı qurğu məsafədən işə salınıb.Partlayış anında hərbçi avtomobilin salonunda tək olub və aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.
Rusiya İstintaq Komitəsi hərbçinin öldüyünü rəsmi şəkildə təsdiqləyib və faktla bağlı qətl maddəsi ilə cinayət işi açıb, lakin mərhumun kimliyini, rütbəsini və vəzifəsini hələlik açıqlamır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər cəlb olunub, Kolpino şossesində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bu, son üç ayda Sankt-Peterburqun həmin ərazisində yüksək rütbəli hərbçiyə qarşı törədilən ikinci analoji sui-qəsddir.
Belə ki, cari ilin 27 avqust tarixində də Slavyanka mikrorayonunda, indiki partlayış yerindən cəmi yarım kilometr məsafədə 6-cı ordunun podpolkovnikinin avtomobili partladılmış, zabit ölmüş, həyat yoldaşı isə ağır yaralanmışdı.