Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian bu gün səhər saatlarından etibarən Xorasan-Rəzəvi ostanına səfərə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru Həbibullah Abbasi “İRNA” agentliyinə açıqlamasında bildirib.
O, prezidentin regional səfərinin proqramı barədə danışaraq, səfər çərçivəsində bir sıra görüşlərin, ixtisaslaşmış iclasların, obyektlərə baxışların, həmçinin ostanın problemləri və imkanlarının müzakirəsinə həsr olunmuş toplantıların keçirilməsinin planlaşdırıldığını deyib.
Həbibullah Abbasinin sözlərinə görə, bu gün səhər başlayan səfərin əsas məqsədi prezidentin bölgədə birbaşa iştirakı, əhalinin müxtəlif təbəqələri ilə söhbət etməsi, ostanın imkan və problemlərinin yerində araşdırılması, iqtisadiyyat, mədəniyyət, sosial sahə, təhsil, universitetlər və infrastrukturla bağlı mühüm məsələlərin izlənilməsidir.
Səfər müddətində Məsud Pezeşkian müxtəlif qrupların nümayəndələri və ayrı-ayrı sahələrdə fəaliyyət göstərən şəxslərlə görüşəcək.
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, regionlara səfərlər hökumətin əhali və yerli rəsmilərlə birbaşa əlaqələrinin gücləndirilməsi, onların problemlərinin və tələblərinin dinlənilməsi, bölgələrin potensialının daha dəqiq öyrənilməsi, eləcə də mövcud çətinliklərin aradan qaldırılması üçün praktiki həll yollarının izlənilməsi baxımından mühüm fürsətdir.