Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ni Yaxın Şərqdəki hərbi təhdidləri aradan qaldırmağa çağırıb.
Redaktor.az xəbər verir ki, Pezeşkian bu açıqlamanı İraqın baş naziri ilə telefon danışığı zamanı səsləndirib.
O, sosial şəbəkə platforması X-də yazıb: “ABŞ-ni bölgəmizdəki hərbi təhdidləri aradan qaldırmağa çağırdım. Şiə inancının davamçıları zorla məcbur edilə bilməz”.
"Tasnim News Agency"nin məlumatına görə, telefon danışığı zamanı İraq tərəfi Bağdadın İran və ABŞ arasında mümkün danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib. İraqın baş naziri Əli Falih əl-Zeydi bu təşəbbüsü humanitar və siyasi məsuliyyət kimi qiymətləndirib.
Pezeşkian isə qeyd edib ki, İran region ölkələri ilə münaqişə istəmir, lakin bəzi ölkələrdə yerləşən ABŞ hərbi bazalarının məktəblərə, xəstəxanalara və infrastruktur obyektlərinə qarşı hücumlarda istifadə olunduğunu iddia edib.
Bu arada Əl-Cəzirənin məlumatına görə, SEPAH Hörmüz boğazında yeni təhlükəsizlik planı açıqlayıb. Planın məqsədinin su yolu vasitəsilə regiondakı ABŞ hərbi bazalarına silah və sursat daşınmasının qarşısını almaq olduğu bildirilib.
Müşahidəçilər hesab edir ki, bu cür açıqlamalar regionda onsuz da yüksək olan gərginliyi daha da artırır və diplomatik dialoqun vacibliyini gündəmə gətirir.
Aminə ŞAHSUVARQIZI